Yazarların məşhur əsərləri

Elə müəllif vardır ki, bir əsəri ilə yada düşür. Elə müəllif də vardır ki, onlarla əsəri var heç biri yada düşmür. Bu dəfə yerli yazarların ən çox məşhur olan əsərləri haqqında danışacağıq. Əvvəlcə xalq yazıçısı Anar Rzayevin "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri ilə başlayaq.

"Beşmərtəbəli evin altıncı mərtəbəsi" kitabına "Ağ liman" povesti və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı daxildir. Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən əsərdir. Bu roman "Ağ liman" povestinin davamı olsa da, müstəqil romandır. "Ağ liman"da olan Təhminə və Zaur bu romanın əsas qəhrəmanlarıdır. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanılmasının vacibliyindən söz açılır.

Azərbaycan ədəbiyyatında ən güclü əsərlərdən biri kimi "Qətl günü" romanının adını çəkə bilərik. Ədəbiyyatşünaslar "Qətl günü" romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edirlər. Əsərin müəllifi xalq yazıçısı Yusif Səmədoğludur. "Qətl günü" yetərincə populyarlıq qazanıb və yazıçının eyniadlı romanı əsasında film çəkilib.

Sevilən və yüksək tirajla çap olun əsərlərdən biri də "Daş evlər" romanıdır. Bu romanın müəllifi yazıçı Seyran Səxavətdir. Yazıçının bundan başqa "Yüz ilin kişisi" povesti də yetərincə məşhur olub.

Ən çox müzakirələrə səbəb olan romanlar kimi elə "Daş yuxular" romanını da qeyd edə bilərik. Müəllif yazıçı Əkrəm Əylislidir. Lakin roman ölkədə kitab halında çap olunmayıb. Ona görə ki, romanda ölkəyə qarşı zidd fikirlər səsləndirilməsi iddiası irəli sürülüb və müəllif Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və Azərbaycan Respublikasının xalq yazıçısı fəxri adından məhrum edilib. Bundan başqa yazıçının "Mənim nəğməkar bibim", "Adamlar və ağaclar", "Kür qırağının meşələri" hekayələri və povestləri də məşhurdur.

"Bu dünyanın qara daşı ğöyərməz" çoxsəhifəli şeirlər kitabıdır. Bu kitaba şair Musa Yaqubun 10-dan artıq nəşr edilmiş kitabı daxil edilib. Məşhur şeirlərdən "Bir günah sənin, bir günah mənim", "Onda biləcəksən", " Öyrətmə özünə, öyrətmə məni" kimi dillər əzbəri şeirləri də daxil edilib.

"Nəfəs - kitablar kitabı" Ramiz Rövşənin ayrı-ayrı zamanlarda nəşr olunmuş beş kitabını özündə birləşdirən kitabdır. Bu kitaba "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Bir yağışlı nəğmə", "Hamı oğul böyütmüşdü", "Ayın o biri üzü" kitabları daxil edilib.

"Sənə deyiləsi deyil, sənə deyiləsi sözüm" kitabı çap edildikdən bir neçə gün sonra satılıb qurtarıb. Kitabın müəllifi Salam Sarvandır. Kitaba daxil edilən şeirlərin hər biri məşhur şeirlərdir. Şairin bundan başqa bir neçə kitabı da çap edilib.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top