Qarabağda döyüşmək üçün könüllü gələn 25 Əfqanıstanlıdan biri - Azərbaycanda yaşayır (MÜSAHİBƏ)

90-cı illərin əvvəllərində Qarabağ müharibəsində döyüşmək üçün öz vətənindən - Əfqanıstandan Azərbaycana gələn Seyid Səftər Hüseyni... Onu ölkə səviyyəsində demək olar ki, heç kim tanımır. Bu günə qədər nə müsahibə alan olub, nə də efirə çıxaran. Ağcabədi rayonunda yaşayır.

Qarabağ müharibəsində xidmətini başa vurandan sonra Əfqanıstana qayıtmayıb, Ağcabədinin Nəcəfqulubəyli kəndindən olan bir xanımla ailə qurub və orada yaşayıb. "Yeniavaz.com" saytına müsahibəsində Əfqanıstandakı həyatından, Qarabağ döyüşlərinə könüllü gəlməsindən və hazırkı dolanışığından danışdı.

- Səftər, oxucularımıza özün barədə məlumat verərdin.

- Mən Seyid Səftər Hüseyni Seyid Mirzə oğlu Əfqanıstanın ən böyük şəhərlərindən biri olan Məzari-Şərifdə dünyaya gəlmişəm. Elə uşaqlığım, yeniyetməliyim də orada keçib. Qohum-əqrabam indi də orada yaşayır.

- Hər kəsə maraqlıdır - Əfqanıstandan Qarabağ müharibəsinə könüllü gəlişin necə oldu?

- Həmin vaxt mən Əfqanıstanda hərbi xidmətdə idim. Yenicə getmişdim. Orada bizə dedilər ki, müsəlmanları əzirlər. Düşünəndə ya sizin namusunuz, ya bizim namusumuz eyni şeydir. Gənc əsgərlərdən bəziləri bir-bir irəli çıxdılar, biri dedi mən gedirəm, başqası dedi mən gedirəm. Mən də könüllü olaraq Qarabağa gəlib döyüşmək istədiyimi bildirdim. Adımızı yazıb götürdülər, cəmi 25 nəfər idik. Bir neçə gündən sonra dedilər ki, hazırlaşın, gedirsiniz. Gəldik Azərbaycana.

- Valideynlərin Azərbaycana gəlmək istədiyini biləndə nə dedilər?

- Etiraz etmədilər. Onlar fikirləşirdilər ki, müharibədən sonra geri qayıdacağam. Orada pis yaşamırdıq, heyvan saxlayırdıq, ortabab dolanırdıq.

- Valideynlərin sağdırmı?

- Bəli, sağdılar. 6 dayım var, 4 əmim var. Bacıoğlu, dayıoğlu, bibioğlu, hamısı oradadır.

- Qarabağ müharibəsində hansı istiqamətdə döyüşlərdə iştirak etmisən?

- Dediyim kimi, biz Azərbaycana 25 nəfər birgə könüllü gəlmişdik. Füzuli - Horadiz, Böyük Bəhmənli, Kiçik Bəhmənli, Daşburun, Çıraqlı, Lələtəpə, Ağdərə, Baş Qərvənd, Xındırıstan istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Oraları qarıc-qarıc tanıyıram.

- Qarabağ müharibəsində iştirak edənlər əfqanların qorxmazlığını həmişə qeyd edirlər...

- Bir əsgər kimi çox ağır döyüşlərdə iştirak etmişəm. Bəli, ermənilər bizdən qorxurdular. Yanımda ağır yaralanan, ölənlər də az olmayıb. İmkan daxilində xeyli sayda yaralını çiynimdə daşıyıb döyüş bölgəsindən xilas etmişəm. Çox ağır döyüşlərdə qorxduğum vaxtlar da olub. Onda 18 yaşım var idi. Sonradan döyüş, insanların yaralanması bizim üçün adiləşdi.

- Səninlə Əfqanıstandan Qarabağa gələn 25 nəfərin aqibəti necə oldu?

- Onlardan şəhid olanlar da oldu, yaralananlar da. Bir neçəsi Beyləqanda dəfn olunub, qalanlarının cəsədi Əfqanıstana aparılıb, orada basdırılıb. Sağ qalanların əksəriyyəti geri qayıtdı. Mən və 2-3 nəfər getmədik, qaldıq Azərbaycanda. Elə bil döyüşlərdən sonra bura bizə daha da doğmalaşdı, öz vətənimiz kimi oldu.

- Müharibədən sonrakı müddətdə Əfqanıstana gedib valideynlərini ziyarət etmisənmi?

- Yox, getməyə imkanım olmayıb.

- Bəs telefonla əlaqə varmı?

- Bir neçə il əvvəl bir nömrə var idi, oradan qohumlarımla danışdım. Hamısı məni çox qınadı ki, gəl bura. Təəssüf ki, sonradan həmin nömrəni itirdim, indi əlaqəm yoxdur.

- Darıxırsanmı?

- Əlbəttə, təkliyi hiss edirəm. Amma mən burada ailə qurmuşam, 6 uşağım var. Onları necə qoyub gedə bilərəm? Mən olmasam, onlara kim baxar? Darıxanda uşaqlar gəlib çiynimə çıxır, ayaqlarıma dolaşır, deyirəm yox, gedə bilmərəm. Mənim məsuliyyətim böyükdür. Valideynlərim deyirlər vətənə gəl, üzünü görək. Onları başa düşürəm. Oğlum Məhəmməd hərbi xidmətdə olanda gecəm-gündüzüm yox idi. Amma özüm valideynlərimdən neçə illərdir ayrı yaşayıram, bu mənə çox da təsir etmirdi. Başıma gələndən sonra anladım onların nə çəkdiyini. Yüküm ağırdır. 6 uşaq atası olmaq. Maddi imkan yoxdur gedib onları ziyarət edib qayıtmağa.

- Azərbaycan dilində çox səlis danışa bilirsən...

- 20 ildən çoxdur buradayam. Azərbaycana gələndə 18 yaşım var idi, zehnim də yaxşı idi. Öyrəndim.

- Azərbaycanlıların sənə münasibəti necədir?

- Həmişə özümə qarşı böyük diqqət görmüşəm. Azərbaycanlı qadınla evləndiyimi bilənlər zarafatla mənə yeznə deyirlər. Əfqan deyə müraciət edənlər də var.

- Müsəlman ölkələrinin çoxunda, o cümlədən Əfqanıstanda tez-tez terror hadisələri olur, döyüşlər gedir. Qohumlarının yaşadığı yerdə də tez-tez terror olurmu?

- Yox, sırf bizim qohumların yaşadığı ərazidə sakitlikdir. Az-az hallarda hansısa təhlükə olur. Bir neçə il əvvələdək zəng vuranda mənə deyirdilər ki, vəziyyət elədir. Ancaq indi əlaqəm yoxdur.

- Müharibədən sonra niyə məhz Ağcabədidə yaşamaq qərarına gəldin?

- Bura döyüş bölgəmizə yaxın idi. Elə burada Heyran xanımla tanış oldum, evləndim. Veteran vəsiqəm var. Mənim övladlarım buralıdır, yeri gəlsə, mənim Məhəmməd oğlum müharibəyə gedərsə, elə ata-bala ikimiz birdən gedərik. Bundan heç kəsin şübhəsi olmasın. And olsun Allaha, müharibə olsa yenə də gedərəm.

- Necə dolanırsan, harada işləyirsən?

- Hazırda Ağcabədi şəhərində yaşayıram. Qızım ağır xəstə idi. Sağ olsun Ağcabədi Şəhər İcra Hakimiyyətinin başçısı Şahin müəllim. Çox köməklik elədi, elə müəllimlər də yardım etdilər. Çox şükür, indi qızım yaxşıdır.

- Deyirsən ki, veteran vəsiqən var. Veteran kimi imtiyazlardan imtina edə bilirsənmi? Ev və ya maşın veriblərmi sənə?

- Yox. Bir dəfə yoldaşımın istəyi ilə Müdafiə Nazirliyinə müraciət etmişdim kömək üçün. Amma heç bir nəticəsi olmadı. Veteran vəsiqəm var, amma bu günədək veteranlara verilən müavinətdən ala bilməmişəm. Deyirlər sən buranın vətəndaşı deyilsən. Miqrasiya İdarəsi mənə müvəqqəti vətəndaşlıq verib, 5 ildənbir qeydiyyatdan keçirəm. Başa düşürəm, amma axı mən burada yaşayıram, həyat yoldaşım, balalarım buralıdırlar, Qarabağ üçün döyüşmüşəm.

- İş yerin varmı?

- Kimisi "Qul bazarı" deyir, kimisi "Fəhlə bazarı" - hər gün gəlib burada gözləyirik ki, kimsə gəlib bizi aparıb həyətində işlədəcək. Fəhlə babayam, fəhləlik edirəm. Hər gün bura çıxırıq. Səhər 9-dan axşam 6-dək burada gözləyirik. İş olanda olur, olmayanda gedirik evə. Gündəlik 10, 15 manat qazancım olur. Kimsə bizim haqqımızı yeməsin, Allahın köməkliyi ilə biz kiminsə haqqını yeməyəcəyik. Elə öz zəhmətimlə dolanıram. Əlimi görürsünüz, tikan batıb, kol batıb. Ot biçənlə kiminsə həyətinə gedib ot biçirəm. Çörək alıram, qənd alıram, çay alıram, çıxıb gedirəm evə. Bir gün daş daşıyıram, bir gün sement qatıram, əlimdən hər iş gəlir. 3-4 heyvanım var, onların südünü, qatığını satıb dolanırıq.

- Azərbaycanın çox gözəl, səfalı yerləri var. Hansı bölgələrdə olmusan?

- Əsas döyüş bölgəsində, yaşadığım Ağcabədidə və yaxın rayonlarda olmuşam. Sizin dediyiniz o səfalı yerlərdə olmamışam, istirahət etməmişəm. Məni indi başqa qayğılar narahat edir. Oğlumu evləndirmək vaxtıdır, amma imkan yoxdur. "Fəhlə bazarı"nda iş olanda işləyirəm, olmayanda qalıram bikar. İçki içən deyiləm - heç vaxt. Burada kənddə uşaqlarla toya gedirdim, onlar içirdi, deyirdim yox, mənlik deyil. İndi isə Ağcabədi şəhərinin özündə yaşayıram. Yatsaydım yuxuma girməzdi Azərbaycanda yaşayacağım. Deməli, qismətim belə imiş. Dizimi qarda sürtə-sürtə, çəkməmin içinə su dola-dola xidmət eləmişəm, ayağıma sellofan bağlamışam. Ayağım çəkmənin içərisində o qədər suda qalırdı ki, ağappaq ağarırdı. Oğlum Məhəmməd isə Naxçıvanda hərbi xidmətdə olub. Hələ bir oğlum da var. Mən də istəyərdim alnıaçıq, üzüağ balalarımın üzünə baxa bilim, onların xoş gününə sevinim...

Seyid Səftər Hüseyninin oğlu Məhəmməd.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top