Gürcüstan Azərbaycana 132,9 milyon dollarlıq məhsul satıb, 354,8 milyon dollarlıq məhsul alıb

Bu ilin yanvar-avqust ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 132,9 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2 dəfəyə yaxın artıb. Belə ki, ötən ilin ilk 8 ayı ərzində Gürcüstandan Azərbaycana 73,9 milyon dollar dəyərində məhsul ixrac edilib. "Yeniavaz.com" Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 4-cü ölkə olub. Cari ilin ilk 8 ayında Gürcüstanın ümumi ixracının 7,9%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerlərdə Rusiya (ilk 8 ay ərzində 242,9 milyon dollar), Türkiyə (151,8 milyon dollar) və Çin (136,5 milyon dollar) gəlir.

Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların həcmi 29,6% və 81,2 milyon dollar artıb

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 8 ayında Azərbaycandan 354,8 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 29,6% və 81,2 milyon dollar artıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 8 ay ərzində Türkiyədən 848,4 milyon dollar, Rusiyadan isə 457,5 milyon dollar, Çindən isə 417,6 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Almaniya (280,4 milyon dollar), Ukrayna (272,1 milyon dollar), Ermənistan (191,1 milyon dollar) və ABŞ (177,8 milyon dollar) gəlir.

Gürcüstanın xarici ticarət dövriyyəsi 12,2% artıb

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 6 milyard 618,2 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.
Qonşu ölkənin ixracı 28,5% artaraq 1 milyard 682,8 milyon dollar, idxal isə 7,5% artaraq 4 milyard 935,5 milyon dollar təşkil edib.

Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 16,4%-i), ferroərintilər (12,5%) və minik avtomobilləri (7,3%) daxildir. Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft və neft yağları (ümumi idxalın 8,4%-i), minik avtomobilləri (6%) və mis filizi və konsentratlarıdır (4,7%).

DİGƏR XƏBƏRLƏR

Top