Azərbycan və Gürcüstanda Avropa çempionatı keçiriləcək

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanda qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək. A və C qrupunun oyunları Bakıda, B qrupunun görüşləri Tiflisdə, D qrupunun qarşılaşmaları isə Göygöldə baş tutacaq. Pley-off matçları və medallar uğrunda oyunlar da paytaxtımızda təşkil olunacaq.

Göygöl Olimpiya İdman Kompleksində Serbiya, Niderland, Belçika və Çexiya mübarizə aparacaq. B qrupunun oyunları sentyabrın 22-24-də keçiriləcək. Sentyabrın 22-də 17.00-da Serbiya – Çexiya, 20.00-da Niderland – Belçika görüşləri baş tutacaq. Bir gün sonra 17.00-da Belçika Çexiyanı, 20.00-da isə Serbiya Hollandiyanı sınağa çəkəcək. Nəhayət, azarkeşlər sentyabrın 24-də 17.00-da Belçika – Serbiya, 20.00-da isə Çexiya – Hollandiya qarşılaşmasını izləyə biləcəklər.

Qeyd edək ki, qrupun qalibi birbaşa 1/4 finala yüksələcək. 2-3-cü yerlərin sahibləri isə pley-off mərhələsindən ən güclü “8-liy”ə vəsiqə qazanmağa çalışacaq.

Bu gün Gəncədəki “Ramada Plaza”da D qrupunun komandalarının baş məşqçiləri və kapitanları yarışla bağlı təəssüratlarını bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.

Zoran Terziç, Serbiya yığmasının baş məşqçisi: “Azərbaycan adətən beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir. Bura uzun səfər etmişik. Mehmanxana və oyunların keçiriləcəyi zalda yüksək şərait yaradılıb. Son Olimpiadada oynamış Serbiya ilə indiki komanda arasında çox böyük fərq var. Zədələrə görə heyətdə əsaslı dəyişiklik etmişik. Rasiç özü də hələ zədədən sonra tam bərpa olunmayıb. Amma Serbiya istənilən halda, güclü komandadır. Rio-2016-dakı motivasiya ilə burda oynayacağıq və uğur qazanmağa çalışacağıq”.

Milena Rasiç, Serbiya yığmasının kapitanı: “Azərbaycan hər zaman təşkilatçılıq bacarığını nümayiş etdirir. Dünən Göygöl Olimpiya İdman Kompleksində ilk məşqimizi də keçdik. Hər şey yüksək səviyyədədir. Azərbaycan təşkilatçılıq məsələlərinə çox həssas yanaşır. Ümid edirik ki, yarışın sonunadək belə davam edəcək. Burda havaların isti keçməsi bizim üçün elə də problem yaratmır. Serbiya və Azərbaycan iqlimi arasında böyük fərq olduğunu düşünmürəm”.

Zdenek Pommer, Çexiya millisinin baş məşqçisi: “Birinci dəfədir ki, Azərbaycandayam. Təşkilatçılıqla bağlı hər şey qaydasındadır. Düzdür, çox ağır və uzun səfər gerçəkləşdirdik. Amma indi yaxşı vəziyyətdəyik. Çox çətin qrupa düşmüşük. Komandaların oyun günlərində hansı durumda olmasından çox şey asılıdır. Biz sürpriz edə bilərik”.

Aneta Havliçkova, Çexiya millisinin kapitanı: “Azərbaycanda çox yaxşı günlərim keçib. Yenidən ölkənizdə olduğum üçün şadam. Ancaq bu Gəncəyə ilk səfərimdir. Hər şey yaxşıdır. Buranı o qədər də gəzməyə vaxtımız olmayıb. Dünya çempionatının seçmə mərhələsində Azərbaycan çox yaxşı oynadı. Həmin səviyyədə çıxış etsə, komandanız yüksək yerlərdən birini tuta bilər. Ümid edirəm ki, mübarizəni Bakıda davam etdirə biləcəyik. Ancaq qrupda qalsaq, komandamla birgə Bakını görmədən vətənimizə qayıtmağa məcburam”.

Cemmi Morrison, Hollandiya yığmasının baş məşqçisi: “Buraları gəzmək üçün vaxtımız olmayıb. Ancaq yaxınlıqdakı parkı gəzə bildik. Dünən idman zalıyla tanış olduq. Çox xoşumuza gəldi. Şərait də bizi tam qane edir. Hansısa komandaya uduzursansa, onunla yenidən qarşılaşmaq istəyirsən ki, məğlubiyyətin təsadüfi olduğunu sübut edəsən. Dünya çempionatının seçmə mərhələsində yenildiyimiz Azərbaycanla ən yaxşı halda yarımfinalda qarşılaşa bilərik. Ümid edirik ki, komandanızla finalda qarşılaşarıq. Azərbaycan seçmə mərhələdəki oynamaqda davam etsə, finala çıxa bilər”.

Maret Balkeşteyn-Qrotyes, Hollandiya yığmasının kapitanı: “Göygölə ilk səfərimdir. Təəssüratlarım çox yaxşıdır. Zal kiçik olsa da, yenidir və gözəl atmosferi var. Azərbaycanın yaxşı heyəti var və azarkeş dəstəyi də onlar üçün üstünlük sayılır. Komandanız favoritlərdən biridir”.

Gert Van de Broek, Belçika millisinin baş məşqçisi: “Dünən Göygöl Olimpiya İdman Kompleksində ilk məşqimizi keçdik. İdman zalı çox gözəldir. İlk Avropa Oyunları zamanı Bakıda olmuşduq. Yenidən burda olduğumuz üçün şadıq. Burda gördüyüm hər şey məni məmnun etdi. Əvvəllər heyətimiz gənc idi. Rəqiblər bizi o qədər də tanımır və dəyərləndirmirdi. Ona görə 2013-cü ildə Avropa çempionatında bürünc medal qazandıq. İki il sonra isə 6-cı yeri tutduq. Bu dəfə də hədəfimiz ən azı 1/4 finala kimi irəliləməkdir. Ancaq indi işimiz daha çətindir. Çünki rəqiblər artıq bizi yaxşı tanıyır. Bizə qarşı daha yaxşı hazırlaşırlar. Çox çətin qrupa düşsək də, bu, bizim iddiamızı azaltmır”.

Şarlott Leys, Belçika millisinin kapitanı: “Bura uzun səfərdən sonra çatdıq. Otel və kompleks ürəyimizcədir. Təşkilatçılıq yüksək səviyyədədir. Düşünürəm ki, Avropa çempionu məhz bizim qrupdan çıxacaq. Ya Serbiyanın, ya da Hollandiyanın qızıl medal qazanacağını fikirləşirəm”.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top