Naxçıvanda "Göy quş"una ictimai baxış olub

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nobel mükafatı laureatı Moris Meterlinkin məşhur ikihissəli "Göy quş" tamaşasına ictimai baxış olub. Qeyd edək ki, M.Meterlinkin "Göy quş" pyesi onun ən gözəl səhnə əsərlərindən biridir. Dramaturq başqa pyesləri kimi, bu əsərində də xalq nağılının formasından istifadə etmişdir. Balaca oğlan Tiltil (Vəli Babayev) və onun bacısı Mitil (Heyran Abdullayeva) kasıb bir odunçunun uşaqlarıdır. Milad bayramı axşamı onlar Pəridən (aktrisa Zəminə Məmmədova) Göy quşu axtarıb tapmaq tapşırığını alırlar. Nağıl qəhrəmanı olan balaca uşaqları əhatə edən əşyalar və canlılar da onlara qoşularaq Göy quşun ardınca gedirlər. Lakin dramaturq bu əşya və canlıları da iki cəbhəyə bölərək özünün simvolik baxışları ilə onları dost və düşmənə, xeyir və şər qüvvələrə ayırır. Balaca Tiltil və Mitil müxtəlif sirli ölkələrə səyahət edirlər. Tamaşada uşaqları Xatirələr ölkəsində babası və nənəsi ilə görürük. Onların Gecənin sarayına gəlməsi və başqa yerlərdə olması da maraqlı səhnələrdir. Dramaturq bu səhnələrdə insanın təbiət qüvvələri, aclıq və müharibə üzərində qələbəsi fikirlərini simvolik şəkildə ifadə edir.

Qeyd edək ki, Əməkdar artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşada geniş aktyor kollektivi rol alıb. Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev, Azərbaycan Respublikasının Əməkdar artistləri Bəhruz Haxverdiyev, Əli Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Vüsal Rzayev, Kəklik Novruzova, aktyorlar Zakir Fətəliyev, Nazlı Hüseynquliyeva ilə yanaşı, gənc aktyorlar Səyyad Məmmədov, Fatimə Yusifli, Anar Eyvazov, Mehri Nəbiyeva və başqalarının rol aldığı tamaşa maraqlı səhnə həllini tapıb.

DİGƏR XƏBƏRLƏR

Top