"Evdən qaçıb "telefonsuz yaşaya bilmərik" deyən qadınlar var" - MÜSAHİBƏ

Kriminal hadisələrin mətbuatda şok təəssürat yaradan başlıqlarla verilməsi və bunun cəmiyyətə, xüsusən, yeniyetmələrə təsiri bir çoxlarını narahat edir. Bu və digər mövzularda "Yeniavaz.com" saytının suallarını "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova cavablandırdı.

- Mehriban xanım, bugünlərdə cəmiyyətdə ajiotaj yaradan bəzi xəbərlərin mətbuatda məqsədli şəkildə yayımlandığını bildirmisiniz. Bununla bağlı fikirlərinizi bilmək istəyərdik.

- İstənilən məlumat yayıldığı cəmiyyətin ab-havasına təsir edir. Bir var sivil cəmiyyətlər - orada qanunu bilirlər, şüurlu hərəkət edirlər, istənilən informasiyanı beyinlərindən süzgəcdən keçirib sonra qəbul edirlər. Bilirsiniz ki, Azərbaycanda əksəriyyət hüquqi məlumatlı deyil, bir çox insanlar hüquqlarını öyrənməkdə maraqlı deyillər. Bu cür məlumatlar məhz həmin insanlarda olduğu kimi qəbul edilir. Yayılmış xəbəri oxuyanda düşünürlər ki, demək, bu mümkündür, onda mən niyə etmirəm? Çünki qanundan xəbərləri yoxdur, cəzadan xəbərləri yoxdur. Bundan başqa xəbərdən sonrakı hadisələr saytlarda xəbər olaraq verilmir, bəziləri isə verilsə belə, əvvəlkitək təsirli olmur. Çünki üstündən bir müddət keçir və artıq onu heç kim oxumur. Xəbərdən sonrakı hadisələri şok xəbər kimi təqdim etmirlər ki, insanların diqqətini cəlb eləsin. Cinayəti törədən bu qədər cəza aldı, filan tədbir görüldü və s. insanların çoxu bu barədə məlumatlı olmur. Əgər paralel həmin məlumatlar verilsəydi, bu şokun təsirini o biri şok öldürərdi. Ancaq məsələ burasındadır ki, ilkin informasiya verilir və o informasiyadan sonra gedən proses unudulur. Şüur altına toparlanan isə bu olur - öldürdü, qaçdı, baltaladı, zorladı. Amma onun hüquqi məsuliyyəti, nə qədər cəza verildi və s. xəbərlərini mən hələ görməmişəm ki, kimsə şok xəbər altında versin.

- Belə xəbərlərin insanlara təsiri barədə nə düşünürsünüz?

- Yazırlar ki, müəllimin mini ətəyinə görə, abituriyentin 200 bal toplayıb. Bu, uşaq fikri uşaq deyil məncə. Kifayət qədər radikal qruplaşmalar var ki, məhz qız uşaqlarının təhsildən yayındırılması ilə bağlı məşğuldur. Uşağın məktəbə getməsi günahdır, qızla oğlan bir yerdə otura bilməz və s. deyirlər.

Şamaxıda məktəbli qızın zorlanması xəbərini yazırlar. Sabah heç kim məktəbə buraxmayacaq qız uşağını. Bilrisiniz, belə xəbərlərin şok tərəfi budur. Həmin informasiyadan sonra hamı vahimədədir. Hətta təhsilli xanımlar da deyirlər ki, öz qızımıza görə çox narahatıq. Demək, belə xəbərlərin təsiri var artıq. Mən düşünürəm ki, Milli Məclisdə bununla bağlı görüşlər keçirilməlidir. Milli Məclis sadəcə olaraq iclaslar keçirməməlidir, bu cür önəmli məsələlərə diqqət yetirməlidir. Ayrı-ayrı millət vəkilləri var ki, biganə deyillər, bu məsələləri onların vasitəsi ilə gündəmə gətirmək olar.

- Problemli ailələr var və dəhşətli kriminal hadisələr də çox vaxt orada baş verir. Həmin ailələrin nəzarətdə saxlanılmasına sizcə, ehtiyac varmı?

- Biz bütün tədbirlərdə təklif edirik, bildiririk ki, bu problemləri yarıdan çox azaltmaq mümkündür. Bunun çox sadə bir üsulu var. Bu həm hökumətin xərclərinin qarşısını alar, həm də ölkədə bu cür cinayətlərin qarşısı alınar. Söhbət Azərbaycanda sosial iş institutunun yaradılmasından gedir. Bütün polis idarələrində konfliktli və ya gərgin vəziyyətdə olan ailələrlə bağlı məlumat var. Sosial işçilər polislə birgə işləməli və həmin ailələrdə olmalıdırlar. Problemli ailələrdə vəziyyət dəyişənə qədər bu əlaqə davam etməlidir. Əgər vəziyyət dəyişmirsə, sosial işçinin təqdimatı ilə polis artıq tədbirlər görməlidir. Təəssüf ki, biz hələ buna nail ola bilmirik. Bu ən sadə və rahat üsuldur.

- Problemli ailələrdən olan, evindən qovulan xanımlar üçün sığınacağınız fəaliyyət göstərir. Lakin bu yaxınlarda bildirdiniz ki, sığınacağa yerləşmək istəyən qadınlara mobil telefondan istifadə ilə bağlı məhdudiyyət qoyulur. Bu nə ilə bağlıdır, hər halda bizim bilmədiyimiz səbəb var.

- Biz telefondan tamamilə təcrid eləmirik. Ehtiyaca görə veririk telefonu. Bunun da səbəbi var. Belə ki, bu yaxınlarda başımıza bir iş gəlib. Bildiyiniz kimi, bizim sığınacaqda reabilitasiya dövründən sonra inteqrasiya dövrü başlayır. İnteqrasiya dövründə qadın belə deyək, özünü toparlayır, işləyir və kirayə ev tutmaq üçün pul toplayır. Həmin pulu toplayana qədər sığınacağımızda qalır. Sığınacağımıza yerləşən qadınlardan biri buradan şəkilləri çəkib ərinə göndərirmiş.

Əri isə bu fotoları başqa mənada təqdim edib və sosial şəbəkədə paylaşıb. Bura sığınacaqdır, buradakılar qadınlardır, içəridə heç bir kişi yoxdur, onlar içəridə şortikdə gəzə bilərlər. Öz evlərində xanımlar necə gəzə bilərlərsə, elə. Həmin qadının əri bu fotoları "instaqram"da başqa məqsədlə paylaşıb, fikirlər səsləndirirdi. Ondan sonra telefonla bağlı bu məhdudiyyəti qoyduq.

- Sığınacağa yerləşən qadınlar telefonla bağlı məhdudiyyətə necə yanaşırlar?

- Elə qadınlar var deyirlər ki, problemimiz var, qalmağa yerimiz yoxdur, sığınacağa gəlmək istəyirik. Deyirsən ki, qaydalardan biri də budur ki, telefonunu verəcəksən. Cavab verir ki, telefonsuz yaşaya bilmərəm. Bu onu göstərir ki, bəzi hallarda bunlar arxaları üstə uzanırlar, sosial şəbəkədə onunla bununla yazışırlar, reabilitasiya prosesinə qoşulmurlar. Sabah mütləq şəkildə işə getmək lazımdır, işləyib özü ayağa qalxmalıdır - bunu uzadırlar, özlərini yazıq görkəmə salırlar, amma kimlərlə isə əlaqə yaradırlar. Ona görə də bu hallara yol verməməkdən ötrü biz bəri başdan bu xəbərdarlığı edirik. Məsələ ondadır ki, bəzi qadınlar hələ də ayaq üstə durmağı yalnız kişi ilə birgə görürlər. Bu kişi yalnız öz əri yox, istənilən şəxs ola bilər. Bu təhlükədən qorumaq üçün bu addımı atırıq...

- Sığınacağınızda xanımlarla iş prosesi necə qurulur?

- Birinci reabilitasiya dövrüdür, onu həll edirik, hüquqi məsələlər var, onu həll edirik, psixoloji, sağlamlıq, sənədləşmə məsələləri var, onlarla məşğul oluruq. Bunlar bitəndən sonra qadına iş tapırıq. İşlədiyi müddətdə - yaxşı maaş alsa, 2 ay, az maaş alsa, 3 ay ərzində qazancını toplayır. Sığınacağın yeməyindən yeyir, kommunal xərc ödəmir, bizim köməyimizlə müstəqil həyata keçid eləyir, qoşulur cəmiyyətə. Özü öz pulunu idarə etməyə, kirayədə qalıb uşaqlarına baxmağa başlayır. Onun uşaqlarını məktəbə, bağçaya yerləşdiririk və s. Amma qalanını - öz həyatını özü idarə etməlidir. Biz ömür boyu hamını sığınacaqda saxlaya bilmərik.

- Sığınacaqdan öz ailəsinə qayıdan qadınlar da olurmu?

- Bəli, elə qadınlar var ki, inteqrasiya dövründə ailəsinə qayıtmasına kömək etməyə çalışırıq. Əgər görürüksə bu xanımın ailəyə qayıtması mümkündür, həmin müddətdə paralel olaraq onun ailəsi ilə də işləyirik ki, qadın öz ailəsinə qayıtsın, orada yaşasın.

- Həqiqətən, çox böyük, məsuliyyətli işlər görürsünüz. Buna görə sizə təşəkkür düşür.

- Çox sağ olun, biz də sizə minnətdarıq.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top