Gürcüstandan gətirilən avtomobillərin sayı kəskin artıb, qiymətlər isə aşağı düşüb

Bu ilin yanvar-fevral ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 43,7 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2,4 dəfə və ya 25,2 milyon dollar artıb. Belə ki, ötən ilin ilk 2 ayı ərzində Gürcüstandan Azərbaycana 18,5 milyon dollar dəyərində məhsul ixrac edilib. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 3-cü ölkə olub. Cari ilin ilk 2 ayında Gürcüstanın ümumi ixracının 9,8%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerlərdə Rusiya (ilk 2 ay ərzində 61,9 milyon dollar) və Türkiyə (ilk 2 ay ərzində 53,9 milyon dollar) gəlir. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul satdığı ölkələr arasında Bolqarıstan (34,6 milyon dollar), Ermənistan (29,6 milyon dollar), Rumıniya (20,9 milyon dollar), ABŞ (20,3 milyon dollar) və Ukrayna (17,2 milyon dollar) yer alır.

Son 2 ay ərzində Gürcüstandan Azərbaycana 876 ədəd avtomobil gətirilib

Gürcüstandan Azərbaycana 2 ay ərzində 16,1 milyon dollar dəyərində avtomobil ixrac olunub. Son 2 ay ərzində Gürcüstandan Azərbaycana 876 ədəd avtomobil gətirilib və bir ədəd avtomobilin orta qiyməti 18,4 min dollar təşkil edib. Keçən illə müqayisədə qonşu ölkədən gətirilən avtomobillərin sayı 7,2 dəfə və 754 ədəd çox olub. Məlumat üçün bildirək ki, ötən ilin ilk 2 ayında Gürcüstandan gətirilən avtomobillərin orta qiyməti 25,8 min dollar olub. Bundan başqa siqaret (ilk 2 ay ərzində 5,6 milyon dollar) və əczaçılıq məhsulları da (4,5 milyon dollar) ən çox ixrac olunan məhsullardan olub.

Azərbaycan Türkiyədən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi 2-ci ölkədir

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 2 ayında Azərbaycandan 138,5 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 14,2% və 17,3 milyon dollar artıb. Azərbaycan Türkiyədən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi 2-ci ölkədir. Gürcüstan son 2 ay ərzində Türkiyədən 188,9 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Rusiya (136,6 milyon dollar), Çin (112,7 milyon dollar), Ukrayna (67,6 milyon dollar), Almaniya (59,5 milyon dollar), Ermənistan (58,3 milyon dollar) və ABŞ (43,3 milyon dollar) gəlir.

Onu da bildirək ki, son 2 ay ərzində Gürcüstan Azərbaycandan 89,8 milyon dollar dəyərində neft məhsulları idxal edib. Bundan başqa son 2 ay ərzində Azərbaycandan Gürcüstana 18,2 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunub.

Gürcüstanın xarici ticarət dövriyyəsində 790,7 milyon dollarlıq mənfi saldo yaranıb

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 2 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 683,5 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 16,3% çoxdur.
Qonşu ölkənin ixracı 25,5% artaraq 446,4 milyon dollar, idxal isə 13,3% artaraq 1 milyard 237,1 milyon dollar təşkil edib. Bu ilin ilk 2 ayı ərzində xarici ticarətdə 790,7 milyon dollarlıq mənfi saldo yaranıb.

Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 16,8%-i), ferroərintilər (11%) və minik avtomobilləri (8,5%) daxildir. Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft, neft məhsulları və yanacaqlar (ümumi idxalın 16,5%-i) və minik avtomobilləri (5%) olub.

DİGƏR XƏBƏRLƏR

Top