Neçə gündür sosial şəbəkədə fotosu yayılan Mustafa danışdı: "Qızımın da gözündə problem var"

"Bura Goranboydur. Qızın atası kəndin heyvanlarına cavabdehdir, çünki kəndin çobanıdır. O isə atasına cavabdehdir, atası kordur. Bu balaca qız sanki atasının gözləri olmaq üçün dünyaya gəlib, başqa bir seçimi yoxdur. Goranboyun Ağcakəndində gördüyüm gündən bəri yadımdan çıxmır bu böyük ürəkli qızcığaz... Abbas Atilay". Neçə gündür sosial şəbəkədə hamı bu fotodakı qızdan və onun atasından danışır, yuxarıdakı cümlələr yazılmış postu paylaşır, dualar edirlər. Ancaq demək olar ki, internet məkanında bu şəxslərin kimliyi, güzəranları, həyatları barədə ətraflı məlumata rast gəlinmir. Odur ki, bu ailəni tapıb vəziyyətləri ilə maraqlandıq. Məlum oldu ki, fotodakı şəxs Mustafa Mustafayevdir. Mustafa Mustafayev Yeniavaz.com saytına açıqlamasında çoxlarını maraqlandıran sualları cavablandırdı.

- Mustafa dayı, xeyli vaxtdır sosial şəbəkədə qızınızla birgə fotonuz yayılıb, hamı sizinlə maraqlanır...

- Başına dönüm, biz Goranboya qədim Göyçə mahalından gəlmişik. Mən orada orta məktəbi təltifnamə ilə oxumuşam. Sonra sətəlcəm olmuşam, burnumda qanaxma əmələ gəlib, çox çətin vəziyyətlərə düşmüşəm, ölüm ayağında qalmışam. Sonra ayılmışam və gözüm görməyib. 2 dəfə Odessaya getmişəm, Moldovada olmuşam, Moskvaya, Volqoqrada, Soçiyə, Gürcüstana getmişəm Sovetin vaxtında, heç bir xeyiri olmayıb. Gözümə gələn damarlardadır problem. Sonra anam dünyasını dəyişib, atam isə başqa yerə çıxıb gedib.

Özüm də elə ailəm, uşağım, vəziyyət çətindir, həkimə getməyə imkanım yoxdur. 170 manat pensiya alıram. Çətinliklə dolanan bir adamam. Budur mənim həyat tərzim.

- Neçə övladınız var? Onları necə dolandırırsınız?

- 4 övladım var. Heç bir əl qabiliyyətim yoxdur, bir saz çala bilirəm. Dövlətin pensiyası ilə birtəhər, çətinliklə dolanıram. Kənd həyatıdır, çox heyvan saxlamağa imkanım yoxdur. İki inəyim var.

İnəklər örüşdən gəlməyəndə qızımın əlindən tutur, onların dalınca gedirəm. Qışda isə - bir uçuq tövləm var, bir az imkanlı adamlardan xahiş edirəm, heyvanını gətirib tövləmdə saxlayıram. Ot-ələfini özü verir, mən onun heyvanına baxdığıma görə dolanışığıma köməklik edir. Vəziyyətimiz çətindir, başına dönüm.

- Hər yerə qızınızın köməyi ilə gedirsiniz?

- Bəli, o fotoda gördüyünüz mənim qızımdır, adı Qənirədir. Yaşca Qənirədən böyük olan övladım da var, ondan kiçik olan da. Qənirə məni uşaqlıqdan çox istəyir, mən də onu istəyirəm. Evdə, çöldə məni o hərləyir, o gəzdirir.

Sonbeşik oğlum 1-ci sinifdə oxuyur, əqli cəhətdən zəifliyi var. Həkimə aparmalıyam, imkanım yoxdur, apara bilmirəm. Abbas Atilay adında bir qardaş var, bir-iki il əvvəl məni Gəncəyə həkimə apardı. Qızımı da mənimlə bərabər həkimə göstərdi. Qızımın gözündən daim su axır, müalicə elədilər su dayandı, indi yenə başlayıb.

İmkansızlıqdan həkimə apara bilmirəm.

- Bəs bu uşaqdan əvvəl sizə kim kömək edirdi?

- Bakıda böyük qardaşım var, hacıdır. O, getdi İrana, ürəyindən əməliyyat olundu. Ondan sonra mənim həyatımda çətinliklər başladı. Çox çətinliklərə düşdüm. Çünki o qardaşım məni o qədər ürəkdən çox istəyirdi ki, ona ata deyirdim. İndi də deyirəm. Həmin qardaşım məni saxlayıb, məni evləndirib...

İcazə versəniz, bir bənd şeir deyərdim...

- Buyurun...

- Dəmirçiyəm şəhərə də, kəndə də

Şükürüm var, şadlıqda da, qəmdə də

O varlığa səcdə edən bəndədə

Sağlam canı, xoş iqbalı var görüm.

Şairin sözünün qüvvəti mən varlığıma, balalarıma, öz həyatıma, İlahinin məsləhətinə şükür eləmişəm, naşükür adam olmamışam.

Əvvəl qardaşım işləyirdi - qəssab idi, vəziyyəti yaxşı idi, hər problemlərimi həll edirdi. Amma indi onun imkanı yoxdur, heç öz problemlərini tam həll edə bilmir.

- Elə insanlar var ki, adi bir problemdən ruhdan düşürlər, hətta intihar edirlər. Ancaq sizin bu iradəniz çoxlarına nümunə olmalıdır...

- Allah rəhmət eləsin, Alqayıt yazırdı:

Ümidim var gələcəyə, ölmürəm,

Çarxı dönmüş necə deyir, bilmirəm

Yaxşılar qul olur, yaman əlində...

Bilirsən, hər kəsin bir fikri, düşüncəsi var, mən də balalarıma, öz həyatıma, öz güzəranıma... Allahın məsləhətidir, gözüm görməsədə, həmişə şükür eləmişəm, ümidlə yaşamışam, gələcəyə inamla baxmışam ki, ola bilər gözüm də açılar, ola bilər dövlət mənə öz köməkliyini eləyər, balalarım da böyüyər, onlara baxıb ürəyim açılar. Ona görə həmişə inamla yaşamışam.

- Fotonuz sosial şəbəkələrdə yayılandan sonra sizinlə maraqlanan olubmu?

- Mən Abbas Atilay qardaşımıza öz minnətdarlığımı bildirirəm. Çox maraqlanan olub, Çexiyada yaşayan azərbaycanlılarımız maraqlanıblar. Oğlum internetdə baxıb oxuyur, mən qulaq asıram. Bildiriblər ki, adıma bir bank hesab açılsa, köməklik edərlər.

- Bəs niyə açdırmırsınız?

- Vallah, bir söz deyərəm, amma bəlkə də mənə yaraşmır. Pensiyalar gəlməyib, adi yol pulum yoxdur ki, gedəm Goranboya bu haqda orada danışam, deyəm.

- Kənddən Goranboya getmək üçün sizə nə qədər yol pulu lazmdır?

- Rayona getmək üçün yol pulu 1 manat 40 qəpikdir. 1 adamın gedib-gəlməsi üçün 2 manat 80 qəpik lazımdır.

- Tez-tez şeir deməyinizdən belə başa düşdüm ki, şeirə, ədəbiyyata bağlı adamsınız.

- Həyatdır, o qədər fikir çəkmişəm, artıq yadımda çox şeylər qalmır. Amma mən Göyçədəki illəri, aşıq Hacı Bayramovu, Alqayıt müəllimi yaxşı xatırlayıram. Mənim anam onların kəndlisidir. Seyidbayram ağanın kəndində - Daşkənddə göz açmışam, 88-ci ilə qədər orada yaşamışam. Sazı aşıq Hacı Bayramovdan, Alqayıt müəllimdən öyrənmişəm, onların, Aşıq Ələsgərin sözlərini öz gözlərimlə oxuyub, əzbərləmişəm. O vaxtdan nə öyrənmişəmsə, odur. Şeirlər olur, qızım, oğlum deyir "ata, bunu da öyrən", amma yadımda qalmır. Artıq 50 yaşım var...

- Hər şeydən danışdıq, ancaq qızınızla birgə yayılan fotonuzun necə çəkildiyini demədiniz.

- Biz tərəfdə Ağbulaq deyilən bir yer var, mənzərəli yerdir, inəklər o tərəfə gedir. Bir gün qızımın əlindən tutub heyvanları axtarmağa gedəndə Abbas Atilay görüb və biz bilmədən çəkib. Allah bütün yaxşı adamların köməyi olsun...

- Çox sağ olun ki, suallarımızı cavablandırdınız, özünüz barədə məlumat verdiniz. İnşallah, bu müsahibədən sonra sizə köməklik edənlər tapılar. Həm dövlət, həm də soydaşlarımız tərəfdən.

- Sən dövlət sözünü dedin, yaralı yerimə toxundun. Mən Prezident İlham Əliyevdən köməklik istəyirəm. Uşaqlar bir də görürsən dərsdən gəlirlər və deyirlər ki, "ata, məktəbdən bu dəftəri, bu kitabı istəyirlər", imkanım çatmır almağa, uşaqlar məndən narazı qalırlar. Mən də utanıram, öz uşağımın qarşısında özümü aciz hiss eləyirəm ki, balalarımın istəyini yerinə yetirə bilmirəm. Onları həkimə də aparmağa imkanım yoxdur.

Bir neçə gündür mənə vaxt qoyublar ki, içməli suyunu gəlib kəsəcəyik. 250 manat su pulu borcum yığılıb, ödəyə bilmirəm. Çox imkansızam, mən dəstəyi Prezidentdən, dövlətdən istəyirəm. Prezidentdən xahiş edirəm ki, pensiyamda mənə köməklik olunsun, kommunal borclarım bağışlansın, imkanım yoxdur.

Mustafa Mustafayevlə söhbətləşəndən sonra onun oğlu Əli Mustafayevlə də danışdıq. Əli deyir ki, atası həkimə gedib gözlərini müayinə etdirməyə çox da maraqlı görünmür: "Özü bəzən deyir ki, həkimə getmək istəmirəm, biz narazılıq edirik ki, "niyə istəmirsən, get, bəlkə müalicə olunacaq düzələcək". Atamın fotosunu çəkən Abbas adlı şəxs azərbaycanlıdır, ancaq Türkiyədə yaşayır. Bir qardaş kimi, soydaşımız kimi istəyib ki, paylaşsın. Atamın gözləri görmür, amma savadlı adamdır, anlayışlı insandır, hər şeyi başa düşəndir. Çox yerə bacımla gedir, tək heç bir yerə gedə bilməz. Hər yerə gedəndə bacım aparır. Atam çox ümidli adamdır, inanır ki, bir gün ona kömək edən tapılacaq"...

Sonda Mustafa Mustafayevə yardım göstərmək istəyən şəxslərə əlaqə üçün onun oğlu Əli Mustafayevin nömrəsini yazırıq. +994 50 978 20 32.

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top