Daxili İşlər Nazirliyi bazarda 20000 manata olan "BMW-320" markalı avtomobilləri 5200 manata satır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Çatal Broyler“, “Ləki Sinklənmiş qablar”, “Oğuz Kəndkimya“, “Sabirabad İnşaat Sənaye” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 130 min manatdan çoxdur. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Yevlax, Şəki, Mingəçevir, İsmayıllı, Siyəzən, Şəmkir və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kv.m ilə 2 min kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Sumqayıtda yerləşən "Bolluq" bazasıdır. Adı çəkilən əmlak 444 min 500 manata təklif edilir. Torpaq sahəsi 13 min kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1445 kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 110-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 11 kv.m ilə 304 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Şirvanda yerləşən 30,3 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 1875 manat təşkil edir. Həmçinin paytaxtın Qaradağ rayonunda yerləşən, sahəsi 16,8 kv.m olan, ilkin start qiyməti 4 min 500 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Müxtəlif növ nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Alman istehsalı olan BMW markalı maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 1500 manatla 5200 manat arasında dəyişir. 2007-ci il istehsalı olan 7 ədəd "BMW-320" markalı avtomobilin hər birinin qiyməti 5200 manat olub. Məlumat üçün qeyd edək ki, hazırda 2007-ci il istehsalı olan "BMW-320" markalı avtomobillərin qiyməti avtomobil bazarında 16-20 min manat arasında dəyişir.

DİGƏR XƏBƏRLƏR

Top