Xarici ölkələrə ən çox hansı məhsullar satılır? SİYAHI

Bu ilin 10 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 219 milyon dollar həcmində olub və bu ixrac əməliyyatlarında 1723 subyekt iştirak edib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 23 faizdən çox artıb. Cari ilin 10 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində bu ölkəyə 424 milyon dollar dəyərində məhsul ixrac olunub. Növbəti yerləri isə Türkiyə (243 milyon dollar), İsveçrə (115 milyon dollar), Gürcüstan (108 milyon dollar) və Türkmənistan (48 milyon dollar) bölüşür.

2017-ci ilin 10 ayı ərzində ixrac edilən qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci (131,5 milyon dollar), qızıl ikinci (98,5 milyon dollar), qabığı təmizlənmiş meşə fındığı isə üçüncü (88,6 milyon dollar) yeri tutub. Ümumiyyətlə isə 10 ay ərzində meyvə- tərəvəz ixracı 375 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 98 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 80,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 67,2 milyon, kimya sənayesi məhsullarının ixracı 65,5 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayı ərzində elektrik enerjisinin ixracı 90 faiz, çayın ixracı 68 faiz, meyvə-tərəvəzin ixracı 39 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 3 faiz artıb. Cari ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə 475 subyekt tərəfindən 149,6 milyon dollar dəyərində ixrac əməliyyatları həyata keçirilib. Oktyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, xurma, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, xiyar və kornişonlar, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, tomat, aşqarlanmamış alüminiumdan qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, ağ şəkər, xüsusi kütləsi 0,94- dən az olan ilkin formalı polietilen, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağları və məhsulları, qara metallardan neft-qaz buruqlarının qazılması üçün qaynaq yeri olmayan digər nasos-kompressor boruları, kimyəvi toxuculuq materiallarından böyük tutumlu elastik keçid konteynerləri, dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış digər burulmuş çubuqlar, qara metallardan xarici diametri 406,4 mm-dən çox olan digər qaynaq edilən borular və s. olmuşdur.

Oktyabr ayında qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 26,6 milyon dolları, xurmanın ixracının dəyəri 21,6 milyon dolları, qızılın ixracının dəyəri 17,2 milyon dolları təşkil edib. Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında birincilik Rusiyaya məxsus olub. Sonrakı yerlərdə isə Türkiyə, İsveçrə, İtaliya, Gürcüstan və digər ölkələr qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top