Azərbaycan şou-biznesində QOHUMuna görə tanınanlar - SİYAHI

Adətən bir vəzifəli şəxsin yaxın qohumu vəzifəyə gətiriləndə insanlar arasında müxtəlif söz-söhbətlər yayılır. Məsələn, iddia edilir ki, bir ailədən ikinci şəxsə vəzifə verilibsə, birinci şəxsin dəstəyi ilə olub. Hətta vəzifəyə gələn şəxs kifayət qədər savadlı, bacarıqlı şəxs olanda belə, yenə eyni fikirlər səsləndirilir. Bu isə səbəbsiz deyil. Söhbət ondan gedir ki, ailə üzvlərindən biri, yaxud yaxın qohumu yüksək vəzifədə olan şəxslərin Azərbaycan reallığında yaxşı bir işə düzəlmə və yaxud işlədiyi işdə yüksək vəzifəyə çəkilməsi şansı çox böyükdür.

Ədəbiyyat ailəmində də "atalar və oğullar" söhbəti var və belə şəxslərlə bağlı da müxtəlif fikirlər səsləndirilir. Lakin bütün hallarda bu bir reallıqdır ki, qabiliyyəti, savadı, istedadı, mədəniyyəti olmayan bir şəxs hətta yaxınlarından birinin dəstəyi ilə vəzifəyə gətirilsə belə, uzun müddət uğur qazana bilmir və tez-gec bir "oyun" çıxarır.

Şou-biznes, incəsənət aləmində də öz yaxınlarına dəstək olan, bir-birinə kömək olub sənət yolunda irəliləməsinə şərait yaradan məşhurlar az deyil. Hər halda səsi, sənəti, qabiliyyəti olmayan adama da şou-biznesdə nə qədər dəstək göstərilsə belə, uğur qazana bilməyəcək. Zaman-zaman bunun şahidi olmuşuq. Lakin əksinə, sənəti, səsi olub öz qohumunu üstələyənlər də az deyil.

"Yeniavaz.com" olaraq Azərbaycan sənət aləmində, şou-biznesində qohum oların siyahısını təqdim edirik. Təbii ki, unudulan, adı bu siyahıya daxil olmayanlar da ola bilər...

- Sevilən muğam ifaçısı, xalq artisti Mələkxanım Eyyubovanı tanımayan yoxdur. Mələkxanım Eyyubovanın qardaşı oğlu Ramal həm müğənni, həm də gənc bəstəkar kimi şou-biznes aləmində özünü kifayət qədər tanıda və sevdirə bilib. Lakin buna baxmayaraq, jurnalistlər tez-tez Ramala bibisi ilə bağlı da suallar verir, ona dəstək olub-olmaması barədə soruşurlar. Qeyd edək ki, Ramalın qardaşları Valeh və Vüsal da müğənnidirlər. Onlar Ramal qədər məşhur olmasalar da, tez-tez efirlərdə birgə qonaq olurlar.

- Xalq artisti Briliyant Dadaşovanın da adı tez-tez qohumları ilə bağlı mətbuatda səsləndirilir. Lakin bəzən bu xəbərlər qalmaqallı mövzularda olur. Bildirək ki, xalq artisti Brilliant Dadaşovanın bacısı, Rafael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova da bir vaxtlar öz ifaları ilə tanınıb. Lakin o sənət aləmində Briliyant Dadaşova qədər tanına və sevilə bilməyib. Müğənninin bacısı qızı Səidə Dadaşova da ifaçıdır. S. Dadaşova tez-tez olmasa da efirlərdə görünür, şadlıq evlərinin birində ifaçı olaraq çalışır. Lakin Səidə Dadaşova da xalası qədər uğur qazana bilməyib. O, daha çox qalmaqallı açıqlamaları ilə tanınır.

- Sevilən muğam ifaçısı, xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımova səsi və sənəti ilə atasından geri qalmır. İlk illər çox da tanınmayan Fərqanə Qasımova atası ilə duet ifa edəndən sonra tanınmağa başladı. Söz yoxdur ki, onun bu sənətə gəlməsində, uğur qazanmasında atası Alim Qasımovun xidmətləri böyükdür. Hazırda Fərqanə Qasımova nəinki Azərbaycanda, ölkəmizdən kənarda da tanınır və sevilir.

- Əməkdar artist Aybəniz Haşımovanın bacısı Şahnaz Haşımova da tanınmış sənət adamlarındandır. O, Azərbaycanın xalq artistidir. Uzun illər "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb.

Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva isə müğənniliyə yeni başlayıb. Sənət aləmində böyük uğur qazanmasa da Aynişan həvəsli görünür.

- Əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahanın da bacısı ilə birgə son illər adı hallanır. Onun bacısının Amerikada yaşadığı bildirilsə də, ilin çox aylarında ölkəmizdə olur. Onun bacısı gözəl ifası və Elzaya oxşarlığı ilə diqqət çəkir.

- Azəriqızı Günel kimi sevilən müğənni Günel Zeynalova öz səsi ilə sevilən müğənnilərdəndir. Uşaq yaşlarından Türkiyədə yaşayan müğənni Azərbaycan şou-biznesindən də kənarda qalmır. Onun qardaşı Tunar Zeynalov da ifası ilə tanınır. Hər iki sənətçi şou-biznes aləmində bir-birinə dəstək olur, efirlərdə qonaq olurlar.

- Müğənni Nadir Bayramlı öz övladına sənət aləmində dəstək verənlərdəndir. Nadir Bayramlı müsahibələrinin birində bu barədə açıqlama verib və deyib ki, oğlu mahnılar yazdırır, klip çəkdirir: "Onun da müğənni olması üçün əlimdən gələn köməyi edəcəyəm".

- Tanınmış müğənnilər arasında bacısı ilə tanınanlardan biri də hazırda həbsdə olan Fədayə Laçındır. Onun bacısı İlahə Fəda da bir vaxtlar efirlərdə tez-tez görünürdü. Lakin İlahə Fəda bacısı qədər tanınmır.

- Aşıqlar arasında öz övladına dəstək olanlardan, onu özü ilə birgə tez-tez efirlərə çıxaranlardan biri Aşıq Zülfiyyədir. Aşıq Zülfiyyənin oğlu Babək ifası ilə tanınmasa da, anası sanki bunun üçün çalışır.

- Müğənni Rəqsanənin qızı da hərdən mahnılar ifa edir. Lakin onun qızı Aysu ifasından çox öz rəqsi, şəkilləri, sevgi münasibətləri ilə xəbər mövzusu olur.

- Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovanın ifaçılığa başlaması ilə bağlı bir müddət əvvəl xəbərlər yayılmışdı. Hətta İlqarə bu mövzuda açıqlamalar vermiş, anası qədər tanınan biri olmağa çalışacağını bildirmişdi. Lakin real vəziyyət ondan ibarətdir ki, İlqarə ifası ilə çox da uğur qazana bilməyib. İlqarə ela daha çox Aygün Kazımovanın qızı kimi xatırlanır.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top