İndoneziya səfiri: "Özüm gördüm, istəyirəm ailəm də Mingəçevirin gözəlliyini görsün" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, İndoneziyanın Azərbaycandakı səlahiyyətli səfiri Husnan Bey Fananie müşaviri ilə 4 günlük Mingəçevirə səfər ediblər. Səfiri əvvəlcə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəbul edib. Qəbul zamanı səfir diqqətə çatdırıb ki, məqsədimiz Azərbaycanın regionlarınıgəzmək və eləcə də Mingəçeviri yaxından tanımaq, fəaliyyət göstərən müəssisə və təhsil ocaqları ilə əməkdaşlığa, İndoneziya və Azərbaycan dövlətlərinin iqtisadi və ticarət sferasında iş birliyinin yüksəlməsinə nail olmaqdır. Səfir əhali sayı 270 milyon olan ölkəsinin ən böyük multikulturalizm dövləti olmasını və burada 800-ə yaxın etnik xalqın yaşadığını nəzərə çatdırıb, eyni zamanda vurğulayıb ki, 17 min 500 adadan ibarət olan İndoneziya iqtisadi inkişafına görə Çin və Hindistandan sonra 3-cü yerdə qərarlaşıb.

Daha sonra cənab səfir Mingəçevirlə yaxından tanış olmaq üçün şəhərdə fəaliyyət göstərən sənaye və digər müəssisələrlə tanış olub, qaçqın və məcburi köçkünlərin yaşadığı qaçqın şəhərciyində olub. Şəhər gəzintisindən sonra səfirin Mingəçevirlə bağlı təəssüratlarını öyrəndik. Səfirin "Yeniavaz.com" saytına müsahibəsini təqdim edirik.

- Artıq 3 gündür Mingəçevirdə səfərdəsiniz, təəssüratlarınızı bilmək istərdik.

- Azərbaycanda olduğum müddət ərzində digər regionlarında da gördüm ki, bizim strateji əməkdaşlıq etmək üçün imkanlarımız var. Mən heç gəlməzdən əvvəl bilməzdim ki, Mingəçevir belə gözəl, təmiz bir şəhər olar. Mingəçevir gözəldir, təmizdir, burada hər şey bu şəhərdə fikirləşilib, qurulub sanki. Bundan əlavə Mingəçevirdə Sənaye müəssisələrinin olması da bizi çox maraqlandırdı, mən bunu əvvəlcədən gözləmirdim. Mingəçevirə gəldiyimə çox sevindim. Məni başda icra başçısı Niyazi Bayramov olmaqla çox gözəl qarşıladılar və birlikdə sənaye və digər müəssisələrə getdik, yemək yedik və mənə elə gəlir ki, bizim əməkdaşlığımız davamlı olacaq. Mingəçevirdə ən toxundurucu hal məcburi köçkünlərlə olan görüşüm oldu. Bu görüşdə mən onlarla yaxından tanış oldum, dərdlərini dinlədim.

- Müəssisələrdəki görüşünüzlə bağlı fikirlərinizi bilmək istərdik.

- Buradakı şirkətlər böyük şirkətlərdir, böyük sənaye müəssisələridir. Mən balıq zavodunda olarkən burada nərə balığının saxlanılmasını gördüm. Xəzər dənizində bu balıqların azalması ilə əlaqədar nəsil kəsilməsinin qarşısın alınması üçün müəssisənin olmasına da çox şad oldum. Ona görə də mən Niyazi Bayramovu İndoneziyada oktyabr ayında keçiriləcək sərgiyə dəvət etdim. və İndoneziya ilə Azərbaycan, xüsusilə də Mingəçevir hansı sahələrdə əməkdaşlıq edə bilər, bu imkanları görüb əməkdaşlığımızı qura bilərik. Burada əsas məqsədimiz Azərbaycan məhsullarını reklam etdirmək, indoneziyalıları tanıtmaq və bizim də məhsullarımızı həmin sərgidə Azərbaycanın iş adamlarına tanıtmaq və əlaqəli iş birliyi qurmaqdır. Bizim münasibətlərimiz Azərbaycanla həmişə olub və bundan sonra da sıx əməkdaşlıq edəcəyik.

- Mingəçevirə yenidən gəlmək fikriniz varmı?

- Mən gələn həftə çox güman ki, ailəmlə bura gələcəyəm, Mingəçevirin gözəlliyini, xüsusilə Kür çayının gözəlliyini bir daha seyr edəcəyəm. Mən ümidvaram ki, bizim əlaqələrimiz davamlı olacaq, icra başçısına da təşəkkürlərimi çatdırıram. Fürsətdən istifadə edib sizləri sentyabrın 9-10-11 tarixlərində Bakı şəhəri Heydər Əliyev sarayında keçiriləcək İndoneziya Mədəniyyəti festivalına dəvət edirəm. Ümidvaram ki, İndoneziya və Mingəçevir əhalisi öz əlaqələrini daha da yaxınlaşdıracaq və əlaqələrimizin səviyyəsi daha da artacaq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top