Avropada kişi sünnətini ilk qadağan edən bu ölkə ola bilər

İslandiyada kişi sünnətini qadağan etməyi nəzərdə tutan qanun layihəsi ölkə parlamentinə təqdim edilib.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədəki müsəlman və yəhudi icmaları qanun layihəsinin əleyhinə çıxış ediblər. Əgər layihə qanuniləşərsə, İslandiya kişi sünnətini qadağan edən ilk Avropa ölkəsi olacaq.

Parlamentdəki partiyalar qanun layihəsini dəstəkləsə də, hələlik qanun təklifi səsverməyə qoyulmayıb. Təklifə əsasən, tibbi ehtiyac yaranmadığı müddət ərzində 18 yaşdan kiçik oğlan uşaqlarının sünnət edilməsi qadağan olunacaq.

Qanunu pozaraq tibbi ehtiyac xaricində sünnət etdirənləri 6 il müddətinə həbs cəzası gözləyir. 18 yaşını tamamlamış gənclər isə sünnət edib-etməməkdə özləri sərbəst qərar verəcəklər. İslandiyada bəzi siyasətçilər sünnəti “ibtidai adət” kimi qiymətləndirir.

Qeyd edək ki, dünyada hər 3 kişidən biri sünnət edilib. Təxminən 336 min əhalisi olan İslandiyada 1500 müsəlman və 250-yə yaxın yəhudi yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top