"Bir qadın işgəncə çəkir, işgəncə aləti də mənəm"

Alman dilli, yəhudi əsilli yazıçı Frans Kafka ölümündən sonra məşhurlaşan yazıçılardan biridir. Həyatı ciddi sıxıntı içində keçən yazıçı bu həyatın sıxıtısını əsərlərində açıq şəkildə göstərir. Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir.

Kafka haqqında haqqında ölümündən bu günə qədər müxtəlif fikirlər səslənməkdə davam edir. Yazıçının əsərləri pessimist və boğucu ola bilər. Amma yaxın dostu Maks Brod bu barədə belə danışır: "Kafkanın şən və zarafatcıl bir insan olduğu haqqında az məlumatlıdırlar. Hətta o yazdığı romanı dostlarına danışar və qəhqəhə ilə gülərdi".

Kafkanın yalnız əsərlərində deyil, xüsusi məktublarında da pessimist hava hakimdir. Bəlkə də bunun tək şərhi yazıçının problemlərini danışaraq deyil, yazaraq çatdırmağı üstün tutmasıdır.

Kafkanın ailə həyatı böyük rus yazıçısı Dostoyevskinin həyatı ilə çox oxşardır. Dostoyevskidə olduğu kimi, onun da anası həssas və romantik, atası sərt və güclü bir xarakterə malik idi. Kafka, həyatı boyunca atasının kölgəsini üstündə hiss edib və bu səbəblə özünə inam problemi yaşayıb. Bu özünə inam problemi, cinsi və romantik həyatına böyük təsir edib. Romanlarına olan maraq da yenə ata səbəbi ola bilər. Atası ilə münasibətini öz əliylə atasına yazdığı və heç bir zaman yollamadığı "Atama məktub" əsərində səbəbləri ilə göstərir. Hərçənd, Feliks Quattari və Gilles Deleuze ikilisi bunu fərqli izah edirlər. Onlara görə günahkar ata deyil, Kafkanın şəxsən özüdür. Kafkanın ondan güclü olana itaət etmək arzusunun olduğunu düşünürlər.

Atası yalnız güclü və avtoritar quruluşu ilə deyil, bədheybətli duruşuyla da Kafkaya həmişə bir əziklik hiss etdirib. Hətta bu mövzuda acı bir təcrübə də məşhurdur. Bir gün ata-oğul çimməyə gedir, soyunma otağına girdikdə Frans Kafka, atasının nəhəng bədən quruluşunu görüncə ürkür və öz cəlimsiz bədənindən utanır və çölə çıxmaq istəmir.

Kafkanın, ailəsi baxımından şanssız olduğu yazılır. Atası yüksək təzyiqli olmuş və balaca yazıçı hələ uşaq ikən iki qardaşı ölmüşdü, üç bacısı isə düşərgələrin birində qətlə yetirilmişdi. Bəlkə Kafka vərəmdən ölməsəydi, o da bu düşərgələrin qurbanı olacaqdı.

Kafka, eyniylə digər iki böyük yazar Tolstoy və Dostoyevski kimi, tip etibarilə cəlimsiz və çirkin olub. Kafkanın yalnız Dostoyevski ilə deyil, Viktor Hüqo ilə də ortaq cəhətləri olub. Yəni, Kafka da fahişəxanaların daimi müştərisi olub və aylıq porno jurnallara abunə imiş.

Kafkanın heç bir partiya və təşkilata üzv olmamasına baxmayaraq, bir sosialist, hətta anarxist olduğuna dair məlumatlar da var. Gənclik yoldaşı və liseydən dostu Huqo Bergmana görə gənc Kafka fikirlərini sərgiləmək üçün pencəyinin yaxasının dəliyində qırmızı bir qərənfil daşıyırdı.

Ən yaxın dostu Maks Brod isə, Kafkanın anti-militarist və ruhanilər əleyhinə olan yığıncaqlara qatıldığını, amma bir kəlmə də danışmadığını və bu səbəblə ona "səssiz" ləqəbinin verildiyini bildirir.

Kafkanın Milena boyda sevgisi

Ancaq Kafkanın ölümündən sonra, gizli əlaqələri haqqında ortaya çox mənasız bir iddia atılıb. Kafkanın iki dəfə nişanlandığı qızın - Felisanin ən yaxın rəfiqəsi Qrete ilə də məktublaşduğu deyilir. Yazıçı öldükdən sonra Qrete ondan bir uşağı olduğu iddiasıyla ədəbiyyat və sənət dünyasını sarsıtmışdı.

Kafka kimi utancaq bir adamın, yaxın rəfiqə olan iki qızı birdən idarə etməsi və hətta birindən uşaq sahibi olması ağır bir iddiadır. Hərçənd, iddia edilən uşaq 1921-ci ildə , yəni Kafkadan da əvvəl ölüb və onun bu uşaqdan xəbəri belə olmayıb. Kafka Dora adlı bir xanımı da sevirdi və niyyəti çox ciddi idi. Hətta birlikdə Fələstinə yerləşib bir restoran açmağı belə düşünmüşdülər. İddialara görə, birlikdə açacaqları bu restoranda Dora aşpaz olacaqdı, Kafka isə baş qarson. Ancaq Kafkanın vərəm səbəbiylə ölməsi planlarını gerçəkləşdirməyə mane oldu.

Bəli, Kafka bəlkə ən çox Milenanı sevmişdi. Amma bütün həyatı boyunca onu üzən hadisə, Felisa ilə ikinci dəfə ayrılıb - nişanlansalar da sonuncu dəfə Praqada qəti olaraq ayrılmaları olmuşdu. Dostu Brod belə izah edir bu hadisəni: "Felisanı qatara qədər ötürmüşdü. Üzü ağappaq, sərt və gərilmişdi. Birdən-birə ağlamağa başladı. İlk dəfə Kafkanı ağlayan görmüşdüm. Heç bir zaman unutmayacağam bu səhnə yaşadıqlarım arasında ən qorxduğum hadisələrdən biri idi. Kafka çalışdığım otağa gəlmişdi, iş saatı idi.

Masamın yanında qoyulmuş kiçik kresloya çökdü və hönkür-hönkür ağladı.

"Belə bir şeyin olması, qorxunc deyilmi?",- dedi.

Yanaqlarından süzülən göz yaşlarının ardı-arası kəsilmirdi.

Kafka isə gündəliyinə "Mən duyğusuz biriyəm ... elə bir haqsızlıq etdim ki, buna görə yazıq bir qadın işgəncə çəkir, işgəncə aləti də mənəm" şəklində bir məktub yazır.

Ruzbeh Məmməd

Yazı internet materialları əsasında hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Top