Xalçaların sehrli çalarları sərginin gözəlliyini daha da artırıb

Astanada "Avrasiya Beynəlxalq kitab sərgisi" çərçivəsində "Azərbaycan xalçalarının hazırlanmasının qədim ənənələri" adlı sərgi açılıb. Qazaxıstandakı səfirliyimizin dəstəyi ilə keçirilən sərgidə xalçaçı Zakir Binnətli Azərbaycan qədim xalçaçılıq mərkəzi olduğunu diqqətə çatdırıb. Bildirib ki, "Azərbaycan xalçaları dünyanın məşhur rəssamlarının tablolarında, səyyahların əsərlərində təsvir olunub, gözəlliyi ilə hamını heyran qoyub. Azərbaycan xalçaları zərif və parlaq yunu, yüksək keyfiyyəti, rəngarəngliyi, ecazkar naxışları ilə hələ orta əsrlərdən dünya miqyasında şöhrət tapıb. Artıq XIX əsrdə beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan xalçaları öz zərifliyi ilə diqqəti cəlb etmişdir".

Sərgi iştirakçılarının diqqətinə çatdırılıb ki, əsrlərboyu Azərbaycanın müxtəlif regionlarında müxtəlif xalçaçılıq məktəbləri olub və bu gün də mövcuddur.

Tədbirdə İrəvan və Qarabağ xalçaları haqqında da ətraflı məlumat verilib. Quba, Bakı, Şamaxı, Gəncə, Qazax və Naxçıvanda toxunan xalçaların yunun keyfiyyəti, boya komponentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə bir-birindən fərqləndiyi qeyd edilib.

Tədbir iştirakçıları xalçalardakı sehrli və rəngarəng çalarların sərginin gözəlliyini daha da artırdığını vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

Top