Sumqayıtda ailə qız olduğu üçün uşaqdan imtina edib - FOTOLAR

Bəzi ailələrin qız uşaqlarına qarşı biganə münasibəti barədə çox eşitmişik. Ancaq fotosunu təqdim etdiyimiz bu azyaşlı qız uşağı ilə bağlı vəziyyət daha dəhşətlidir. Belə ki, ailəsi dünyaya qız olaraq gəldiyi üçün bu uşaqdan imtina edib. Hazırda uşaq Sumqayıt şəhər 5 nömrəli xəstəxanada saxlanılır. Bu barədə "Yeniavaz.com" saytına uşaqla görüşən, onun fotolarını çəkib tibb bacıları ilə həmsöhbət olan şəxslərdən biri məlumat verib. Uşağın fotolarını bizə göndərən həmin şəxsin sözlərinə görə, tibb bacıları bildiriblər ki, 4 aydan çoxdur ki, ailəsi ondan imtina edib: "Uşaq tibb bacılarının nəzarətindədir, vəziyyəti yaxşıdır. Tibb bacıları bildirdilər ki, bu ailəsi tərəfindən imtina edilərək bura gətirilən ilk qız uşağı deyil - 4 belə uşaq olub. Dediklərinə görə, onlardan 2-i uşaq evlərinə yerləşdirilib, 1-i isə xəstə olduğu üçün ölüb. Xəstəxanada qalan yeganə uşaq bu qızdır. Tibb bacıları bildirdilər ki, yəqin bu uşaq da yaxın vaxtlarda körpələr evinə yerləşdiriləcək. Uşağı ilk dəfə görəndə, bu barədə eşidəndə dəhşətə gəldik, axı ailəsi qız olduğu üçün ondan necə imtina edə bilər? Buna necə ürəkləri gəlib? Anlamağa çətinlik çəkirəm. Sağ olsunlar, tibb bacıları uşağın fotolarını çəkməyimə etiraz etmədilər. Sizə göndərirəm ki, ictimailəşdirəsiniz. XXI əsrdə belə ailələr də var, çox təəssüf".

Həmin şəxsin bizə göndərdiyi fotoları təqdim edirik.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top