“Azəri-Çıraq-Günəşli”də neft hasilatı azalmaqda davam edir CƏDVƏL

2017-ci ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 160 milyon barel (22 milyon ton) və ya gündə orta hesabla 585 min barel neft hasil edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə gündəlik hasilat 9,2% və ya 59 min barel, ümumi hasilat isə 9,1% və ya 16 milyon barel azalıb. Gündəlik hasilat - Çıraq plantformasında 52 min, Mərkəzi Azəridə 133 min, Qərbi Azəridə 120 min, Şərqi Azəridə 80 min, Dərinsulu Günəşlidə 119 min və Qərbi Çıraqda 81 min barel olub.

2017-ci ilin ilk 9 ayı ərzində AÇG-də ümumilikdə 114 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 11,7% və ya 12 ədəd artıb, injektor quyularının sayı isə dəyişməz qalıb.

Rəqəmlərdən də göründüyü kimi, AÇG yatağında quyuların ümumi sayı 147-dan 159-a yüksəldiyi halda neft hasilatı 176 milyon bareldən 160 milyon barelə düşüb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top