Gürcüstana satdığımız elektrik enerjisi 20 dəfədən çox artıb

Cari ilin yanvar-may ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 63,45 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2 dəfədən çox artıb. "Yeniavaz.com" Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 6-cı ölkə olub. Cari ilin ilk 5 ayında Gürcüstanın ümumi ixracının 6,3%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerlərdə Rusiya (ilk 5 ərzində 151,1 milyon dollar), Türkiyə (97,1 milyon dollar), Çin (82,3 milyon dollar), Ermənistan (71,4 milyon dollar) və Bolqarıstan (66,4 milyon dollar) gəlir.

Azərbaycan Türkiyədən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 5 ayında Azərbaycandan 252,8 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 35,5% artıb. Bu məhsulların 147,5 milyon dolları neft və təbii qazın, 30,9 milyon dolları neft və neft məhsullarının payına düşüb. Eyni zamanda 5 ay ərzində 28,3 milyon dollar dəyərində elektrik enerjisi idxal edib. Qeyd edək ki, Azərbaycandan Gürcüstana satılan elektrik enerjisi dəyər ifadəsində 20 dəfədən çox artıb.

Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 5 ay ərzində Türkiyədən 494 milyon dollar, Rusiyadan isə 279,3 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Çin (226 milyon dollar), Almaniya (179,4 milyon dollar), Ukrayna (154,2 milyon dollar), Ermənistan (109,3 milyon dollar) və ABŞ (104,9 milyon dollar) gəlir.

DİGƏR XƏBƏRLƏR

Top