“Son 10 ildə Azərbaycanda böyrək alqı-satqısı olmayıb”

"Azərbaycanda 3406 xəstə dövlət hesabına hemodializ müalicəsi alır. Xəstələrdən ən kiçiyinin 6, ən böyüyünün isə 84 yaşı var". Bunu Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib. Xəstələrdən 1922 nəfərinin kişi, 1484 nəfərinin isə qadın olduğunu vurğulayan şöbə müdirinin sözlərinə görə, 1226 yeni xəstə hemodializ müalicəsinə qəbul edilib. F. Babayev bildirib ki, ötən il ölkədə böyrək çatışmazlığı ilə bağlı 638 ölüm faktı qeydə alınıb: "392 ölüm faktı regionların payına düşüb. 2016-cı ildə ölüm göstəricisi 20,2% təşkil edirdisə, ötən il bu rəqəm 18,6%-ə enib. Xroniki böyrək çatışmazlığı xəstələrinin sayında artım var. Bu dünyanın hər yerində belədir. Xəstələrin sayının artması onun inkişaf etməsi demək deyil. Böyrək çatışmazlığı əsasən rütubət olan regionlarımızda və qərb rayonlarında daha geniş yayılıb". O qeyd edib ki, indiyə kimi 758 xəstəyə böyrək köçürülməsi əməliyyatı icra edilib. Fariz Babayev deyib ki, son 10 ildə Azərbaycanda böyrək alqı-satqısı faktı qeydə alınmayıb. "Azərbaycanda son 10 ildir ki, xəstələrə böyrək köçürülür. İnsanlar böyrəklərin alqı-satqısı haqda çox danışırlar, lakin danışılanların heç bir əsası yoxdur. Heç bir tibb mərkəzində belə bir əməliyyat icra olunmayıb. Azərbaycan vətəndaşları Pakistanda, İranda, Türkiyədə öz böyrəklərini könüllü kiməsə verə bilirdilər. Lakin ölkəmizdə belə bir fakta rast gəlinməyib". Səhiyyə Nazirliyinin sektor müdiri Elxan Əzizovun orqanların alqı-satqısına qanuni şəkildə icazə verilməsi ilə bağlı təklifinə də münasibət bildirən şöbə müdiri qeyd edib ki, burada müəyyən neqativ hallar baş verə bilər: "Məsələn, insanlar öz orqanlarını satmaqda maraqlı ola bilərlər. Həkimin işi böyrək köçürmə əməliyyatını icra etməkdir. Məsələnin sosial və hüquqi bazası mütəxəssislər tərəfindən hazırlanır. Böyrək köçürmə əməliyyatı da ağır əməliyyatdır. Burada düzgün böyrəyin seçilməsi vacibdir. Azərbaycan qanunvericiliyinə görə isə donorluq məsələsi ancaq ailə üzvlərinin iştirakı ilə həll olunur".APA

DİGƏR XƏBƏRLƏR

Top