Üzeyir bəy Hacıbəyli hansı ünvanlarda yaşayıb?

Böyük mütəfəkkir, Azərbaycan professional musiqisinin banisi, dahilər dahisi Üzeyir bəy Hacıbəylinin hansı ünvanlarda yaşaması onun pərəstişkarlarını düşündürən məsələlərdəndir. Bununla bağlı üzeyirbəyşünas Səadət Qarabağlıya müraciət etdik. O, Üzeyir bəyin böyük bacısı Sayad xanımın oğlu Camal Paşayevin məlumatlarına istinadən suallarımızı cavablandırdı.

Səadət xanım söhbətinə bu sözlərlə başladı:

- Saf, bulaq kimi çağlayan musiqisi ilə Azərbaycanımızı dünyaya tanıdan XX əsrin dühası Üzeyir bəy Hacıbəylinin həyatı çox kəşməkəşli olub. Yollarına heç də həmişə qızılgüllər səpilməyən bu məğrur, əyilməz və səbirli insan vətəninin, canından çox sevdiyi millətinin tərəqqisi üçün bütün çətinliklərə sinə gərib. Uşaq vaxtından qədim, gözəl Şuşa şəhərində "Çöl qala" məhəlləsində yaşayarkən ailəsinə maddi kömək məqsədi ilə kitab yazmağa başlayıb. Əski əlifba ilə o, nağıllar, hekayələr yazıb, onlara illüstrasiyalar çəkib və bunları kitab şəklində cildləyib. İlk qələm məhsullarına "Kitabi - məzhəkə" adı verib. Hər gün on üç yaşlı Üzeyir bəy üç belə kitab hazırlayar, dostları isə onları 15 qəpiyə həmyaşıdlarına satardılar. Kitablardan əldə olunan 45 qəpiyi Üzeyir bəy gətirib anası Şirinbəyim xanıma verər, beləliklə də ailəsinə maddi yardım göstərərdi. 14 yaşında ikən, 1899-cu ildə Ü. Hacıbəyli Gürcüstana gəlir və Qori Müəllimlər Seminariyasına daxil olur. Orada oxuyarkən də yaradıcılıq həvəsi onu tərk etmir. Özünün ilk "Dəllək" adlı mənzum felyetonunu yazır və Tiflisdə çıxan "Şərqi-Rus" qəzetində dərc etdirir. Xalq mahnılarını nota salır.

- Səadət xanım, bəs Üzeyir bəyin Bakıya gəlişinin tarixçəsi barədə nə deyə bilərsiniz?

- Seminariyanı bitirdikdən sonra, 1904-cü ildə onu dərs demək üçün Qarabağ mahalının Hadrut (indiki Xocavənd) kəndinə müəllim təyin edirlər. Burada bir il rus dili, hesab, tarix və musiqidən dərs deyən Üzeyir bəy Hacıbəyli 1905-ci ildə erməni-müsəlman davası başlaması üzündən təcili olaraq kənddən uzaqlaşdırılır və Bakıya yola salınır. 1905-ci ildən etibarən Üzeyir bəy Bakıda yaşamağa və işləməyə başlayır. Əvvəlcə müəllim kimi fəaliyyət göstərir. Bayıldakı "Bibi-heybət" məktəbində (hazırda 51 saylı orta məktəbdir), neft mədənlərində çalışan fəhlələrin uşaqlarına dərs deyir. Onu da deyim ki, keçən əsrin əvvəllərində pedaqoji fəaliyyətə başlayan Ü. Hacıbəyli millətinin kiçik balalarını maarifləndirmək üçün bütün çətinliklərə qatlaşırdı. Nəqliyyat olmadığından şəhərin mərkəzindən Bayıla qədər olan 10 km yolu piyada gedirdi. Havanın şıltaqlığına baxmadan, küləkdə, yağışda, qarda, soyuqda, boranda, hər gün Üzeyir bəy 20 km yol qət edirdi. "Bibi- heybət"dən sonra o, Əli bəy Hüseynzadənin açdığı "Səadət" məktəbinə dəvət olunur. Bu məktəblərdə Üzeyir bəy Hacıbəyli ana dili, hesab, coğrafiya, tarix, rus dili və musiqidən dərs deyib. Müəllimlik etməklə yanaşı Üzeyir bəy "Orucov qardaşları" mətbəəsində "Türk-Rus, Rus-Türk"(1907) lüğətini və "Hesab məsələləri" (1908) dərsliyini çap etdirib.

- Bəs bu illərdə hansı ünvanlarda yaşayırdı?

- Bu illərdə Ü. Hacıbəyli Bakıda Poçtovaya - Ostrovski- Süleyman Tağızadə küçəsində (Persidskaya - Poluxin- Murtuza Muxtarov -Zərgərpalan küçələrinin arasında) yaşayırdı. 1907-ci ildə "Leyli və Məcnun" operası üzərində işləyərkən Bazarnaya-Hüsü Hacıyev-Azərbaycan küçəsində (Nijne Priyutskaya - Kamo - Süleyman Rəhimov ilə Verxne Priyutskaya - Ketsxoveli - Şamil Əzizbəyov küçələrinin arasında) kirayədə qalırdı. Şərqin ilk operasını Üzeyir bəy 1908-ci ildə "İslamiyyə" mehmanxanasında (indiki Süleyman Tağızadə küçəsindəki 6 saylı uşaq musiqi məktəbinin yerləşdiyi bina) tamamlayıb. 1909-cu ildə "Şeyx Sənan" operasını, "Ər və arvad" operettasını yazan bəstəkar Spasskaya - Qasım İsmayılov - Zərgərpalan küçəsində yaşayırdı. 1910-cu ildə "Rüstəm və Söhrab" operasını, "O olmasın, bu olsun" operettasını Üzeyir bəy Nijne Çemberekenskaya- Lermontov küçəsində kirayədə olarkən yazıb. 1911-ci ildə Ü. Hacıbəyli iki ev dəyişib. Əvvəlcə Serkovnaya-Vidadi küçəsi ilə Nijne Təzəpir - Mirzə Fətəli küçələrinin tinindəki evdə, sonra isə 3-cü Paralel - Əbilov kücəsində yaşayıb. 1912-ci ildə Şamaxinskaya - Cəfər Cabbarlı və 3-cü Paralel - Əbilov küçəsinin tinindəki evdə Üzeyir bəy özünün "Şah Abbas və Xurşudbanu", "Əsli və Kərəm" operalarını yazıb.

- Sonra da onun Moskva həyatı başlayıb...

- Elə o ildə də ali təhsil almaq üçün Üzeyir bəy Hacıbəyli əvvəlcə Moskvaya, sonra isə 1913-cü ildə Sankt - Peterburq şəhərinə gedərək imtahanları müvəffəqiyyətlə verib Rimski-Korsakov adına Sankt- Peterburq Konservatoriyasına qəbul olunur. Burada isə Ü. Hacıbəyli Yekaterin kanalı ( Yekaterinskiy kanal) ev 126, mənzil 77-də yaşamış və dünya şöhrətli "Arşın mal alan" operettasını yazıb.

- Bakıya qayıtdıqdan sonra yenə də əvvəl olduğu evdə yaşayıb?

- Bakıya qayıtdıqdan sonra, düz 27 il - 1915-ci ildən 1942-ci ilə qədər Verxni Priyutskaya- Ketsxoveli- Şamil Əzizbəyov küçəsi 63 (67)-də ömür sürmüş, bir çox musiqi əsərlərini, o cümlədən yaradıcılığının zirvəsini təşkil edən "Koroğlu" operasını da bu evdə yazıb. Hazırda Ü. Hacıbəylinin ev-muzeyi burada yerləşir. Bu yerdə Xalq şairi Qabilin "Royal" şerinin xatırlamaq yerinə düşərdi:

Bakı...Ketsxoveli küçəsi. Bu mülk

Bu mülkü sehirli orqan sanardım.

Uşaq aləminin marağı böyük,

Opqan çalınardı, mən dayanardım.

Köhnə bir küçədə kiçik bir bina...

Dəyib- toxunulmaz bülbül yuvası,

Burda "Koroğlu"nu verdi cahana

Böyük Üzeyirin böyük dühası.

- Bəs dahi bəstəkar ömrünün son illərini harada keçirib?

- 1942-ci ildə "Monolit" adlanan bina tikilib hazır olduqdan sonra böyük sənətkara orada (Hüsü Hacıyev - Azərbaycan prospekti 1, mənzil 45), dördüncü mərtəbədə 6 otaq veriblər. Bu evdə isə Üzeyir bəy Hacıbəyli dahi Nizami Gəncəvinin qəzəllərinə "Sənsiz", "Sevgili canan" romansları və digər musiqi əsərləri ilə yanaşı "Azərbaycan xalq musiqisinin əsasları" adlı fundamental elmi əsərini tamamlayaraq nəşr etdirib. Bu evdə Üzeyir bəy cəmi altı il yaşayıb və dahi bəstəkar, publisist, dramaturq, akademik Üzeyir bəy Hacıbəyli 1948-ci ildə burada vəfat edib, haqqa qovuşub.

DİGƏR XƏBƏRLƏR

Top