Həbib Əlizadə: "Lənkəranda yaşayıb Xəzəri görməyən şagirdlərim var"


Lənkəran rayonunun dağ kəndi Gəgiranda tarix müəllimi işləyən Həbib Əlizadəni ölkəmizdə sosial şəbəkə izləyicilərinin demək olar ki, çoxu tanıyır. İlk dəfə "on-off" videosu ilə məşhurlaşan gənc müəllim daha sonra İslam Oyunlarında mükafat qazanan idmançılara müraciət etmişdi. Sonuncu videosunda isə şagirdləri ilə repli dərs keçmişdi. Bununla daha çox insanın marağına səbəb olan müəllimlə biz də görüşdük.
Sosial şəbəkələrdə məşhurlaşan müəllim Yeniavaz.com-un suallarını cavablandırıb.

- Həbib müəllim, neçə ildir Gəgiran dağ kəndindəki məktəbdə çalışırsınız?

- 2 ildir çalışıram. 2015-ci ildə müəlllimlərin işə qəbul imtahanından keçərək Təhsil Nazirliyi tərəfindən təyinatım Lənkəran rayonu Gəgiran kəndinə verilmişdir.

- Bizə şagirdləriniz haqda danışardınız, zəhmət olmasa

- Bilirsiz, ucqarlarda işləməyin bir çox çətinlikləri var. Amma bu çətinlikləri mənə unutduran şagirdlərimdir. Orada ən böyük motivasiyam məni sevən şagirdlərimdir. Şagirdlərimiz öyrənməyə həvəslidir. Amma təəssüflər olsun bir çoxunun dünyagörüşləri zəifdir, test vərdişləri azdır. Əsas məqsədlərdən biri də onların dünyagörüşünü zənginləşdirməkdir. Məsələn, mən sizə bir şeyi deyəcəm çox heyrət edəcəksiz. Orda elə şagird var ki, onlar Xəzər dənizini heç görməyiblər. Halbuki dənizin sahilində yerləşən Lənkəran rayonunun kəndində yaşayırlar. Elə şagirdlərimiz var ki, müəyyən müddətdə tarix fənnini dərindən mənimsəyir, test imtahanlarda yuxarı nəticə göstərirlər və bu da onu göstərir ki, orda potensial kifayət qədər var. Əsas məsələ onu dəyərləndirməkdir.

Ümumiyyətlə şagirdi öyrətməzdən qabaq onu sevmək, ona dəyər vermək lazımdır. Bu gün biz özümüzə bu sualı verməliyik: Biz müəllimlər şagirdlə dost ola bilirikmi? Əgər bu alınırsa onda biz uğurlu pedaqoq ola bilərik. Dahi rus yazıçısı Tolstoy deyir ki, fənnini sevən və bilən müəllim yaxşı müəllimdir, amma bununla yanaşı şagirdlərini də sevən müəllim əsl müəllimdir.

Bütün məsələ əsl müəllim olmağı bacara bilməkdir. Bu dünyada ən dəyərlilərimiz uşaqlardır. Onlara o lazımi dəyəri vermədikdən sonra əslində bir çox şey əhəmiyyətsizdir.

- Adətən qəbul imtahanlarında Azərbaycanın müxtəlif rayonlarının kəndlərindən də 700 bal yığan abituriyentlər çıxır. Amma elə kənd məktəbləri də var ki, şagird adını yaza bilmir. Sizcə bunun səbəbi nədir, necə düşünürsüz?

- Bəli zaman-zaman kəndlərdən yüksək nəticə göstərən şagirdlər olsa bəzən elə kəndlər olur şagirdlərin təhsilləri çox aşağı olur. Təhsildə üç sacayağı mövcuddur: valideyn, müəllim, şagird. Burda əsas məsuliyyəti valideyn və müəllim daşıyır. Çünki şagirdlər düzgün yöndərilməli, həvəsləndirilməlidirlər. Əgər şagird o şeyi sevmirsə ona bunu məcburən etmək faydasızdır. Elə valideyn var ki, təsərrüfatın çox işlərini övladlarının üzərinə qoyur. Beləcə uşaq təhsildən soyuyur. Biz müşahidə edirik ki, uşaq hardasa 7-8-ci siniflərə qədər aktiv olur, amma yuxarı sinifdə fəallıq azalır. Bunun səbəbləri çoxdur. Amma ilk baxışda valideyn öz işini övladına gördürməməlidir. Təbii ki, uşağa zəhmətə öyrəşdirmək lazımdır. Amma burda əsas məsələ təhsildir. Müəllim ən az valideyn qədər məsuliyyət daşıyır. Əgər şagird dərsə girmirsə və ya dərsi öyrənmək istəmirsə bunun mütləq səbəbləri var. Müəllim bunları aradan qaldırmalıdır, şagirdi motivasiya etməlidir. Kurikulum sistemində dərsin ilk mərhələsi motivasiya adlanır. Yəni əgər dərsdə düzgün motivasiya qura bilmədinsə o dərsdə keyfiyyətdən söz gedə bilməz.

- Fikrinizcə müasir dərs metodları necə olmalıdır?

- Müasir dönəmin əsas tələblərindən biri əyləncəli öyrətməkdir. Bilirsiz ki, Təhsil Nazirliyi artıq 9 ildir ki, kurikulum sistemini tətbiq edir. Bu sistem həm müəllim, həm şagird üçün yeni imkanlar yaradır. Hətta müəllim yeni təlim üsulu belə yarada bilər. Əsas hədəf nəticə əldə edilməsidir. Avropanın, Amerikanın təhsil sistemlərinə baxanda bir çox fərqli metodlara rast gəlirik. Dünyada ən keyfiyyətli təhsil sistemlərindən biri Finlandiya təhsil sitemi sayılır. Orda məsələn deyək ki, şagirdə bir 30 dəqiqəlik dərs keçirilirsə bir 20 dəqiqə də fasilə verilir. O fasilə müddətində şagirdlər müəllimlərlə birgə oyunlar oynayır, maraqlı işlər görürlər; Əgər şagird ağacdan meyvə dərmək istəyirsə müəllim də onunla birgə edir bunu. Dərs əsasən elə məktəbdə öyrənilir. Şagirdə ev tapşırığı çox verilmir. Bunun tətbiq edilməsi bizdə də mümkündür. Çünki kurikulum sistem hardasa imkan verir.

Biz məsələn bəzən çalışırıq ki, dərsi məktəbdə uşaqlara mənimsədək. Müzakirəli dərs təşkil edirik və bəzən müəllim vəzifəsini şagirdlərə həvalə edirəm. Nəticəsi müsbətdir. Dərsdə musiqidən istifadə edirik, hava yaxşıdırsa çöldə dərs keçirik. Ümumiyyətlə bu günün şagirdi istəyir ki, onun müəllimi həm savadlı olsun, həm onu sevsin, həm də onunla oyun oynasın, futbol oynasın, voleybol oynasın. Müəllim həm də davranışı ilə onlara yaxşı nümunə olmaq imkanı əldə edir. Şagirdlə birlikdə çay içdiyin zaman ona dəyər verdiyini hiss etdirirsən. Onunla oyun oynadığız zaman da həmçinin. Axı onlar uşaqdır. Biz sadəcə ondan dərs tələb edə bilmərik. O qaçmalıdır, oynamalıdır və öyrənməlidir.

Yəni təlim üsullarının mərkəzində şagirdi faydalı insan kimi yetişdirmək durmalıdır. Əgər şagird tarix dərsini sevmirsə ölkəsinin tarixini öyrənməyəcək. Onda biz gərək ki, tarixi elə sevdirək, elə maraqlı edək ki, sabah yaxşı bir vətəndaş olması üçün o tarixini öyrənsin. Bu digər fənlərə də aiddir.

Bizim tətbiq etdiyimiz repli tarix dərsi də sadəcə həmin əycəncəli öyrətmə metodlardan biridir. Bu dünya təcrübəsində var. Bundan daha yaxşı və keyfiyyətli, fərqli metodlar da tətbiq edilməlidir. Biz sadəcə bu üsulu tətbiq etmirik. Rollu oyunlar, müzakirəli dərs, fərdi və qrup şəklində dərslər, musiqili dərslər və digərlərini tətbiq edirik. Ümumiyyətlə musiqinin öyrənmək üçün bir vasitə kimi seçilməsi çox uğurludur və bu dünya təcrübəsində də geniş yayılıb.

- Həbib müəllim, başqa dağ kəndlərindəki müəllimlərlə birgə layihələr həyata keçirmək deyəndə konkret olaraq necə layihələr nəzərdə tutursuz?

- Ucqarlardakı müəllimlərin çətinlikləri çoxdur. İstərdim ki, onlarla maraqlı layihələr həyata keçirək; Onların gündəlik həyatlarının işıqlandırılması, onların fəaliyyətinin izlənilməsi kimi. Məqsəd onların potensialının maksimum istifadəsinə nail olmaqdır. Bu gün mənim şəxsimdə o cür şəraitdə işləyənlərə böyük dəstək gördük İstərdim ki, onların da fəaliyyətini ictimaiyyətə göstərib onlara dəstək olaq.

- Bu videolardan sonra sizə müraciət edib şagirdlərə kitab almaq istəyənlər də oldu. Bu barədə danışardız?

- Bəli mənə yazdılar ki, ordakı şagirdlərə hədiyyə almaq istəyirik. Doğrudan da bu məni inanılmaz sevindirdi. Və inşallah gələn həftə onlar uşaqlara kitab hədiyyəsi gətirəcəklər. Buradan onlara minnətdarlığımı bildirirəm, var olsunlar. Bu cür təhsilə dəstək olub xeyriyyəçilik edən insanlar doğrudan bu ölkənin ən dəyərli insanlarıdır. Rusiyadan bir azərbaycanlı mesaj yazıb yardım etmək istədiyini dedi. Ümid edirəm ki, faydalı işlər görə biləcəyik.

Buradan bir daha sosial şəbəkələrdə dəstək olan insanlara, media nümayəndələrinə dərin təşəkkür edirəm. Onlar təkcə mənə yox, ucqarlarda işləyən müəllimlərə verilən dəyəri göstərdilər. Hamısına minnətdaram.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top