Ustad Aşıq Ədalətə hələ də başdaşı qoyulmayıb - OĞLU DANIŞDI

Aşıq Ədalətin dəfnindən 6 aya yaxın vaxt ötür, ancaq bu günədək ustad sənətkara başdaşı qoyulmayıb. Bu barədə saytımıza Qazax rayon sakinlərindən biri məlumat verib. O, dediklərinə sübut kimi saytımıza ustad aşığın məzarının fotolarını da göndərib.

Yeniavaz.com saytının əməkdaşı bu və digər məsələlərlə bağlı Aşıq Ədalətin oğlu Hekayət Nəsibovla söhbətləşib.

- Hekayət müəllim, atanız, ustad Aşıq Ədalətə dəfnindən bir neçə ay ötməsinə baxmayaraq, bu günədək başdaşı qoyulmamasının səbəbi nədir?

- Bəli, qəbirüstü abidə hələ qoyulmayıb. Bunu özümüz edirik - "Qazax" Xeyriyyə İctimai Birliyi və mən. Bununla bağlı fikir ayrılıqları var. Əvvəl istəyirdik böyük bir qəbirüstü abidə düzəltdirək, sonra qərara gəldik ki, qəbiristanlıqda buna ehtiyac yoxdur. Bir az kiçik ölçüdə qəbirüstü abidə olacaq. Bu yaxınlarda iş başlanacaq, abidə daşları artıq sifariş verilib.

Əlbəttə, vəsait olsaydı, biz atama böyük bir abidə düzəldəcəkdik, vəsait olmadığından... Biz gedib kiməsə deyəsi deyilik "mənə pul ver".

Öz gücümüzə, müəyyən vəsait var əlimizdə. Mənim özümün, Qazaxın fəxri insanlarından biri - Sultanxanım xanımın, İlham müəllimin köməkliyi ilə öz gücümüzə bir şeylər edəcəyik, inşallah, bu yaxında. Eskizləri almışıq, sifarişini vermişik.

- Mədəniyyət və Turizm Nazirliyi dəstək olacaq deyə bir gözləntiniz varmı?

- Dövlət tərəfindən bizə heç bir kömək yoxdur, ancaq özümüz.

- Müraciət etmişdinizmi?

- Yox, müraciət olunmayıb. Mən şəxsən müraciət edəsi deyiləm. Niyə etməliyəm? Konkret Mədəniyyət və Turizm Nazirliyilik burada iş yoxdur.

- Deyilənə görə, Aşıq Ədalət qəbrinə sazının qoyulmasını vəsiyyət edib, amma buna əməl olunmayıb. Həqiqətən, belədirmi?

- Özü istəmədi. Qərara gəlmişdi ki, "mənim sazım çox insanlara maraqlı olacaq, gələcəkdə görmək istəyənlər olacaq", ona görə...

Sazının sinəsini sökdürüb uzun illər idi saxlayırdı. Demişdi "sazımın sinəsini qoyarsınız yanıma", elə də etdik. Dəfnində iştirak edənlər bunun şahidi oldular. Şəkillərdə, videolarda var. 50 il çaldığı sazın sinəsi onun yanındadır. Özü elə istədi.

- Aşıq Ədalət əvəzolunmaz bir sənətkar idi və onun yoxluğu sənət aləmində getdikcə daha çox hiss olunacaq, bəlkə boşluğu doldurulmayacaq. Bəs bir övlad olaraq atanız dünyasını dəyişəndən sonra həyatınızda nə dəyişdi? Deyilənə görə, qonaq-qaralı bir insan olub.

- Mənim atam idi, valideynim idi. Bir ata kimi mənim ona həmişə ehtiyacım olacaq. Bütün övladların ataya, böyüyə, ağsaqqala həmişə ehtiyacı var. Tək bir valideyn itirdiyimə görə deyil, həm də böyük bir sənətkar itirdiyimizə görə çox kədərlənirəm. Yeri çox görünür. Aşıq sənətində belə bir sənətkar bu gün yoxdur. Aşıq Ədalət sazı qaldırdı dünyanın başına, bu gün böyükdən kiçiyə hamı saz çalmaq istəyirsə, əlbəttə, bunlar Aşıq Ədalətin sayəsindədir. Rəhmətlik özü deyirdi ki, vaxt vardı insanlar əllərinə saz almağa utanırdılar.

Allahdan arzu edirəm bizim insanlar belə də davam etsinlər, sazı sevsinlər, hörmət eləsinlər həmişə.

- Nəsildə onun yolunu davam etdirənlər varmı?

- Yox. Aşıq ədalət belə gəldi, belə getdi. Kimsə sazı çala, "dınqıldada" bilər, amma ikinci bir adam aşıq Ədalət ola bilməz. Möhürünü vurmuş insandır.

Nizami Gəncəvi "Oğlum Məhəmmədə nəsihət" şeirində yazırdı:

- Şeirdən ucalıq umma dünyada,

- Çünki Nizamiylə qurtardı o da.

Bu misalı atam bizə də çəkmişdi.

- Hekayət müəllim, "facebook" sosial şəbəkəsində "Qazax-Ağstafa" səhifəsi atanızın dəfni ilə bağlı paylaşım etmişdi, yüzlərlə həmyerliniz orada sual verirdi ki, niyə Aşıq Ədalət Fəxri Xiyabanda dəfn olunmayıb?

- Bəli, "Qazax-Ağstafa" səhifəsində yazılanları mən də oxudum, həmişə izləyirəm. İnsanlarımız sağ olsunlar bu diqqətə görə. Vallah, belə məsləhət oldu. Burada bir az qarışıq məsələlər var. Bir dəfə soruşdu ki, "ölümlü dünyadır, bəs məni harada dəfn edəcəksiniz?". Mən də ona demişdim ki, səni Bakıda dəfn edəcəyəm. Çox narazı oldu, mənim sualıma cavab vermədi. Sözün düzü, mən istəyirdim onu Bakıda dəfn edim. Dostlar, tanışlar, belə məsləhət gördülər ki, onu vəsiyyətinə uyğun olaraq Qazaxda dəfn edək. Amma hərdən düşünürəm ki, gərək onu Bakıda dəfn edəydik. Hətta Fəxri Xiyabanda yer verməsələr belə, Bakıda dəfn edəydik. Bir daha deyirəm, Qazaxda dəfn olunmasını özü istəmişdi.

- Niyə atanızın Bakıda dəfn olunmasını istəyərdiniz?

- Çünki bu gün hamımız Bakıdayıq, mən istədiyim vaxt onun məzarını ziyarət edə bilmirəm. Bakıda yaşayan tanışlar da həmçinin. Qazaxda doğulub, Qazaxda böyüyüb, ürəyi də son anında oranı istəyib. Qazax deyəndə Səməd Vurğun, Aşıq Ədalət yada düşür...

- Qazaxda hansısa küçəyə atanızın adının verilməsini istəyərdinizmi?

- Var belə bir plan, ancaq mən onu qabaqcadan demək istəmirəm. Nəzərdə tutulub, yəqin olacaq gələcəkdə.

- Qazax Rayon İcra Hakimiyyəti atanızla bağlı məsələlərdə həssaslıq nümayiş etdirirmi?

- Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb müəllimdən Allah razı olsun. Biz ondan çox-çox razıyıq. Məclisi onun dəstəyi ilə yola salmışıq. Bizə çox dəstəyi dəyib, sağ olsun. Elə bir başçı mən deyərdim bəlkə Azərbaycanda heç olmayıb.

- Hekayət müəllim, atanız zarafatcıl, baməzə bir insan idi. El arasında belə bir söhbət yayılıb ki, guya bir vaxtlar atanız sizi də götürüb gedib Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna. Ona deyib ki, "oğlumu bir işə qoy, heç olmasa, mən öləndə başdaşı qoydura bilsin". Həqiqətən, belə bir hadisə olubmu?

- Atam çox zarafatcıl insan idi. Ancaq elə bir hadisə, söhbət olmayıb. İnsanlar bəzəyir, çox şeyləri də onun adına yazıb deyirlər. Konkret bu dediyiniz məsələ olmayıb.

Mən 20 ilə yaxındır ki, gömrük sistemində işləyirəm. Ola bilər atam məni işə qoyanda deyib ki, "oğlum işləsin, hamımıza yiyə dursun, kömək eləsin". Amma konkret hansısa nazirin qəbulunda belə bir şey deməyib.

Şükür Allaha, indiki dövrdə heç kimin ölüsü ortada qalmayıb, kimsənin qəbiri başdaşısız qalmayıb. Harada işdəməyimizdən asılı olmayaraq, biz onsuz da onu edəcəyik.

- Deyilənə görə, Aşıq Ədalət dünyasını dəyişdiyi evdə kirayədə qalırmış...

- Doğrudur. Atam 17 il idi Bakıdaydı, nə qədər məcbur elədim "gəl, mənimlə yaşayaq", razılaşmadı. Mənim evim var, amma istəmədi. Təkliyi sevən insan idi. Tək yaşadı, kirayədə yaşadı. Xəstə olanda da orada yatdı, amma dünyasını dəyişəndə mənim evimdən götürüldü.

- Bəs Qazaxdakı evi?

- Qazaxdakı evdə yaşayanlar var. Qardaşımın uşaqları orada yaşayır.

- Sonda demək istədiyiniz, bizim soruşmadığımız nə isə bir şey varmı?

- Sizə cansağlığı arzu eləyirəm. Allah xalqımızı var eləsin, millətimizi var eləsin. Elimizin igid, mərd, səxavətli oğlanlarının Allah canını sağ eləsin. Mən yenə də deyirəm, başda Rəcəb müəllim olmaqla, İlham müəllim olmaqla, Sultanxanım kimi Koroğlu cürətli xanım olmaqla, Firdovsi Umudov kimi əzizimiz, qardaşımız, dostumuz olmaqla. Firdovsi Umudov çox əziyyət çəkdi bizim üçün. Belə insanlar sağ olsun, var olsun, Azərbaycanda belələri çox olsun. Onların hamısından öz razılığımı bildirirəm.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top