Arzularını çəkən rəssam - Elbəy Rzaquliyev

Xalq rəssamı Elbəy Rzaquliyev anadan olmasından (17.06.1926 - 15.09. 2007) 91 il ötür. Elbəy Rzaquliyevdən söz düşəndə onu, bir qayda olaraq, "Arzularını çəkən rəssam" kimi xarakterizə edirlər. O, təhsilini başa vurduqdan sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb, "Ögey ana", "Onun böyük ürəyi", "Telefonçu qız", "Arşın mal alan" (1965), "Skripkanın sərgüzəşti", "Arxadan vurulan zərbə", "Bəxtiyar", "Görüş", "İstintaq davam edir", "Şeytan göz qabağında", "Bəyin oğurlanması", "Qəzəlxan" və bir sıra digər filmlərinin uğurlu ekran taleyinə bir quruluşçu rəssam kimi öz töhfəsini verib. Bu filmlərin hər birində rəssamın özünəməxsus təsvir və yaradıcılıq fantaziyasının cizgilərini görmək mümkündür.

E. Rzaquliyevin "İnşaatçılar", "Əmək adamları", "Qələbə bayramı" rəsmləri, Bakının və Abşeronun peyzajı seriyasından olan işləri, xarici ölkələrə həsr etdiyi "Meksikada", "Hindistan abidələri", həmçinin akvarel seriyasından olan "Yaponiya", "ABŞ", "Rumıniya" və s. portret və rəngkarlıq işləri sənətsevərlərin marağına səbəb olub. E.Rzaquliyevin "Xarici seriya"dan olan rəsmləri dəfələrlə respublika, ümumittifaq və beynəlxalq sərgilərdə nümayiş etdirilib.

Bəli, o, sənətinin vurğunu idi. O, ərsəyə gətirdiyi hər bir əsəri ilə nəfəsi alırdı. Yeri gəlmişkən, E.Rzaquliyev sənəti ilə bağlı söhbətlərinin birində Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadəyə belə demişdir: "Mən yeni çəkdiyim əsər qarşısında uzun müddət dayanıb xəyala dalmağı çox sevirəm. Əgər rəsmdəki insanların səsini eşidirəmsə, onlarla birlikdə sevinir, həyəcanlanır, kədərlənirəmsə, bir sözlə, təsvir etdiyim bir parça həyatı yaşayıramsa, demək istəyimə nail olmuşam. Bu hissləri duymuramsa, onda əsər yenidən işlənməlidir".

DİGƏR XƏBƏRLƏR

Top