Benzin və dizelin qiymətinin artacağı ilə bağlı mühüm SƏBƏB

Bu ilin dövlət büdcəsində aksiz vergisindən daxil olan vəsaitlərin həcmi kəskin şəkildə artacaq.

Yeniavaz.com xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin 726 milyon manatının aksiz vergisindən toplanacağı nəzərdə tutulub.

Qeyd edək ki, bu rəqəm 2017-ci ildə bundan 19,4% və 118 milyon manat az olub. Xatırladaq ki, Maliyyə nazirliyi 2018-ci ilin dövlət büdcəsinin təqdimatında qeyd edirdi ki, aksiz vergisinin artması benzinin daha çox istehlak olunacağı ilə əlaqədardır. Yəni, Maliyyə Nazirliyi belə hesab edir ki, ötən illə müqayisədə bu il ölkədə benzindən daha çox istifadə olunacaq. Lakin qeyd edək ki, son 4 ildir Azərbaycanda əsas yanacaq növlərindən olan və toplanan aksiz vergisində böyük paya sahib olan avtomobil benzini və dizelin istehsalı aşağı düşür.

Ötən ilin ilk 11 ayının məlumatına görə, Azərbaycanda 2 milyon 816 min avtomobil benzini və dizel istehsal edilib. Halbuki 2014-cü ilin analoji dövründə bu göstərici 3 milyon 768 min ton olub.

Qeyd edək ki, 3 milyon 768 min ton yanacağın istehsal olunduğu 2014-cü ildə 784 milyon manat aksiz vergisi toplanıb. 2018-cı ildə 726 milyon manatlıq aksiz vergisinin toplanması üçün avtomobil benzini və dizel istehsalının yenidən 3,5 milyon tonu keçməsi lazımdır. Bu isə istehsalın təxminən 25% artması halında mümkün ola bilər.

Son 3 ildir davamlı olaraq aşağı düşən istehsalın birdən-birə kəskin şəkildə artacağının heç bir iqtisadi əsası yoxdur. Bu halda nəzərdə tutulan aksiz vergisini toplaya bilmək üçün ya benzin və dizelin qiyməti artırılmalı, ya da bu məhsullara tətbiq edilən aksiz vergisinin dərəcələri qaldırılmalıdır.

Qeyd edək ki, 2014-cü ildən etibarən avtomobil benzininə (Aİ-92) 65%, dizelə isə 18% aksiz vergisi tətbiq olunur.

DİGƏR XƏBƏRLƏR

Top