Kardioloq: "Qadınların kişilərə nisbətən az infarkt olmalarının SƏBƏBLƏRİ VAR" MÜSAHİBƏ

Azərbaycanda ürək xəstəliklərinin artdığı, ürəyində problemi olan cavanların sayının çoxaldığı hər kəsə məlumdur. Bundan əlavə, infarktdan ölüm faizi də yüksəlməkdədir. Bu cür halların qarşısını almaq üçün açıq ürək əməliyyatına girənlərin, damarlarına stend qoyduranların da statistikasında artım var. Lakin qəribədir ki, ürək-damar xəstəlikləri daha çox kişilərdə müşahidə olunur. Bəs xanımlar nələrə diqqət edirlər ki, bu hallarla üzləşmirlər? "Yeniavaz.com" saytının suallarını Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli cavablandırdı.

- Rafiq doktor, eyni ölkədə yaşayırıq, eyni qidalardan istifadə edirik, bəs xanımlarda ürək xəstəliklərinin kişilərlə müqayisədə az müşahidə olunmasının səbəbi nədir? Yoxsa bu təbii bir prosesdir?

- Burada bir neçə faktor var. Birincisi, qadınlarda cinsi qadın hormonu var - estrogenlər əmələ gətirirlər. Nə qədər ki, qadınlarda ana halı davam edir, bu dövrdə onlarda qanın tərkibində estrogenlərin miqdarı çox olur. Ana halı qadınlarda əsasən 50 yaşa qədər davam edir. Aparılan müşahidələr göstərir ki, estrogenlər ateroskleroz (iltihabi proses - birləşdirici toxumalarının ətrafında xüsusi lipid lövhələri yaranır, bunun da nəticəsində damarda zədələnmə baş verir) prosesinin qarşısını alan bir vasitədir. Hətta bir vaxtlar kişilərdə də aterosklerozun qarşısını almaq üçün estrogenlərdən istifadə eləmək üçün cəhdlər oldu. Lakin estrogen elə bir maddədir ki, onu kişilərə vuranda müəyyən bir dəyişikliklər baş verir. Gördülər ki, bu maddə vurulan kişilərin üzündə problem yaranır, davam etdirmədilər.

- Başqa faktorlar nələrdir?

- İkinci amil kimi qadınların həyat tərzini qeyd etmək olar. Məsələn, götürək qadınların siqaret çəkməməsini, spirtli içki içməməsini. Azərbaycanda qadınların 2-3 faizi siqaret çəkirsə, kişilərin orta hesabla yəqin ki, 15-20 faizdən çoxu siqaret çəkir.

- Yəqin ki, kişilərin gərgin həyat tərzinin də təsirləri az deyil.

- Əlbəttə, kişilərin həyatında gərginlik, risk daha çoxdur. Gecə-gündüz gərgin həyat tərzi keçirənlər sayı kişilərin arasında daha çoxdur. Yaşayış, həyat tərzi kişilərdə bu xəstəliklərin yaranma riskini daha çox artırır. Amma 50 yaşdan sonra demək olar ki, faiz baxımından qadınlarla kişilər eyniləşirlər. 50 yaşdan sonra ana halı kəsilir deyə qadınlarda da ürək xəstəlikləri artır və risk elə həmin yaşda olan kişilərdəki kimi olur.

- 30-35 yaşında infarkt keçirən, damarına stend qoydurmağa məcbur olan kişilər də var. Bu yaşda olan xanımlarda da eyni şey olurmu?

- Bəli, 30-35 yaşında bəylərə rast gəlirik ki, stend də qoyulub, infarkt da keçirib, bəziləri açıq ürək əməliyyatına giriblər. Amma eyni yaşda belə xəstə qadınlara çox nadir hallarda təsadüf edirik. Dediyim kimi, qadın cinsi hormonlarının da bir tərəfdən aterosklerozdan qoruması cavan xanımlarda infarkt riskini azaldır. Xəstələrin çoxu kişilərdir, amma xanımlar da var.

- Yəqin siz də razılaşarsınız ki, xanımlar həkimlərin müalicəsinə qarşı daha diqqətlidirlər, nəinki kişilər. Məsələn, xanımlar həkimin dərmanları vaxtında qəbul edir, pəhrizə riayət edirlər, amma kişilərin hamısı belə deyil. Bunun da təsiri ola bilərmi?

- Bəli, bu dediklərinizdə həqiqət var. Ədəbiyyatda da bu qeyd olunur. Qadınların həkim məsləhətinə riayət etmələri daha yüksəkdir. Kişilər bir az ipə-sapa yatmayan olurlar və bu, onların daxili xarakteridir. Səhlənkarlıqları çoxdur bu mənada. Amma kişilərin arasında da çox diqqətli, müalicə məsələsində konkret olanlar var. Xəstələrim var ki, müayinəyə gələndə özləri ilə böyük bir dəftər gətirirlər. Görürəm orada qeyd ediblər ki, ayın filan günü ürəyim bu cür oldu, filan günü filan saatda özümü narahat hiss etdim, filan günü yaxşı oldum və s. Yəni belə kişi xəstələr də olur. Amma eləsi də var deyirsən "ay qardaş, siqareti tərgit, yazıqsan, 4-5 uşaq dünyaya gətizdirmisən, sabah bunları arvadın ümidinə qoyub getməycəksən ki. Həyat yoldaşına deməmişdin axı mən 40 yaşında öləcəyəm, sən yetimləri saxla. Ailə qurmuşdun ki, bu uşaqları bir böyüdəcəyik, bir ev-eşik sahibi edəcəyik. Məsuliyyətini hiss elə heç olmasa, sağlamlığını qoru". Başa düşənlər də olur, düşməyənlər də.

- Bəs qadınlar arasında da ürək damarlarına stend qoyduranlar, əməliyyat etdirənlər varmı?

- Ürək damarlarına stend qoyduranlar arasında kifayət qədər qadınlar da var. Sizə bir şey deyim - yaşca məndən kiçik olan 5 bacımın 3-ü infakt keçirib, 2-i isə açıq ürək əməliyyatı olub. Bu təkcə mənim yaxınlarımdır. Stend qoyulan qadınlar var, amma kişilərlə müqayisədə bir qədər azdır. Qadınlar həkimə getmək sarıdan da bir qədər passivdirlər, amma kişilər əksinə.

- Rafiq doktor, ürəyini infarktdan qorumaq məqsədi, düşüncəsi ilə kürəyindən qan aldıranların da sayı kifayət qədərdir. Ümumiyyətlə, kürəkdən qan aldırmağın faydası varmı?

- Bəzi xəstəliklərə qan almanın köməyi var. Bədəndə qırmızı qan elementlərinin yaşam müddəti var, tutaq ki, 150 gün yaşayır, ondan sonra məhv olub gedir. Dədə-babalarımız buna deyirdilər köhnə qan, qalmış qan - bunların alınması sümük iliyində yeni qan hüceyrələrinin əmələ gəlməsinə təkan var. Təbii ki, yeni qan hüceyrələri də orqanizmdə müəyyən qədər gümrahlaşmaya gətirib çıxarır. Biri var işə köhnə maşınla gedəsən, bir də var təzə maşınla, elə bir şeydir.

- Qan aldıran insanlarda psixoloji olaraq da rahatlıq yaranır.

- Bəli, burada təbii ki, psixoloji amillər də var. Qanda qırmızı qan elementlərinin çoxluğu hazırda ayrıca bir problemdir. Qırmızı qan hüceyrələrinin çoxluğu xırda damarlarda onların hərəkətini çətinləşdirir. Onların bir-birinə yapışması... Hər bir qan elementi qanın tərkibində ayrı-ayrılıqda gedir. Amma onların müəyyən bir xəstəliyi olanda, qatılığı olanda bir-birinə asanlıqla yaxınlaşır. Kiçik damardan xırda qan elementi keçə bilirsə, bu halda keçə bilmir. Bunun da faizi çoxaldıqca xırda toxumaların müəyyən bir hissəsində qanın hərəkəti dayanır. Bunu isə heç çox vaxt biz hiss eləmirik. Yəni kürəkdən qan aldırmanın bu mənada faydalı hesab etmək olar.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top