O, Azərbaycan teatr tarixinə kraliça kimi daxil olub FOTO

"Almaz"da Yaxşı, "Onu bağışlamaq olarmı?"da Kəmalə, "İnsan məskən salır"da Ana kimi tanıyırıq onu... 1938-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışdı və neçə-neçə maraqlı rollar - Sona ("1905-ci ildə"), Xuraman ("Vaqif"), Hermiona ("Qış nağılı"), Xumar ("Şeyx Sənan"), Kleopatra ("Antoni və Kleopatra") yaradıb.

Bəli, o, Azərbaycan teatr tarixinə kraliça kimi daxil olub. Böyük ürəkli qüdrətli sənətkar olaraq "Azdrama"nın repertuarına ciddi təsir gücünə malik olub. Onun çiyinlərinə götürdüyü yükü hər aktrisa yerindən tərpədə bilməzdi. Söhbət bu gün anadan olmasından 104 il ötən Azərbaycan və SSRİ-nin Xalq artisti Hökümə Qurbanovadan (1913 - 2.11.1988) gedir.

Hökümə Qurbanova Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında "Onun sənət ulduzu" monoqrafiyasını yazıb. Sənətşünasların fikrincə, teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını o səsləndirib. O, bu gün də ekranlardan düşməyən "Uzaq sahillərdə" filmində Anjelikanı, "Ögey ana"da Dilarəni, "Böyük dayaq"da Mayanı, "Aygün"də Aygünü, "Romeo mənim qonşumdur"da Nonanı, "Bizim küçə"də Saranı məharətlə səsləndirib.

Neçə-neçə obrazları yaddaşlara əbədilik həkk edən Hökümə Qurbanova (o, böyük bəstəkarımız Müslüm Maqomayevin doğma bacısı Məlikət Maqomayevanın övladı olub) görkəmli aktyor Ələsgər Ələkbərov, bir qədər sonra tanınmış rəssam Nüsrət Fətullayev ilə evlilik həyatını, ayrılıq anlarını da yaşamalı olub. Ömrünün ahıl çağında isə sevimli qızı, görkəmli aktrisa Vəfa Fətullayevanı itirməsi onun üçün ən böyük dərd olub. O bu hadisədən 1 il sonra - 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib. Aktrisa Fəxri xiyabanda dəfn edilib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hökümə Qurbanovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top