Əkrəm Həsənov: “Avropada yanlız Azərbaycanda imkansız vətəndaşlara qarşı sanksiyalar tətbiq edilir”

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeniavaz.com”un suallarını cavablandırıb.

- Banklara kredit borcu olan vətəndaşın mənzili hansı halda əlindən alına bilər?

- Nazirlər Kabinetinin vətəndaşın toxunulmaz əmlakı ilə bağlı qərarı var. Bunlar ilk növbədə evi və evdə olan bəzi əşyaları əhatə edir. Amma əlbəttə ki, bunlar vətəndaşın zəruri ehtiyaclarına daxil olmalıdır. Zəruri ehtiyaclarından çoxdursa vətəndaşın borcuna görə tutula bilər. Amma burada vacib istisna var: əgər həmin əşyalar girov qoyulmayıbsa. Yəni, girov qoyulubsa, hətta o ən zəruri əşya olsa belə (ev də ola bilər) vətəndaşdan tutula bilər.

Bu məsələ ilə bağlı dövlət qanunvericiliyə dəyişiklik etməlidir. Əgər vətəndaşın bir evi varsa və onun başqa yaşayış yeri yoxdursa, xüsusən də çox uşaqlı ailələrdən söhbət gedirsə, onların evləri əllərindən alınmasın.

“Bəzi vicdanını itirmiş hakimlərimiz borcunu ödəyə bilməyən vətəndaşlara inzibati həbs verirlər”

- Məhkəmə borcunu ödəyə bilməyən vətəndaş barəsində həbs qərarı verə bilərmi?

- Ümumən belə bir şey mövcud qanunvericilikdə yoxdur. Təəssüflə qeyd edirəm ki, son zamanlar banklar mətbuata heç bir əsası olmayan məlumatlar verirlər. Bu məlumatlar borcu olan əhalini qorxutmaq üçündür. Misal kimi, Cinayət Məcəlləsinin (CM) 196-cı maddəsi – borcu qəsdən ödəməyənlərin cinayət məsuliyyəti yüngülləşdirilir. Amma bankar yalandan məlumat yayırlar ki, guya ağırlaşdırılır. Heç açıqlama da vermirlər ki, burada söhbət qəsddən gedir.

İstəyirəm ki, insanlarımız bir şeyi bilsinlər. Borca görə, hər hansı məsuliyyət – həbs, xaricə çıxışa qadağa və s., o halda tətbiq edilə bilər ki, vətəndaş borcu üzrsüz səbəbdən ödəmir. Çox geniş yayılıb, məhkəmələrimiz borcunu ödəyə bilməyənlərin xaricə çıxışına qadağa qoyur. Və yaxud bəzi, tamamilə vicdanını itirmiş hakimlərimiz borcunu ödəyə bilməyən vətəndaşa 10 gün, bəzən də 15 gün inzibati həbs verirlər. Bunlar qanunsuzdur.

Nə etmək lazımdır? Təəssüf ki, bizim insanlarımız passivdirlər. Belə qərarlardan yuxarı instansiya məhkəmələrinə, dövlət orqanlarına sikayət etməlidirlər. Son nəticədə Avropa məhkəməsinə vermək lazımdır. Biz bunu etmişik, hamı bunu bilsin. Avropa məhkəməsi Azərbaycan üzrə qanunsuz həbs edilən 3 nəfərin işinə yaxın müddətdə baxacaq. Artıq məhkəmə Azərbaycan hökumətinə yanvarın 16-a qədər vaxt verib ki, hökumətimiz münasibət bildirsin. Bundan sonra gələn il, Avropa məhkəməsi bu işlər üzrə qərar çıxaracaq. Hamıya indidən deyirəm, böyük ehtimalla Avropa məhkəməsi Azərbaycan dövlətinin əleyhinə qərar çıxaracaq. Təəssüf ki, bu gün Azərbaycan Avropada yeganə dövlətdir ki, öz imkansız vətəndaşlarına qarşı həbs və yaxud da ölkədən çıxışa qadağa kimi digər sanksiyalar tətbiq edir.

“Sabah növbəti devalivasiya baş versə banklar öhtəliklərini icra edə bilməyəcəklər”

- Dollar yenidən bahalana bilərmi?

- Əlbəttə ki, banklar bugünkü məzənnənin bu səviyyədə saxlanmasını istəyirlər. Bu onlara sərf edir. Niyə sərf edir? Çünki, bankların verdiyi kreditlərin mütləq əksəriyyəti dollarladı. Onsuzda xeyli borclu var ki, devalivasiyadan sonra öz borclarını ödəmirlər və yaxud ödəmələri üçün banklardan müəyyən güzəştlər istəyirlər. Banklarımızın bugünə olan vəziyyəti onsuzda pisdir. Əgər devalivasiya davam etsə, hətta o borclular ki, çətinliklə borclarını qaytarırlar, onlar da qaytarmayacaqlar. Həm də nəzərə alaq ki, banklarımızın öz borcları da əsasən dollarladı. Yəni, əmanətlərin də çoxdu dollarladı. Sabah növbəti devalivasiya baş versə banklar öhtəliklərini icra edə bilməyəcəklər. Ona görə də, bugün Mərkəzi Bank (MB) tərəfindən məzənnənin bu səviyyədə saxlanılmasının əsas səbəbi məhz budur. Əlbəttə ki, bugünə olan məzənnə sünidir. Reallığı əks etdirmir. Çünki, Azərbaycanın valyuta ehtiyatları azalan xətlə gedir. Bu əsnada fikir vermək lazımdır ki, MB son iki ildə milli valyuta kütləsini iki dəfədən çox azaldıb. Əslində isə MB-ın əsas funksiyası iqtisadi dövriyyəni pulla təmin etməkdir. O hətta bunu etməmək bahasına milli valyuta məzənnəsini saxlayır. Bu gün Azərbaycanın real iqtisadiyyatı, yəni, kənd təsərrüfatı, istehsal, sənaye, milli valyuta məzənnəsinin qurbanı olub. Son iki ildə dolların özü bahalaşmayıb, bizim milli valyuta ucuzlaşıb. Əgər dollar özü də bahalaşsa, bu o deməkdir ki, Azərbaycanda devalivasiya üçün tam əsas olacaq.

Əgər xatırlasaq 2015-ci ilin fevral ayında, ilk dəfə Azərbaycanda devalivasiya baş verdi. Onda bizim valyuta ehtiyatlarımız 50 milyarddan çox idi. Amma buna baxmayaraq ölkə devalivasiyaya getdi. Sadəcə fikirləşdilər ki, bu qədər ehtiyyatı hər gün xərcləmək düzgün deyil. Bu günə olan ehtiyyatlar azdır, daha 50 milyardımız yoxdur. Bu baxımdan mən düşünürəm ki, əgər dünyada neftin qiyməti ciddi şəkildə artmasa yəqin ki, dolların məzənnəsini 1 ildən artıq bu vəziyyətdə saxlamaq olmayacaq.

Bizdə kredit faizləri niyə belə yüksəkdi?

- Problemli kreditlərin artmasında günahkar kimdir: vətəndaşlar, yoxsa bank rəhbərləri?

- Gəlin elə bu məsələnin kökünə baxaq. Bizdə deyəndə ki, problemli kreditlər çoxdur, dərhal hamının yadına düşür ki, əhali kredit borclarını ödəmir. İndiyə qədər bir dövlət məmuru, bank sisteminin rəhbərlərindən biri çıxıb deməyib ki, sırf əhalinin problemli kreditlərinin həcmi nə qədərdir. Amma mən bilirəm ki, problemli kreditin əhaliyə aid olan hissəsi çox azdır. Əsas problem biznes kreditləridir. Bu problem niyə olub? Azərbaycanda problemli kreditlər həmişə olub. Sadəcə olaraq bizdə insanlar bankın necə fəaliyyət göstərməsini bilmirlər. Əslində devalivasiyaya qədər həmişə belə olub: Bank sahibi, əhalidən çox 5-6%-lə əmanətləri cəlb edirdi, bu maksimum 10%-lə olurdu. Həmin əmanətlərin hesabına bank sahibi, bank rəhbərliyi özünə yaxın olan şirkətlərə və yaxud da şəxslərə çox ucuz kredit verirdi - elə 5-6%-lə. Bu kreditlərin müqabilində ya az miqdarda girov götürürdü, ya da heç götürmürdü. Belə hallar çox olub, elə indi də var. Deməli o bank sahibi, rəhbərlik etdiyi bankın zərərinə işləyirdi. 5%-lə cəlb edib, elə 5%-lə də verirdi, özü də girovsuz. O fikirlə verirdi ki, o kredit getsin qayıtmasın. Bir növ bankdan pulu çıxarırdılar. Digər vəsait hesabına isə üçüncü şəxslərə - əhaliyə və digər sahibkarlara yüksək faizlə verirdi – 25-30%-lə. Bizdən həmişə soruşurdular ki, niyə kredit faizləri bizdə belə yüksəkdi? Ona görə yüksəkdir ki, oğurlanan pulları əvəzləmək lazımdır axı. Hər il hesabatlarında da yazırdılar ki, bu kreditlər problemlidir. Halbuki özləri çıxarıblar. Sonra da deyirdilər batdı, qayıtmadı. Bir neçə ildən sonra da o kreditləri silirdilər. Bankı da o üçüncü şəxslərə verilən kreditlər hesabına saxlayırdılar. Üçüncü şəxslər - əhali və sahibkar kreditini vaxtında ödəyə bilməyəndə o bank onu məhkəməyə gec verirdi. Niyə? Çünki, onlardan çox yüksək girov götürürdü. Bizdə bilirik ki, son illərdə daşınmaz əmlakın qiyməti qalxırdı. Banklar da vaxtı uzadırdı ki, faizlər, cərimələr şişsin. Girovda olan daşınmaz əmlak bahalaşırdı. Sonra bank məhkəməyə verib bahalaşmış əmlakı vətəndaşın əlindən alırdı. Bu üsullarlarla bankarı saxlayırdılar.

“İstənilən ölkədə vətəndaşın cibindən tutulan vergini mübahisələndirməyə haqqı var”

- Sahibkarlar bank hesablarından pul vəsaitini nağdlaşdırarkən tutulan 1% vergi nə dərəcədə qanunidir?

- Bununla bağlı mən dəfələrlə demişəm, o vergi absurddu. Heç bir iqtisadi əsaslandırması yoxdur. Ən başlıcası o konsitutsiyaya və vergi məcəlləsinə ziddir. İkiqat vergi tutmadır. Mən Vergilər nazirliyinə, məhkəməyə bu barədə müraciət etmişəm. Bir-birindən asılı olmayan 6 əsas göstərmişəm. Bu ilin əvvəlində Vergilər nazirliyinə qarşı bununla bağlı iddia qaldırmışam. Əsas istəyim də o olub ki, bu məsələ konstitutsiya məhkəməsinə çıxsın. Çünki, sahibkarın və hüquqi şəxsin bank hesabından pulunu nağd şəkildə çıxarılmasına görə 1% vergi tutulması qanuna ziddir.

Təəssüf ki, Vergilər nazirliyi və məhkəmələr bu prosesi uzatmaq yolunu tutublar. Əvvəl 1 saylı inzibati iqtisadi məhkəmə ardınca apelyasiya məhkəməsi ümumiyyətlə qərar verdilər ki, guya mənim iddiam mümkünsüzdür. Guya ümumiyyətlə baxıla bilməz. Niyə? İstənilən ölkədə vətəndaşın cibindən tutulan vergini mübahisələndirməyə haqqı var. Amma son nəticədə, təxminən 1 ay əvvəl Ali məhkəmədə bu məsələyə baxıldı və qərar çıxdı ki, mümkündür. İndi bundan sonra gözləyirəm ki, iqtisadi inzibati məhkəmə mahiyyəti üzrə baxacaq. Belə deyim 6-7 ay məhkəmə prosesini uzatdılar ki, ilin sonunda vergi məcəlləsində dəyişikliklər olur. İlk gündən də demişəm, indi də deyirəm, bu ildə olmasa, gələn ilə də qalsa bu məsələni axıra qədər aparacam. Çünki, hətta qanun dəyişsə belə, vergi bizdən il ərzində tutulub. Yeni qanun yeni ilə aid olacaq.

“İnsanlar çalışırlar ölkədən pullarını çıxarsınlar”

- Vətəndaş əlindəki vəsaiti necə dəyərləndirməlidir?

- Belə hesab edirəm ki, ən çətin sualdı. Bir neçə variant var. Biri pulu evdə saxlamaqdır. Fərqi yoxdur, istər qızıl, istər xarici valyuta şəklində ola bilər. Amma əlbəttə ki, bunun təhlükəsi var – oğurlaya bilərlər. İkinci variant pulu banklara qoymaqdır, bunu isə bugün tövsiyyə etmirəm. Hətta əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanan əmanətlər bugün geri qaytarılmır. Məsələn, bu yaxınlarda rastlaşmışıq, vətəndaş Bank Standartın əmanətçisidir, gəlib ki, mənim müqaviləm var, 3%-lə sığortalanıb. Fond isə deyir ki, bizim komputerdə 3% yox 6% göstərir. Vətəndaşın əlində olan imzalı, möhürlü sənədi tanımırlar. Bu məntiqlə bunun şahidi oluramsa necə vətəndaşa deyim ki, get pulunu banka qoy. O vaxta qədər ki, bank sistemini təmizləməyiblər, bank sistemində islahatlar yoxdur bu etibarlı deyil. Deyirlər islahatlar var, hanı bu islahatlar? Qalır üçüncü variant – daşınmaz əmlakdır. Bunda da gərək hamı bilsin ki, yaxın 3-5 il ərzində onların qiyməti yalnız ucuzlaşa bilər. Artma ehtimalı heç yoxdur. Kimsə bəzən yalandan hardasa yazır, amma artma ehtimalı yoxdur. Ölkədə iqtisadi böhran varsa daşınmaz əmlakın qiyməti arta bilməz. Hələ xeyli düşəcək.

Bu gün əllərində pulu olan insanlarımız, hətta biraz pulu olanlar da bizneslə harda məşğul olurlar? Gürcüstanda, çünki, orda haqq, qanun, məhkəmə var. Türkiyədə, orda da eynidir. Hətta Ukraynaya belə pul qoyurlar. Görün biz nə gündəyik ki, Ukraynaya bir tərəfdən dağılır deyirik, amma yenə də vətəndaşlarımız ora etibar edir, orda məhkəmələr ədalətlidirlər. Ukraynada tamamilə məhkəmə sistemini dəyişdilər. Hakimlər çıxrıldı, yeni adamlar təyin olundu, əmək haqlarını artırdılar. Yəni, qanunlar işləyir. Bizdə bunlar yoxdur. Bu gün bunu Əkrəm Həsənov dedi ya yox, onsuzda hamı bunu bilir. İnsanlar çalışırlar ölkədən pullarını çıxarsınlar. Gəlin açıq danışaq, Azərbaycanda məhkəmə sistemi yoxdur. İstənilən məhkəmə istədiyi qərarı verir. Qanuna zada heç kəs baxmır. Çox nadir hallarda çalışırıq, hay-küylə nə isə edirik. Hətta deyim ki, mətbuat, sosial şəbəkələr olmasaydı məhkəmələrimizdən ümumiyyətlə heç nə əldə etmək mümkün deyildi.

Rasim Məmmədli

video

DİGƏR XƏBƏRLƏR

Top