"Fransalı sənətçilərin arzuları elə arzu olaraq qaldı"

"Azərbaycan mədəniyyəti fransızları həmişə məftun etmişdir". Bu sözləri üzeyirbəyşünas Səadət xanım Qarabağlı bizimlə söhbətində deyib. Onun sözlərinə görə, hələ XIX əsrin ortalarında Aleksandr Düma Bakıda qonağı olduğu ev sahiblərinin fransız mədəniyyəti və fəlsəfəsinə marağına valeh olub: "Yeri gəlmişkən, onu da deyim ki, Düma məşhur Nizami Gəncəvinin əsərlərinin və şairə Natəvanın heyranedici təsirinə qapılıb. Tarixdən də məlumdur ki, xan qızı Xurşudbanu Natəvanla yazıçı Aleksandr Düma (ata) şahmat oynayıb, böyük şairəmiz ona qalib gəlib. Məğlub olduğunu görən fransalı qonaq özü ilə gətirdiyi şahmatı və görkəmli sərkərdə Napoleonun kiçik büstünü Natəvana bağışlayıb (Şairənin həyat yoldaşı, fransızcanı öz ana dili qədər təmiz və səlis bilən knyaz Xasay xan Usmiyevə isə "Devim" tipli tapança hədiyyə edib. Xan qızının da Dümaya hədiyyəsi (iki arxalıq və öz əli ilə toxuduğu kisəcik) olub. Bu barədə yazıçı özünün "Qafqaza səyahət" əsərində də yazıb). Aleksandr Dümanın şairəyə ərmağan etdiyi şahmatın fiqurlarından bir neçəsi hazırda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində, bir neçəsi də Rüstəm Mustafayev adına Dövlət İncəsənət muzeyində saxlanılır. Napoleonun büstü isə xan qızının nəticəsi Leyla xanım Usmiyeva tərəfindən ötən əsrin 80-ci illərində Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə verilib".

Daha sonra Səadət xanım bildirdi ki, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli (1920-ci ilin 28 aprelində Azərbaycan rus qoşunları tərəfindən işğal olunduqdan sonra, Fransaya gedən nümayəndələrin hamısı kimi C. Hacıbəyli də bir daha vətənə qayıtmamış, ömrünün sonuna qədər (1962) Parisdə mühacirətdə yaşamışdır) hələ keçən əsrin əvvəllərində Fransa mətbuatında Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin geniş təbliğində çox böyük işlər görüb: "1925-ci ildə qardaşı Üzeyir bəy Hacıbəylinin məşhur "Arşın mal alan" operettasını fransız dilinə tərcümə edərək, Parisdə tamaşaya qoyub. Əsər Fransada çox böyük maraq və müvəffəqiyyətlə qarşılanıb. Bundan əlavə C. Hacıbəyli "XIX əsrin əvvəlləri Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov", "Qarabağ" (Qafqaz Albaniyası) dialekti və folkloru" və digər əsərlərini Parisdə çıxan "Jurnal Aziatik" dərgisində çap etdirib. Ceyhun bəy ömrünün son illərində keçmiş SSRİ-ni öyrənən institutun Parisdə, fransız dilində nəşr etdiyi "Qafqaz" dərgisinin Azərbaycan bölməsində dərc edilən məqalələrin hazırlanması və nəşri ilə də məşğul olub. Fransa ictimaiyyəti hələ o illərdən Azərbaycan incəsənəti və mədəniyyəti ilə tanış idi. Hətta 1958 -1969-cu illərdə Fransa Respublikasının Prezidenti olmuş general Şarl de Qoll Bakıda Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasına da baxıb.

26 noyabr 1944-cü ildə Şarl de Qoll rəhbərlik etdiyi Müvəqqəti Fransa hökumətinin nümayəndə heyəti və Fransanın xarici işlər naziri Jorj Bido ilə birlikdə Moskvaya getmək üçün Tehrandan Bakıya gəlib. Noyabrın 27-də Azərbaycan Dövlət Opera və Balet teatrında məxsusi olaraq De Qoll üçün Ü. Hacıbəylinin məşhur "Koroğlu" operası göstərilib. Tamaşa zamanı general əsərin müəllifi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə tanış olub. Görüş çox səmimi keçib. Onlar teatrın hökumət lojasında bərabər oturublar. "Koroğlu" operasına tamaşa edən De Qoll tamaşadan vəcdə gəldiyini bildirib. Üzeyir bəy operanın məzmununu qonağa anlatmaq istərkən, Şarl de Qoll deyib ki, o, "Koroğlu" dastanı ilə tanışdır. Onu Fransada çıxan "Vətən xatiratı"nda" ("Oteçestvennıye zapiski") oxuyub." Koroğlu" operasını isə çox bəyəndiyini, əsərdən böyük zövq aldığını söyləyib və onun müəllifi Üzeyir bəy Hacıbəyli ilə tanışlığından məmnun qaldığını dönə-dönə vurğulayıb. Ertəsi gün görkəmli siyasi xadim qatarla Moskvaya yola düşüb".

Səadət xanımın sözlərinə görə, mədəniyyətimizlə yüksək səviyyədə tanış olan, maraqlanan Fransa xalqının nümayəndələri həmişə Azərbaycanın mədəni irsinə valeh olub və məftunluğunu heç zaman gizlətməyiblər: "Hətta 2004-cü ildə, mən hələ Üzeyir Hacıbəylinin ev-muzeyində çalışdığım zaman Parisdən rejissor Dominik Domiyo və aktrisa Selin Bark muzeyə gəliblər. Mənim haqqımda onlara tanınmış həmyerlimiz, Azərbaycanı Fransada layiqincə təmsil edən Şirin xanım Məlikoff söyləyib və fransalı sənətkarlara mənimlə görüşməyi tövsiyə edib. O zaman çox böyük ümidlərlə Bakıya təşrif buyurmuş qonaqlar Üzeyir bəy Hacıbəylinin bütün Şərq aləmində ilk operası olan "Leyli və Məcnun" əsərini Parisdə tamaşaya qoymaq arzularını bildiriblər. Bununla bağlı əlimdən gələn köməyi onlara göstərməyə çalışdım. Onlara dahi bəstəkarımızın həyat və yaradıcılığı haqqında geniş məlumat verdim, kitablar bağışladım. Lakin fransalı sənətçilərin arzuları elə arzu olaraq da qaldı. Doğrudur, "Leyli və Məcnun" operası kiçik heyətlə Fransada göstərilib. Lakin orada onu səhnələşdirmək hələ ki, baş tutmayıb. Bu məqamda xüsusi olaraq qeyd edim ki, Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının librettosunu Ceyhun bəy Hacıbəyli fransız dilinə tərcümə edib.

Son illər Azərbaycan və Fransa əlaqələri geniş vüsət alır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir-birindən maraqlı tədbirlər həyata keçirilir. Mədəniyyətimiz, incəsənətimiz orada layiqincə təbliğ olunur. Yəqin ki, vaxt gələcək Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operası da fransız dilində Fransada tamaşaya qoyulacaq və Fransa xalqını valeh edəcək. Vaxtilə bu missiyanı həyata keçirmək istəyən sənətçilərin də arzuları gerçəkləşəcək".

DİGƏR XƏBƏRLƏR

Top