"Suriyada gedən müharibə nəticəsində Nəsiminin məzarı təhlükə ilə üz-üzə qalıb"

Bu gün Mərkəzi Elmi Kitabxanada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar "Nəsimi-600" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran və Hindistandan olan mütəxəssislər də iştirak ediblər.

Konfransı giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Nəsiminin zəngin irsindən söz açıb, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan danışıb. O, Nəsiminin anadilli poeziyanın qüdrətli nümunələrini yaratdığını və özündən sonrakı dövrün ədiblərinin formalaşmasında mühüm rol oynadığını söyləyib. Natiq Nəsimi yaradıcılığına ilk böyük qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini və şairin anadan olmasının 600-cü ildönümünün 1969-cu ildə təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Nəsiminin yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasının tərənnümünün, mənəvi azadlığın, bəşəri dəyərlərin, insana sevginin və azadlığın geniş yer tutduğunu deyib.

BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev konfransın Nəsimi yaradıcılığını yeni aspektdən öyrənməyə imkan yaradacağını bildirib. Qeyd edib ki, Nəsimini anlamaq üçün İslam dinini, hürufiliyi, dövrün mənzərəsini və dilini mükəmməl bilmək lazımdır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında Nəsiminin inqilabçı ideyaların daşıyıcısı olduğunu və şairin bu fikirlərinə görə din xadimlərindən əlavə, həm də dövrün siyasi dairələri tərəfindən təqib edildiyini deyib. Nəsiminin yaradıcılığının mərkəzində "Allah gözəldir və gözəli sevir" ideyasının durduğunu söyləyən akademik R.Hüseynov şairin ən mürəkkəb fəlsəfi fikirləri sadə dildə izah etdiyini bildirib. R. Hüseynov Suriyada gedən müharibə nəticəsində Nəsiminin məzarının təhlükə ilə üz-üzə qaldığını və onun Azərbaycana gətirilməsi məsələsinin Avropa Şurası Parlament Assambleyasının Yaz sessiyasında qaldırıldığını diqqətə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top