Müğənniliyə başlayıb uğur qazana bilməyən məşhurlar - SİYAHI

Müğənnilik çətin sənətdir. Xüsusən, əgər saatlarla toyda canlı mahnı ifa edirsənsə, lap çətindir. Təsəvvür edin, biz şadlıq evində bir toyda iştirak edib evə qayıdandan sonra oradakı səs-küyün təsirindən saatlarla başımızın ağrısı kəsmir, onlar isə hər gün saatlarla toyda canlı musiqilər ifa edir, səs-küyə dözməli olurlar. Amma bunun qarşılığında yaxşı da pul qazanırlar. Yəqin elə bu səbəbdəndir ki, müğənniliklə əlaqəsi olmayan sənət sahibləri arasında da müğənniliyə başlayan məşhurlar kifayət qədərdir. Mahnı yazdırıb onun reklamına kifayət qədər pul xərcləyən, klip çəkdirən məşhurlar arasında elə şou-biznes dili ilə desək, "tutuzdura" bilməyənlər az deyil. Hətta onların bəzilərinin müğənnilik cəhdi o qədər uğursuz olub ki, sonradan bu "qabiliyyətləri" tamamilə yaddan çıxıb. "Yeniavaz.com" illər öncə müğənniliyə başlayıb, lakin "tutuzdura" bilməyən məşhurların siyahısını hazırlayıb.

- Kamran Həsənlini bir neçə il öncəyədək aparıcı olaraq televiziya efirlərində demək olar hər gün görürdük. Özünü həm də şoumen kimi təqdim edən Kamran Həsənlinin toylarda tamadalıq etməklə yaxşı pul qazandığı bildirilirdi. Sonradan aparıcı özü də ifaçılığa başladı. Adətən öz verilişlərində ifa edən K. Həsənli sonradan başqa verilişlərdə də mahnılar oxumağa başlamışdı. Lakin onun səsi ürəyəyatan olmadığı üçün tamaşaçılar tərəfindən çox da bəyənilmədi. Elə buna görə də Kamran düşündüyünün əksinə olaraq müğənnilikdən pul qazana bilmədi.

- Sevilən aktyor Fərda Xudaverdiyev indiki işindən yaxşı pul qazana bilmədiyi vaxtlarda toylarda aparıcılıq etdiyini müsahibələrində dəfələrlə açıqlayıb. Maraqlıdır ki, illər öncə Fərda Xudaverdiyev də ifaçılığa başlamışdı. Onun ifa etdiyi mahnılar bir neçə kanalda nümayiş olunurdu. Aktyor mahnısına klip də çəkdirmişdi. Lakin onun ifası da çox bəyənilmədi və müğənni bu işdən pul qazana bilmədi. Müğənniliyi isə demək olar unuduldu.

- Azərbaycanın xalq artisti, tanınmış kaman ustası Habil Əliyevin oğlu Rəvan Habiloğlu illər öncə daha çox bəstəkar kimi tanınırdı. Lakin sonradan o da müğənniliyə başladı. Deyilənə görə, atası Habil Əliyev onun müğənniliyə başlamasına qarşı olub və buna görə aralarında narazılıq yaşanıb. Rəvan Habiloğlunun klipləri də uzun müddət televiziya ekranlarında nümayiş olunub, lakin nədənsə, sonradan Rəvan müğənnilik fəaliyyətinə fasilə verib. R. Habiloğlu mətbuata açıqlamasında bəstəkar kimi yaradıcılığa davam etdiyini bildirib, müğənniliyin daşını isə birdəfəlik atmadığını vurğulayıb. Rəvan Habiloğlu da müğənnilikdən pul qazana bilməyənlərdəndir.

Rəqqasə Fatimə Fətəliyeva da bir neçə il öncə müğənniliyə başlamışdı. El şənliklərində daha çox rəqs nömrələri ilə çıxış edən Fatimə, müğənnilik etməklə də pul qazanmaq istəyirdi. Lakin onun da bu istəyi reallığa çevrilə bilmədi - ifası uğur qazanmadı. Rəqqasə televiziya efirlərində də bir neçə dəfə ifalarını səsləndirmişdi.

- Şou-biznes jurnalisti kimi məşhurlaşan Vüqar Kamiloğlu da müğənniliyə başlayanlardandır. O, tez-tez ifaları ilə televiziya verilişlərində qonaq olur, hətta kliplər də çəkdirir. Ona dəstək olanlardan, ifa etməsi üçün mahnı bəstələyənlərdən biri də əməkdar artist Tünzalə Ağayevadır. Lakin Vüqar Kamiloğlu da hələ ki, "tutuzdura bilməyən"lər siyahısındadır.

- Bəstəkar-aparıcı kimi tanınan Murad Arif də müğənniliyə başlayıb. Aparıcı müsahibəsində bildirib ki, 2 ilə yaxındır vokal dərsləri alır: "İlk ifa etdiyim "Həyat yoldaşımsan" adlı mahnım çıxandan sonra inanılmaz maraq və dəstəklə qarşılandım. Bütün bunlar əlbəttə ki, adama həvəs, qol-qanad verir. Yaradıcılıq işlərim bununla bitmir. Artıq iki yeni mahnım aranjemandadır. Yaxın günlərdə bütün medianı ifaçı kimi ilk klipimin təqdimatına dəvət edəcəyəm. Çox rəngarəng, zərif və zövqlü bir klip alınıb. Fotoları və klipimi Fərhad Ali çəkib. Güman edirəm ki, ilk klipimdə yanılmamışam". Lakin aparıcının müğənni kimi "tutuzdura biləcəyini" demək bir qədər çətindir. Çünki ifaları ilə hələ ki, yadda qala bilmir...

- Xalq artisti, tanınmış aktrisa Məleykə Əsədova da bir neçə il öncə müğənniliyə başlayıb. Bu illər ərzində o, ifa etdiyi mahnıları efirlərdə səsləndirib, hətta klip də çəkdirib. Lakin aktrisanın ifası birinci sənətini üstələyə bilməyib.

- "Space TV"nin tanınmış aparıcısı, aktyor Əkbər Əlizadə də müğənnilik etməyə cəhd göstərənlərdəndir. Əkbər Əlizadə ifası ilə uğur qazana bilməyib. Aktyor bir müddən öncə həyat yoldaşı ilə də duet oxuyub.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top