Bu avtomobil yollarda şütüyərkən diqqətləri daha çox cəlb edir. Kimisi onu saxladıb şəkil çəkdirir, kimisi isə yüksək məbləğ təklif edib onu almaq istəyir. Goranboy sakini 7 il öncə aldığı “QAZ 69”markalı avtomobilə 20 min manat xərc çəkərək onu bu günkü halına gətirib. Hər hansı detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb. Sürücü ilə bərabər 4 nəfərin rahat əyləşə biləcəyi modelin ən bahalı detalı isə onun üzərinə yerləşdirilən ceyrandır.
Goranboy sakini Rasim Tanrıverdiyev “Yeniavaz.com” saytına bildirib ki, Qorki avtomobil zavodunda istehsal edilən “Qaz-69-”u gücünə, sürətinə həvəskarlar “dağ keçisi “adlandırıblar. O, digər modellərdən sürət qutusu ilə fərqlənir. Hətta onu sürmək ilk dəfə sükanı arxasına keçənlər üçün bir qədər çətin olur: “66 yaşlı bu avtomobilə 20-25 min verənlər var amma mən onu satmaq fikirində deyləm. Kənardan avtomobilə olan diqqət məndə xoş ovqat yaradır. Hər bir yoldan ötüb görənlər bu avtomobillə maraqlanır”.
Esmira Hidayətova, Goranboy.