"Sarı gəlin"i ifa edəcəklər

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca istedadları növbəti festivala yola düşüblər. Teatrın mətbuat xidmətindən bildirilib ki, teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində baş tutacaq "Golden Sparkles European Music Festival"ında ölkəmizi təmsil edirlər. Ənənəvi olaraq yay aylarında baş tutan və dünyanın müxtəlif ölkələrindən onlarla iştirakçını bir araya gətirən budəfəki festival iyulun 5-dək davam edəcək.

Azərbaycanla yanaşı tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələr də təmsil olunur.

6-15 yaş arası uşaqları əhatə edən sənət bayramında ölkəmizi teatr-studiyanın istedadlı aktrisa-vokalçıları Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli təmsil edirlər. Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa edəcək. Azərbaycan və ingilis dillərində təqdim olunacaq bu mahnıdan başqa vokalçılar solo ifalarını da nümayiş etdirəcəklər. Studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva milli maraqların önə çəkildiyi bu yarışmada "Sarı gəlin"ə təsadüfən müraciət etmədiklərini deyib.

Xatırladaq ki, bundan əvvəl də studiyanın iki fəalı bu festivala qatılaraq laureat diplomları ilə təltif olunublar.

DİGƏR XƏBƏRLƏR

Top