Azərbaycanda 50 yaşdan sonra insanlar niyə iş tapa bilmirlər?

Bir müddət əvvəl şəhərdə ətin qiymətinin bahalaşması ilə bağlı sorğu keçirirdik. Adətən, biz özümüz vətəndaşlara yaxınlaşıb mikrofon uzadır, sualımızı səsləndiririk, ancaq bu dəfə bir xanım özü bizə yaxınlaşmışdı. Təxminən 40-45 yaşlarında suyuşirin bir xanım idi. Bildirdi ki, yaşı çox deyil, ancaq iş tapmaqda çətinlik çəkir, bununla bağlı şikayətini dilə gətirdi. Dedi əsas problemlərdən biri də budur, bundan yazın, bunu gündəmə gətirin. Həmin xanım günümüzdə 40, 50 və yuxarı yaşda olan insanların iş tapmaqda çətilik çəkdiyini, müraciət etdikləri yerlərdən müsbət cavab ala bilmədiklərini, şikayətlənmələrinin isə bir əhəmiyyətinin olmadığını söylədi.

Tanınmış iqtisadçı Natiq Cəfərli bununla bağlı "Yeniavaz.com" saytının suallarını cavablandırıb: "İşlə bağlı ümumiyyətlə problem var ölkədə. Gizli işsizliyin sayı həddindən artıq çoxdur. Rəsmi rəqəmlər də bunu sübut eləyir. Baxmayaraq ki, rəsmi işsizlik səviyyəsi cəmi 5 faiz göstərilir, amma ölkədə əmək qabiliyyətli əhalinin sayı 5,2 milyon nəfərdir. Muzdla çalışanların sayı isə 1,6 milyon nəfərə yaxındır. Kifayət qədər böyük rəqəm alınır. Təqribən 800 minə yaxın insanın da pay torpağı var deyə, adlarını işsizlik siyahısından çıxarıblar. Onları da muzdla çalışanların üzərinə gəlsək, 2,5 milyona yaxın insan deməkdir. İşsizliklə bağlı problemlər var. Amma yaşlı insanların iş tapması daha çətindir. İstər şirkətlər, istər dövlət idarələri olsun, əsasən də kommersiya qurumlarında gənc insanların daha enerjili çalışmalarını düşünüb onlara üstünlük verirlər. Gənclər həm də daha az maaşa qane olurlar. Onlar işi öyrəndikdən sonra uzun müddət şirkətə, çalışdığı müəssisəyə xeyir verə bilərlər. Yaşlı insanlar bir müddətdən sonra həm sağlamlıqları ilə əlaqəli problemlər yaşaya bilirlər, həm də işə davamiyyətləri problemə çevrilə bilir. Bundan əlavə, işə götürülən yaşlı insan pensiya yaşına çatıb şirkətdən və ya təşkilatdan getdikdə həmin işi görə biləcək yeni kadrların yetişdirilməsi problemə çevrilir. Bütün bu texniki məsələləri, əsasən də işin davamiyyəti ilə bağlı yarana biləcək problemləri nəzərdə tutan işəgötürənlər daha çox gənc kadrlara üstünlük verməyə çalışırlar. Gənc kadrlar az maaşa qane olan insanlardılar, çoxu heç ailə də qurmayıb. Amma 50 və daha yuxarı yaşda olan insanların problemləri, məişət problemləri daha çox olduğu üçün onların maaşa tələbatı daha yüksəkdir. Düşünürəm ki, məhz bu məsələlərə görə, yaşlı insanların iş tapması daha da çətindir - gənclərə nisbətən".

Natiq Cəfərlinin dediyinə görə, nisbət olaraq baxdıqda, gənc yaşda olanlar arasında da işsizlik səviyyəsi yüksəkdir: "Bu, dünyada çox böyük problemlərdən biridir. Yeni texnologiyalar yarandıqca, yeni yanaşmalar olduqca, yeni texnologiyalar dövriyyəyə girdikcə fiziki işə, insan əməyinə tələbat getdikcə azalır. Təqribən 20 il bundan qabaqla indikinin arasında kifayət qədər böyük fərq var. 20 ildən sonra isə ümumiyyətlə, başqa bir dünyada yaşayacağıq. İnsan əməyinə olan tələbat azalacaq. Ona görə də hökumətlərin borcudur ki, sosial layihələr çərçivəsində insanların minimal yaşam tərzini təmin etmək üçün imkanlar yaratsın. Bu iqtisadi, sosial sahədə də ola bilər, dövlət sektorunda da. Bir çox sahələr var ki, orada texnika, texnologiya inkişaf etsə də, insan əməyinə, insan beyninə, insan müdaxiləsinə həmişə ehtiyac yaranacaq. Həmin sahələr daha ciddi inkişaf etdirilməlidir ki, başqa sahələrdə iş azaldıqca iş tapa bilsinlər. Bu, qlobal problemdir, Azərbaycanda isə ümumi iqtisadi vəziyyəti, ümumi iqtisadi trendi nəzərə alaraq demək olar ki, daha qabarıq, getdikcə daha çox önə çıxacaq, ən çox müzakirə olunacaq, çözüm axtarılacaq problemə çevriləcək yaxın illərdə".

"Özlərinə gün ağlaya" bilərlərmi?

Bəs bu yaşadək insanlar özləri hansısa ehtiyat tədbiri görə, el dili ilə desək, "özlərinə gün ağlaya" bilərlərmi? İqtisadçının bu suala cavabı belə oldu: "Bu Azərbaycanda təhsil sistemi ilə də bağlıdır. Təəssüf ki, Azərbaycanda təhsil sisteminin müasir standartlara cavab verməməsi, peşə dəyişdirmək üçün infrastrukturun olmaması və s. insanlara təsir edir. Bəlli yaşdan sonra peşəni, ixtisası dəyişmək, ehtiyac olan ixtisaslara yiyələnmək həm texniki olaraq, həm də psixoloji olaraq çətindir. İnsanlar buna öyrəşməyə çox çətinlik çəkirlər.

Beynəlxalq araşdırmalar göstərir ki, bu gün aktual olan ixtisaslardan, peşələrdən təqribən 70 faizi yaxın 20 il sonra sıradan çıxacaq. Vaxtilə bu prosesi dünya tarixi keçib. 1850-ci illərdə bütün şəhərlərdə ən çox iş yeri küçə fənərlərini yandıran insanlarla bağlı olub. Yəni bütün şəhərlərdə yüzlərlə, minlərlə insan bu cür iş tapırdı, işləyirdi, küçədə fənərləri, şamları yandırırdılar. Elektrik enerjisi kəşf olunduqdan sonra həmin insanların işinə ehtiyac qalmadı. Bu texnoloji dəyişiklik həmişə olub. Dövlət də bunu düşünməlidir, prioritetləri öyrənməlidir, ölkənin, dünyanın hara getdiyini bilməlidir, tələbat olan ixtisasları önə çəkməlidir. Deyirdilər ki, yaxın gələcəkdə texniki fənlər, peşələr üstünlük təşkil edəcək. Amma mən əksini düşünürəm, gələcəkdə humanitar fənlər, qələm əhlinin, yazı-pozu əhlinin işi daha çox artacaq. Çünki kompüterlər, robotlar məqalə, böyük analitik yazılar yaza, müsahibə ala bilməzlər. Qələm əhlinə və humanitar fənlərə daha ciddi tələbat yaranacaq gələcəkdə. Onun bazarının yaranması üçün indidən düşünmək lazımdır. Yəni bu bazar daha inkişaf eləməlidir. Bunun üçün reklam bazarı inkişaf etməlidir, reklam bazarı üçün iqtisadi rəqabət olmalıdır. Bunlar bir-biri ilə o qədər sıx bağlı məsələlərdir ki, obrazlı desək, kərpicin birini öz yerinə qoymaq üçün bütün divara əl gəzdirilməlidir. Yəni bütün sistemin bəzi oyun qaydaları dəyişdirilməlidir".

"İş tələb etmək hər bir vətəndaşın Konstitusion hüququdur"

Hüquqşünas Qaçay Şahbazov isə saytımıza bildirdi ki, qanunvericilikdə bununla əlaqədar hər hansı məhdudiyyət yoxdur: "Elə bir qanun yoxdur ki, yaşı ilə əlaqədar hansısa insana qadağa qoyulsun. İşə düzəlmə ilə bağlı hər bir vətəndaş rayon ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işədüzəltmə idarələri var. Yaşlı insanlar da öz ixtisaslarına uyğun işlə təmin olunmaq üçün müraciət edə bilərlər. Düzdür, yeni əmək qanunvericiliyinə görə, pensiya yaşı 65 müəyyən olunub. Ona görə də 65 yaşına qədər hər bir insanın ixtisasına uyğun, peşə hazırlığına uyğun, eyni zamanda səhhətinə uyğun işlərlə təmin olunmaq, iş istəmək səlahiyyətləri var. Bu mənada Azərbaycan Respublikasının qanunvericiliyində heç bir qadağa yoxdur. Əlbəttə, hüquq-mühafizə, prokurorluq, dövlət təhlükəsizlik orqanlarında müəyyən olunmuş yaş hədləri var. Amma digər ümumi işlərə isə bu aid deyil. İşləmək, iş tələb etmək hər bir vətəndaşın Konstitusion hüququdur. Bu insanın yaşayışı nə ilə təmin olunmalıdır? İşləməlidir ki, yaşasın. Dövlət də onu işlə təmin etməyə borcludur. Dövləti isə ayrı-ayrı idarə və müəssisələr, özəl təşkilatlar təmsil edirlər. Qanunvericiliyə uyğun olaraq, 50 və yuxarı yaşda olan insanlar da iş üçün müraciət etməli, əsaslandırmalı və tutarlı səbəb yoxdursa, qarşı tərəf də onların işə götürülməsinə mane olmamalıdır. Təəssüf ki, ayrı-ayrı hüquqi və fiziki şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar subyektiv hərəkətlərə yol verirlər. Bu da arzuolunmaz haldır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top