"Zoba bıçaq vurmaq olmaz" fikri doğrudurmu? - Açıqlama

El arasında belə bir fikir var ki, "zoba bıçaq vurdurmaq olmaz". Bunu da onunla izah edirlər ki, zoba bıçaq vurdurduqda sonradan xərçəngə çevrilir və metastaz verir. Bəs bu fikir nə dərəcədə doğrudur. Ümumiyyətlə, hansı zoblar xərçəngə çevrilə bilər, bunun əlamətləri varmı?

Mövzu ilə bağlı "Baku Medical Plaza" Klinikasının endikrinologiya şöbəsinin müdiri, terapevt-endikrinoloq Hidayət Məmmədzadə "Yeniavaz.com" saytının suallarını cavablandırdı.

Müsahibimiz əvvəlcə zobun xərçəngə çevrilmə ehtimalından danışdı: "Bunun öncədən bilinən əlaməti olmur. Çünki zob xəstəliyinin xərçəngə çevrilməsi üçün xərçəng önü xəstəlik olmalıdır. Bu, xərçəng önü qalxanvari vəzdə olan düyünlərdir. Bu düyünlər illər ərzində xərçəngə çevrilə bilər. Onlar mütləq mütəmadi nəzarət altında saxlanmalıdır. Onların nəzarəti isə endokrinoloqun işidir. Xəstələrin digər ixtisas sahibi həkimlər tərəfindən müayinə olunmaları doğru olmaz.

Müayinə 3 aydan bir də ola bilər, 6 aydan bir də, ildə bir dəfə də. Bu həkimin məsləhətinə uyğun olaraq müəyyənləşdirilməlidir - müayinə vacibdir. Şübhəli xəstələrdə ultrason, UZİ müayinəsi və biopsiya olunmağı qalxanvari vəzin xərçəng riskini çox-çox azaldır. Profilaktik tədbirlərin bu baxımdan əhəmiyyəti böyükdür".

"Düyün tapılırsa və həkim biopsiya təklif edirsə, bundan çəkinmək lazım deyil"

Hidayət Məmmədzadənin sözlərinə görə, qalxanvari vəzin xərçəngi xoşproqnozlu bir xəstəlikdir: "Amma təbii ki, digər xərçəng növlərində olduğu kimi erkən aşkarlanma çox önəmlidir. Qalxanvari vəzin xərçəngindən əməliyyat olunmuş xəstə normal şəkildə tamamilə sağlam həyatını davam etdirə bilər. Vaxtında əməliyyat olunduqda 100 faiz ehtimalla sağalır. Bu xəstələrin əməliyyatdan sonra xüsusi protokollar əsasında müalicəsi var. Bu isə yenə də deyirəm ki, endokrinoloqun işidir. Amma öncədən xərçəngin bir əlaməti olmur. Çünki bu xəstəlik çox vaxt gizli inkişaf edir".

"Mobil radiasiyanın çox böyük təsiri var xərçənglərin artmasında"

Müsahibimiz dedi ki, əgər müayinə zamanı düyün tapılırsa və həkim biopsiya təklif edirsə, bundan çəkinmək lazım deyil: "Çünki orada gizlənmiş xərçəng hüceyrələrini tapmaqdan ötəri iynə ilə həmin düyünün içərisindən nümunə alınır və əkilir. Əgər onun içərisində xərçəng yoxdursa, rahat oluruq, varsa, metastazları gözləməklə əməliyyat edilməlidirlər. Hazırda mobil radiasiyanın çox böyük təsiri var xərçənglərin artmasında. İkinci bir səbəb əhalinin orta ömür müddətinin nisbətən uzun olmasıdır. Üçüncüsü isə bu xəstəliklərin müasir diaqnostik üsullarının təkmilləşdirilməsi ilə əlaqədardır. Diaqnostikanın təkmilləşdirilməsi ilə xəstəliyin aşkarlanma halları da artıb.

Stress faktorları da bu zobun artmasında mühüm rol oynayır. Azərbaycan endemik olaraq yoddan kasad bir bölgədir. Torpaqlarda və suda yodun az olması bu xəstəliyin yaranmasında təkanverici faktordur.

Meyvə-tərəvəzin, balıq məhsullarının, yodlaşdırılmış duzun istifadə olunması bu xəstəliklərlə mübarizədə profilaktik olaraq müəyyən qədər önəmə sahibdir".

"Zoblu xəstələrin cərrahi əməliyyatı üçün 3 göstəriş var"

Hidayət Məmmədzadə qeyd etdi ki, el arasında populyar olan "zoba bıçaq vurdurmaq olmaz" fikri tamamilə yanlış bir fikirdir: "Belə bir şey yoxdur. Bəzən el arasında zobun qurbağa ilə də müalicə edildiyini deyirlər, ot terapiyası da aparırlar. Ancaq mən bir mütəxəssis kimi bildirirəm ki, qəti şəkildə belə bir şey yoxdur. Dərman müalicəsi, cərrahi müalicə və radiaktiv yod müalicəsindən başqa heç bir müalicə üsulunun qalxanvari xəstəliklərin müalicəsində yeri yoxdur.

Bir daha qeyd edirəm - zoba bıçaq vurdurmaq olmaz fikri tamamilə yanlış bir şeydir. Bunun heç bir elmi əsası da yoxdur. Təbii ki, hər zob xəstəsi, hər düyünlü zob xəstəsi də əməliyyat olunmalı deyil. Bunun üçün xüsusi göstərişlər olmalıdır. Zoblu xəstələrin cərrahi əməliyyatı üçün 3 göstəriş var - əgər zəhərli zobdursa, radiaktiv yod müalicəsinə əks göstərişdirsə, dərman müalicəsi ilə korreksiya olunmursa, qalxanvari vəzin xərçəngi və ya xərçəng şübhəsi varsa, bir də çox böyümüş orqan xəstəni boğub sıxırsa, boyun orqanlarında deformasiya , estetik problem yaradırsa, bu zaman xəstə əməliyyat oluna bilər. Təbii ki, bu göstərişlərdən başqa zob xəstələrinə əməliyyat təklif etmirik".

"Var olan düyün heç vaxt əriməz"

"Böyümüş, kənardan çox böyük olduğu görünən zobun sonradan ərimə ehtimalı varmı?" sualımıza müsahibimizin cavabı belə oldu: "Heç vaxt ərimə söhbəti yoxdur. Var olan düyün heç vaxt əriməz. Ola bilsin orada əzələ və ya yalançı düyünlər olub, yəni düyündürsə, əriməz. Onu da bildirim ki, əməliyyatdan sonra bu xəstələrin cərrah kontrolunda olmaları da xətalı bir şeydir. Bu xəstələrin əməliyyatdan öncə və sonra mütləq şəkildə həkim endokrinoloqlar tərəfindən kontrollu təqibləri aparılmalıdır. Doğru-düzgün şəkildə aparılmalıdır müalicə. Xəstələrin özündən qaynaqlanan xətalar var da - dərmanı qəbul etmirlər, yoxlamaya gəlmirlər, qan analizləri vermirlər. Elələri var ki, dərmanı 1-2 ay içir və sonra dayandırır. Belə olmaz".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top