Azərbaycanın Gürcüstandan aldığı məhsulların dəyəri 2,4 dəfə artıb

Bu ilin yanvar-mart ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 76,4 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2,4 dəfə və ya 45,2 milyon dollar artıb. Belə ki, ötən ilin ilk 3 ayı ərzində Gürcüstandan Azərbaycana 31,2 milyon dollar dəyərində məhsul ixrac edilib. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 3-cü ölkə olub. Cari ilin ilk 3 ayında Gürcüstanın ümumi ixracının 10,3%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerlərdə Rusiya (ilk 3 ay ərzində 98,2 milyon dollar) və Türkiyə (ilk 3 ay ərzində 93,5 milyon dollar) gəlir. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul satdığı ölkələr arasında Bolqarıstan (62,9 milyon dollar), Ermənistan (54,6 milyon dollar), ABŞ (35,7 milyon dollar), Ukrayna (31,4 milyon dollar) və Rumıniya (27,2 milyon dollar) yer alır.

3 ay ərzində Azərbaycan Gürcüstana 24,8 milyon dollar dəyərində elektrik enerjisi satıb

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 3 ayında Azərbaycandan 193,8 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 9,9% və 17,6 milyon dollar artıb. Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi 3-ci ölkədir. Gürcüstan son 3 ay ərzində Türkiyədən 311,1 milyon, Rusiyadan 212,9 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Çin (182,3 milyon dollar), Ukrayna (107,4 milyon dollar), Almaniya (98,5 milyon dollar), Fransa (92,1 milyon dollar), Ermənistan (80,5 milyon dollar) və ABŞ (74,2 milyon dollar) gəlir.

Onu da bildirək ki, son 3 ay ərzində Gürcüstan Azərbaycandan 120,5 milyon dollar dəyərində neft məhsulları idxal edib. Bundan başqa son 3 ay ərzində Azərbaycandan Gürcüstana 24,8 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunub.

Gürcüstanın xarici ticarət dövriyyəsində ixrac 28,4%, idxal 23,3% artıb

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 2 milyard 823,8 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 23,3% çoxdur. Qonşu ölkənin ixracı 28,4% artaraq 740,3 milyon dollar, idxal isə 21,6% artaraq 2 milyard 83,4 milyon dollar təşkil edib. Bu ilin ilk 3 ayı ərzində xarici ticarətdə 1 milyard 343,1 milyon dollarlıq mənfi saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top