“iPhone” smartfonları Hindistanda yığılacaq

ABŞ-ın “Apple” korporasiyası Hindistanda ilk “iPhone” smartfonlarının yığılmasını başa çatdırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, “Apple” Hindistanda yığılmış “iPhone” smartfonlarının ilk sınaq buraxılışını başa çatdırıb. Bu, “Apple” şirkətinin sürətlə artan Cənubi Asiya bazarında irəliləməsi yolunda vacib addımdır. Ən ucuz “iPhone – SE” modelini bunadək cari ay Tayvanın “Wistron Corp.” istehsalçısı hazırlayıb. Onun Hindistanın cənubundakı Karnataka ştatında yığma bölməsi var. “Apple” bəyan edib ki, “iPhone – SE” modelini Hindistanın Banqalor şəhərində yığmağa başlayıb və həmin qurğuları yerli müştərilər üçün bu ay tədarük etməyə başlayacaq. İlk smartfonlar bu və ya gələn həftə mağazalarda ola bilər. Hindistanda yığılmış smartfonların qiyməti barədə məlumat verilmir. Ekranının həcmi 4 düym (10 sm) olan SE modeli “Apple”ın ən ucuz modelidir. Bununla belə o, Hindistanın əksər sakini üçün əlçatan deyil. “Apple” bazarının Hindistanda payı 2012-ci ildən 3 faizi ötməyib.

Qeyd edək ki, “Apple” korporasiyasının əsası 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn tərəfindən qoyulub. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. “Apple” personal və planşet kompüterləri, audipleyerlər, telefonlar, “ağıllı saatlar” və proqram təminatının istehsalı ilə məşğul olur.

DİGƏR XƏBƏRLƏR

Top