"Rusiya, Azərbaycanın maraqlarını nəzər al"

"Cəbhədəki gərgin vəziyyət və Azərbaycan ordusunun işğalçını daima təzyiq altında saxlaması Ermənistanı hərbi büdcə xərclərini daha 60 milyon artırmağa vadar edib. Ancaq bu 60 milyonu tapmaq lazımdır. Ermənistan büdcəsi onsuz da kasaddır və hər dollar hesabdadır. Ona görə də qalır yeganə çarə: dilənmək. Dilənəcək ölkə də bəllidir: Rusiya". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, Ermənistan hakimiyyəti silah almaq məqsədilə Rusiyadan onsuz da 200 milyon dollar həcmində kredit alıb: "İndi də növbəti kredit üçün Kremlin qapısını döyəcək. Rusiya böyük ehtimalla 60 milyonu da verəcək ki, Ermənistanın boynuna saldığı ipi bir az daha bərkitsin".

Ekspert "Ermənistanın növbəti prezidenti kim ola bilər" sualı ilə bağlı da öz fikirlərini bölüşüb: "Əslində bu sual əvvəlki illlərdə olduğu kimi o qədər də geniş müzakirə olunmur. Çünki Konstitusiya dəyişikliklərindən sonra Ermənistanda başlıca fiqur baş nazir olacaq. İndiki prezident Serj Sərkisyanın da prezident kürsüsündən baş nazir kürsüsünə keçəcəyini porqnozlaşdırmaq olar. Parlamentdəki hakim partiyanın üstünlüyü də buna imkan verir. Prezidenti isə 2018-ci ildə parlament 7 illiyinə seçəcək və yeni prezidentin geniş funksiyaları olmayacaq.

Bəs prezident kim ola bilər? Son günlər erməni mətbuatında Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyanın ismi çəkilir. 70 yaşlı Qaqik Arutunyan Ermənistan müstəqillik qazandığı illərdə bir neçə ilə baş nazir olub. Keçmiş prezident Levon Ter-Petrosyan Qaqik Arutunyanın kommunist keçmişinə baxmayaraq, hökuməti ona etibar edib. Daha sonra o vitse-prezident vəzifəsini daşıyıb. Ancaq 1996-cı ildə vitse-prezidentlik institutu ləğv olunduqdan sonra Qaqik Arutunyan Konstitusiya Mərkəməsinin rəhbəri təyin olunub. O ölkədə tək-tük siyasi fiqurlardandır ki, bütün hakimiyyətlərlə dil tapıb, ona görə də heç bir prezident ona toxunmayıb. İndi də Serj Sərkisyana elə belə fiqur lazım ola bilər ki, gələcək prezident sakitcə onun dediklərini etsin. Ancaq Ermənistanda gələcək illərdə təlatüm baş qaldırsa, sosial gərginlik bir az daha artsa artıq Qaqik Arutunyan Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən fərqli olaraq məsuliyyətdən yaxa qurtara bilməyəcək".

Rəsmi Bakının Rusiya ilə hazırki münasibətlərinə gəlincə, politoloq qeyd edib ki, arxa planda canlanma var: "Azərbaycan rəsmiləri ard-arda Rusiyanın "RİA Novosti" agentliyinə müsahibə verirlər. Bu müsahibələrin alt qatlarında həm Rusiyanın Azərbaycana hansı yolla təzyiq etdiyi, torpaqların geri qaytarılmasına Moskvanın necə əngəl olduğu, həm də qonşu dövlətin maraqlarının nəzərə alındığına dair maraqlı məqamlar var.

Müsahibələrdəki tezislərin əksəriyyəti Kremlə mesaj mahiyyəti daşıyır. Həmin mesajların cəmini belə oxuyuram: "Biz Sənin maraqlarını nəzərə alırıq, hətta "hücumu dayandır" dedikdə işğalçıya qarşı uğurlu gedən döyüşü dayandırırıq, başqa istəklərini də nəzərə almağa hazırıq, ancaq bunun müqabilində Sən də bizim maraqları nəzər al". Nəzərə alacağını zənn etmirəm. Uzaq və yaxın tarix Rusiyanın Azərbaycanın milli və təhlükəsizlik maraqlarını nəzərə aldığını göstərmir".

DİGƏR XƏBƏRLƏR

Top