"Azərbaycan milli geyimləri olduğu kimi" sərgisi keçiriləcək

İyul ayının 4-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycan milli geyimləri olduğu kimi" sərgisinin açılışı keçiriləcək. "Azərbaycan milli geyimləri olduğu kimi" sərgisinin əsas məqsədi qloballaşan dünyada Azərbaycan türk-müsəlman mədəniyyətinin qorunub saxlanmasına və gələcək nəslə təhrifsiz ötürülməsinə töhfə verməkdir. Belə ki, son illərdə milli geyim mədəniyyətimizdə özfəaliyyət xarakteri daşıyan dəyişik və təhriflər əsl həqiqətin ortaya qoyulması ehtiyacını doğurub.

Sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyevanın Azərbaycan, Gürcüstan və İrandakı muzey və kolleksiyalarda apardığı tədqiqat nəticəsində XIX əsrin sonu, XX əsrin əvvəllərində istər Şimali, istərsə də Cənubi Azərbaycanda mövcud olmuş geyim növlərinin norma və qaydaları müəyyən edilib, onların əsasında milli geyim standartları tərtib edilib.

Maliyyə dəstəyi göstərmiş bir sıra vətənpərvər azərbaycanlının köməyi ilə milli geyim standartlarına uyğun olaraq, ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim komplektləri tikilib.

Sərgidə geyimlərlə bərabər Muzeyin kolleksiyasında olan tarixi fotoşəkillər, eləcə də müvafiq məlumatlar təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top