“Azərbaycanda dərsliklər təhsilə yox, repetitorluğa xidmət edir” - Kamran Əsədov

Təhsil eskperti Kamran Əsədov “Yeniavaz.com”a müsahibə verib.

- Valideynlər ibtidai sinifdə oxuyan övladlarına ev tapşırıqlarında kömək edə bilirmirlər. Səbəb kimi onu göstərirlər ki, dərslər çətindi, izah etmək olmur. Sizcə bunun səbəbi nədir?

- 2008-ci ildən etibarən Azərbaycan orta ümumtəhsil məktəblərində tədris prosesi yeni standartlarla qurulmağa başlayıb. Yəni kurikulum standartları. Kurikulum təəssüflər olsun ki, Azərbaycan dərsliklərində və təhsilində reallaşa bilməyib. Biz elə düşünürük ki, ən yaxşı dərslik ağır dərslikdi. Azərbaycan orta məktəblərinin ibtidai sinifləri üçün çap olunmuş dərsliklərin informasiya yükü həddindən artıq ağırdı. Bu yaxınlarda Türkiyədən gəlmiş ekspertin təlimində iştikar etdim. O bizim üçün dərsliklərdəki informasiya hesablama qaydalarını dedi. Yəni, bir səhifədə nə qədər fakt, söz ola bilər. 4-5-ci siniflər üçün olan dərsliklərin bir səhifəsində olan informasiyaları hesabladıq. Ortaya belə bir nəticə çıxdı: bizim 4-cü siniflər üçün hazırlanan kitablarımız dünya standartlarına görə 28-29 yaşlı insanların informasiya götürmə yükünə bərabərdir. Dərsliklərimizin informasiya yükü şagirdlərimizin yaşına və psixologiyasına uyğun deyil. Bü gün Azərbaycanda dərsliklər təhsilə yox, repetitorluğa xidmət edir. Bizim dərsliklərimizi müəlliflər ona görə ağırlaşdırır ki, şagirdlərə çətin olsun, valideynlərdə kömək edə bilməsin. Nəticədə valideynlər müəllimlərə müraciət etsinlər.

Məsələn, mənim qızım 6 yaşın içindədi, onu hazırlıq qrupuna qoymuşam. Təsəvvür edin, hələ məktəbə başlamayıb, sərbəst yazıb oxuya bilir. Hesablama, vurma cədvəli və bir çox şeyi bilir. Belə şey olar, qardaş?! Bunları da bilməsə sonra çətinlik çəkəcək. Mən məcbur qalıb qızıma uşaqlığını yaşatmıram, bahalı özəl məktəbə qoyub yükləyirəm. Təkcə mən yox başqa valideynlərdə məcburdu ki, boğazından kəsib uşaqlarını repetitor yanına qoysunlar.

- Dərsliklərin hazırlanmasına hansı qurum nəzarət edir?

- Dərsliklərə nəzarət edən bir qurum yoxdur. Çünki, təhsil nazirliyi sifariş verir. Deyir ki, dövlətin standartlarına cavab verən dərsliklər yazın. Amma burada mübahisəli məsələ var. Həmin o standart reallaşmasa belə təhsil nazirliyinin elan etdiyi tenderə bir neçə müəllif daxil olur. Dövlətin müəyyən etdiyi qiymətləndirmə balı var. Məsələn, 100 balı keçən dərslik qalib elan olunur. Amma, tutaq ki, 5 dərslik tenderə daxil olub, heç biri 100 bal yığmayıb. Hətta 1, 2, 3, 4 və 5 bal yığılıb. Təhsil nazirliyi məcbur olur tenderdə qalib glməyən amma ən yüksək bal toplayan dərsliyi ən keyfiyyətsiz olsa belə qəbul edib orta məktəblərə göndərir. Yəni, pislərin içərisindən biraz pisi götürüb məktəblərə veririk. Şagirdlərimiz hədsiz dərəcədə yüklənir. Əvvəlki illərdə illərlə müqayisə etsək, bu gün 1, 2, 3-cü siniflərin informasiya yükü əvvəlki illərin 9-10-cu sinifinə uyğun gəlir. Hətta şagirdlər 1-ci sinifdə çətin riyazi və məntiqi tapşırıqları da yerinə yetirməlidirlər. Valideynlərin uşaqlarının dərslərinə kömək edə bilməməsi sadəcə müasir standartları bilməməsi ilə əlaqəlidir. İbtidai siniflər üçün nəzərdə tutulan dərsliklər olduqca ağırdı. İnformasiya yükü çoxdur.

- Ev tapşırıqları anlayışı kurikuluma görə necə olmalıdır?

- Kurikuluma görə ev tapşırıqları olmamalıdır. Şagirdlər məktəbdə bunu etməli və bu proses bitməlidir. Şagird evdə çalışma etməməlidir. Bu dövlətin tələb etdiyi standartdır.

- Bu tətillərdə verilən tapşırıqlara da aiddirmi?

- Tətil o demək deyil ki, şagird 7-10 günlük müddətdə də boş durmalıdır. Tətil müddətində sinif rəhbəri şagirdin tətil günlərindəki fəaliyyət planını hazırlamalıdır. Şagird hansı fənlərdə çətinlik çəkirsə ev tapşırığı verməlidir. Amma bu o demək deyil ki, bütün fənlərdən tapşırıq verilməlidir. Məsələn, riyaziyyat müəllimi bilməlidir ki, hansı şagird bu və ya digər dəsrlərdən çətinlik çəkir. Həmin tətil günlərində fəaliyyət planı tərtib etməlidir. Bunlar sənəd üzərində var.

- Sizin bu problemlə bağlı ekspert kimi təhsil nazirliyinə təklifləriniz olubmu?

- Bəli, bütün çıxışlarımda, tədbirlərdə də demişəm ki, ibtiadi sinif dərslikləri sadələşdirilməlidir. Dövlətin standartları sadələşdirilməlidir. Şagirdlərin yaş psixologiyalarına uyğun olmayan test tapşırıqları, ifadələr, materiallar dərsliklərə verilməməlidir. Şagirdin yaşına uyğun gələn tədris planı olmalıdır. Dövlətin dəsrlik üzrə müəyyən idarəsi, qurumu olmaldır. Mən özüm də dərslik müəllifiyəm. İki ay müddətinə dərslik yaza bilmərik, biz. Bizə iki ay vaxt verilir. Dünya təhsil sistemində ortaya normal dərslik çıxarmaq üçün 3-4 il vaxt verirlər. Amma bizdə deyirlər ki, iki aya elə dərslik yaz ki, heç yerdə belə bir şey olmasın, tamam fərqli olsun. Qardaş, Amerikanın Amerika olması üçün 235 il vaxt keçir. Bizdə isə iki ay vaxt verirlər ki, dünya standartlarına cavab verən dərslik yaz. Azı 200 səhifəlik dərliklərdi. 60 günə bu necə mümkün ola bilər?! Necə yoxlaya, redaktə edə bilərsən?! Ana dünyaya uşaq gətirməsi üçün 9 ay vaxt keçməlidir. Dəsrlik müəllifinin iki aya yazdığı kitab təbii ki, problemli olmalıdır. Necə ki, iki aya dünyaya gələn uşaq qüsurlu olur.

- Normal sivil ölkələrdə “ev tapşırığı” anlayışı varmı?

- Məsələn, Finlandiya, Cənubi Koreya, Tailand, Sinqapur kimi təhsilin çox yüksək olduğu ölkələrdə orta məktəblərdə şagirdlərə ev tapşırığı verilmir. Orda məktəb məktəbdə qalır. Çünki, evin öz funksiyası var, məktəbin öz funksiyası. Bizdə isə təhsillə bağlı proseslər qarışıb biri-birinə. Belə olmaz. Bu yaxşı hal deyil.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top