Otellər içki və yemək satışından 62,9 milyon manat qazanıblar

Yola saldığımız 2017-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2016-cı illə müqayisədə 18,2 faiz artaraq 283,7 milyon manat olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bunun 67,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 22,2 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 191,8 milyon manatı (67,6 faizi) xarici vətəndaşlara göstərilən xidmətlər nəticəsində formalaşıb.

Məhsul (xidmət) istehsalına çəkilən xərclər 221,6 milyon manat olub ki, onun 30 faizini əmək haqqı xərcləri, 16,1 faizini içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 7,6 faizini yanacaq və enerji xərcləri, 7,4 faizini bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,2 faizini əsas fondların amortizasiyası, 2,5 faizini avadanlıq və inventarın alınması xərcləri, 29,2 faizini isə digər xərclər təşkil edib.

2017-ci ildə mehmanxanalarda gecələmələrin sayı 2 milyon 579,7 min adam-gecə olubdur ki, bu da əvvəlki illə müqayisədə 21,4 faiz çoxdur. Gecələmələrin 61,2 faizi Bakıda, 8,1 faizi Qəbələdə, 5 faizi Xaçmazda, 3,9 faizi Qusarda, 3,1 faizi Qubada, 2,7 faizi Naftalanda, 1,7 faizi Lənkəranda, 1,4 faizi Gəncədə, hər birində 1,1 faiz olmaqla Kürdəmirdə və Mingəçevirdə, 0,9 faizi Tovuzda, hər birində 0,8 faiz olmaqla Ağstafa və Şamaxıda, hər birində 0,5 faiz olmaqla Qax və Masallıda, 7,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

2016-cı illə müqayisədə mehmanxanaların xidmətlərindən istifadə edən əcnəbi turistlərin sayı 26,3 faiz artaraq 981 min nəfər olub. Yerləşdirilən xarici ölkə vətəndaşları arasında Rusiya vətəndaşları 14,4 faiz, Böyük Britaniya vətəndaşları 8,1 faiz, Türkiyə vətəndaşları 7,3 faiz, İran vətəndaşları 7,2 faiz, ABŞ vətəndaşları 3 faiz, Ukrayna vətəndaşları 2,3 faiz, Almaniya vətəndaşları 2,2 faiz, İtaliya vətəndaşları 1,8 faiz, Gürcüstan vətəndaşları 1,5 faiz, digər ölkələrin vətəndaşları 52,2 faiz təşkil edib. Əcnəbilər üzrə gecələmələrin sayı 24,7 faiz artaraq 1 milyon 195,9 min adam-gecə olub. Mehmanxanalarda yerləşdirilən şəxslərin ümumi sayı 2016-cı illə müqayisədə 25,6 faiz artaraq 1 milyon 409,5 min nəfərə çatıb ki, onların da 30,4 faizini Azərbaycan vətəndaşları təşkil edib.

Mehmanxanalarda çalışan işçilərin orta illik sayı 9 min 911 nəfər olub və bir işçiyə düşən orta aylıq əmək haqqının məbləği 558,8 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top