“Türkiyə sərhədi açsa da əvvəlki kimi qaçqın axını olmayacaq”

Avropa İttifaqı (Aİ) Suriyada silahlı münaqişə səbəbindən Türkiyə vasitəsilə Aİ-nin üzv ölkələrinə miqrant axınının olduğu 2015-ci illə müqayisədə daha ehtiyatlıdır. “Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Aİ-nin qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han deyib. Onun sözlərinə görə, Aİ 2015-ci ildə elə vəziyyətdəydi ki, miqrantların əksəriyyəti yoxlanılmadan Aİ-nin sərhədlərinə daxil ola bildi, lakin hazırda vəziyyət dəyişib: “Türkiyə sərhədlərini açsa da iki il əvvəl olduğu kimi miqrant axını olmayacaq”. Y. Han qeyd edib ki, miqrantların Balkan marşrutunun bağlanılması, Egey dənizində nizamlı yoxlamaların aparılması və Türkiyədəki suriyalı qaçqınlara yardım göstərilməsi sayəsində iki il ərzində lazımi tədbirlər görülüb. Aİ özünün şantaj edilməsinə icazə verməyəcək”.

Qeyd edək ki, Türkiyə təxminən 3 milyon miqranta ev sahibliyi edir. Miqrant böhranının kəskin olduğu 2015-ci ildə Türkiyə vasitəsilə Aİ-nin üzv ölkələrinə 1 milyondan çox qaçqın axın etmişdi. Suriyada müharibə başladığından bəri Türkiyəyə təqribən 3,5 milyon qaçqın gəlib. Miqrantların bir qismi Türkiyə sahillərinə yaxın yunan adalarına çatmaq üçün Egey dənizini təhlükəli şəraitdə keçməyə çalışıb, digər qismi isə quru sərhəd üzərindən Yunanıstan və Bolqarıstana getməyə üstünlük verib.

DİGƏR XƏBƏRLƏR

Top