Azərbaycanda hansı sahələrdə nə qədər əmək haqqı verilir?

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 510,8 manat təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əmək haqqı neft sektorunda 2 min 877,8 manat, qeyri-neft sektorunda 456,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 393,8 manat, özəl müəssisələrdə isə 674,6 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 2 min 844,6 manat, ən aşağı əmək haqqı isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb - ayda 220,3 manat. Bunlardan başqa təhsil sahəsində orta aylıq nominal əmək haqqı 335,2 manat, tikintidə 748,6 manat, maliyyə və sığorta sahəsində 1319,2 manat, ticarət sektorunda 385,5 manat, informasiya və rabitə sahəsində 803,9 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top