“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən 26-28 may 2017-ci il tarixlərdə "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək. Cəmiyyətdən "Yeniavaz.com"a verilən məlumata görə, konqres iştirakçıları sabah saat 12:00-da Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək. Konqresin ilk günündə kardiocərrahlar və rezidentlər üçün praktiki məşğələlər təşkil olunacaq. Gənc mütəxəssislər mayın 26-da saat 14:00-dan 18:00-dək təşkil ediləcək "Damar anastamozu" və "Mitral qapaq təmiri" kurslarında praktiki biliklərini artıracaqlar. İki gün davam edəcək konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək. Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top