Komitədən təzadlı açıqlama: 240 min yeni iş yeri açılıb, 90 min insan işlə təmin olunub

1 yanvar 2014-cü ildən 1 oktyabr 2017-ci il tarixinə qədər olan dövr ərzində Azərbaycanda ümumilikdə 679,4 min olmaqla 502 min daimi iş yerləri açılıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, təkcə bu ilin ilk doqquz ayı ərzində ölkədə 239,7 min yeni, o cümlədən 150,9 min daimi iş yerləri açılıb. İş yerlərinin 60,3 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 22,5 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 76,7 faizi regionların, o cümlədən 35,8 faizi Aran, 10,5 faizi Gəncə-Qazax, 10,1 faizi Lənkəran, 5,4 faizi Yuxarı Qarabağ, 5,2 faizi Abşeron, 3,5 faizi Şəki-Zaqatala, 3,0 faizi Dağlıq Şirvan, 2,9 faizi Quba-Xaçmaz, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Məlumat üçün bildirək ki, Statistika Komitəsinin bu ilin oktyabr ayının 1-nə olan məlumatına görə, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 71,6 min nəfər olub və onlardan 4 milyon 821,2 min nəfərini məşğul əhali təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,87% və ya 93,3 min nəfər, məşğul əhalinin sayı isə 1,88% və ya 89,8 min nəfər artıb.

Açıqlanan rəqəmlərdən belə görünür ki, bu ilin ilk 9 ayı ərzində ölkədə 239,7 min yeni iş yerinin aşılmasına baxmayaraq məşğul, yəni işləyən əhalinin sayı bundan 2,7 dəfə az (89,9 min) artıb. Burdan belə nəticəyə gəlmək olur ki, yeni iş yerlərinin açılmasına baxmayaraq onların əksəriyyətində heç kim işləməyib.

Açıqlanan digər bir məlumatda isə göstərilir ki, bu ilin ilk doqquz ayı ərzində ölkədə 33,9 min iş yeri bağlanıb.

Açılan yeni iş yerlərinin sayının 239,7 min, bağlanan iş yerlərinin sayının 33,9 min olduğunu nəzərə alsaq o zaman 205,8 min yeni iş yerində bir o qədər sayda insan işlə təmin olunmalıydı. Lakin, bu qədər iş yerinə rəğmən son bir ildə yeni işə başlayan insanların sayı bundan 2 dəfədən az olub - 89,9 min nəfər.

DİGƏR XƏBƏRLƏR

Top