Üzeyir bəyin portreti necə ərsəyə gəldi?

Sovet dönəmində bir çox mədəniyyət və incəsənət xadimlərinin portretləri çəkilib. Onların arasında Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli (1885-1948) də olub. Onun portretini ərsəyə gətirmək (1943) Mikayıl Abdullayevə nəsil olub. O vaxt V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alan gənc rəssamın cəmisi 22 yaşı vardı. Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verən Üzeyir Hacıbəyli isə 58 yaşındaydı.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, əsərin yaranma tarixçəsinin özü də çox maraqlıdır: "Portret o vaxt yeni yaradılan C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin ekspozisiyasını bəzəmək üçün nəzərdə tutulmuşdu. Onu rəssama görkəmli dramaturq C. Cabbarlının həyat yoldaşı Sona xanım sifariş etmişdi. Sifarişin məsuliyyətini dərindən hiss edən gənc rəssam onu hazır fotolar əsasında yaratmaq əvəzinə, bilavasitə naturadan işləmək qərarına gəlir. Mikayıl Abdullayevin istəyini Üzeyir bəyə bildirəndə o, bu işə razılıq vermir. Sonralar məlum olur ki, buna onu vadar edən səbəb varmış. Belə ki, əvvəllər Moskvada rəssamlardan biri onun portretini çəkmək istəyib və bunun üçün bəstəkarın xeyli vaxtını alıb. Amma duyulası vaxt itkisinin qarşılığında nəticə yaxşı olmayıb və bu hadisə bəstəkarda rəssamlara qarşı bir inamsızlıq yaradıb. Bu baxımdan o, 22 yaşlı tələbənin yaxşı portret çəkəcəyinə də ümid bəsləməyib və etirazını bildirib. O vaxtlar Bakıda İncəsənət İşləri İdarəsinin rəisi işləyən xalq artisti Adil İsgəndərovun təkidindən və xahişindən sonra Üzeyir bəy bu işə razılıq verir".

Ziyadxan Əliyevin sözlərinə görə, gənc rəssamın ərsəyə gətirdiyi portret Üzeyir bəyin həyat yoldaşının çox xoşuna gəlir. Odur ki, Mikayıl Abdullayevin Üzeyir bəyin şəxsi katibi Ramazan Xəlilovla söhbətindən sonra onu Üzeyir bəyə bağışlanılması qərara alınır: "Amma rəssam bəstəkardan muzeydə yer alacaq ikinci portretin çəkilməsi üçün ona vaxt ayırmasını xahiş edir. Üzeyir bəy bu dəfə həvəslə buna razılıq verir. Həmin vaxt baş verənləri Mikayıl Abdullayev belə xatırlayır: "Tezliklə ikinci və həcm etibarı ilə böyük bir portret başladıq. Bu dəfə kabinetdəki iş masasının arxasında, tünd qırmızı xalçanın fonunda o, barmaqlarını daraqlayıb əyləşdi..."

Məlumat üçün bildirək ki, bu bədii cəhətdən çox kamil olan portret hazırda Ü. Hacıbəylinin ev-muzeyində nümayiş olunur. Bəstəkara bağışlanılan birinci portret isə onun vəfatından sonra bir müddət Moskvadakı M.İ.Qlinka adına Musiqi Mədəniyyəti Muzeyində nümayiş etdirilib, ora M. Abdullayvin yeni bir portret təqdim etməsindən sonra yenidən Bakıya-ev muzeyinə qaytarılıb. Azərbaycan Teatr Muzeyində isə rəssamın bəstəkarın fotosu əsasında işlədiyi üçüncü portret saxlanılır...

DİGƏR XƏBƏRLƏR

Top