Səmərqənddə Azərbaycan mədəniyyəti günləri keçiriləcək

İyunun 12-dən 15-dək Özbəkistanın qədim Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Tədbirlər çərçivəsində bu ölkədəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iyunun 13-də Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində "Azərbaycan-Özbəkistan: mədəni, ədəbi əlaqələr" mövzusunda elmi konfrans təşkil olunacaq. Tədbirdə məruzələr dinləniləcək, Azərbaycan Turizm və Menecment Universitetinin təqdimatı olacaq, kitab sərgisi keçiriləcək.

İyunun 14-də Səmərqəndin Mərkəzi bağında "Azərbaycan-Qafqazın dürdanəsi" adlı sərgi açılacaq. Sərgidə Azərbaycan mədəniyyətinə dair eksponatlar, rəsmlər, fotoşəkillər, xalçalar, milli libaslar nümayiş etdiriləcək. Monitorlarda Azərbaycanın turizm imkanları, Bakının və regionlarının müasir görüntülərinə dair videoçarx yayımlanacaq, Qarabağ geyimlərinin sərgisi təşkil olunacaq.

İyunun 15-də Səmərqənddə yaşayan tanınmış azərbaycanlı heykəltəraş, uzun illər Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd filialının rəhbəri olmuş mərhum Eynulla Əliyevin yaşadığı evdə onun xatirə lövhəsinin açılışı planlaşdırılır. Mədəniyyət günləri iyunun 15-də Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə başa çatacaq.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top