"Bulaq"ımızın Məhluqəsi

Bu gün Xalq artisti Məhluqə Sadıqovanın anadan olmasından düz yüz il (1917 - 15.8.2003) keçir.

O, böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə sadiq qaldı, 55 ilə yaxın Akademik Milli Dram Teatrında çalışdı, səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirdi, "Yenilməz batalyon" (Dükan sahibi), "Yeddi oğul istərəm" (Əri ölən qadın), "Bakıda küləklər əsir" (Solmazın anası) və s. filmlərdə çəkildi, Azərbaycan Dövlət Radiosunun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz aparıcılarından biri oldu. Yeri gəlmişkən, qeyd edək ki, o, Səməndər Rzayevlə birgə bu verilişə çıxardı. (Elə o zamanlar bu veriliş camaat arasında onların adları ilə də adlanardı: "Səməndər "Bulaq"ı, "Məhluqə "Bulaq"ı) Onda nənələrimiz, babalarımız da hər bazar günü axşamçağı "Bulaq" başına yığışar, onların hər sözünə-söhbətinə qulaq kəsilərdi. "Bulaq" onları yurdun başına dolandırar, özünüdərki bulaq kimi qaynadardı. Bu veriliş, həqiqətən də, bulaq suyu kimi saf idi. "Bulaq", sözün həqiqi mənasında, Məhbubə xanımın səsi ilə ulu keçmişimizin dərin qatlarından axıb gəlirdi. Adını unutduğum bir sənətşünasın sözləri ilə desək, "Bulaq"da Ana, Vətən, Millət sevgisi boy verirdi. Qədim el adətlərimizi yaşatması "Bulağ"ın əsas mayasını təşkil edirdi. Bəli, Məhluq xanım uzun illər "Bulaq" başında qaldı... Onun, həm də tərəf-müqabilinin yoxluğundan sonra sanki "Bulaq"ın suyu bir qədər dəyişdi.

Məhluqə xanım teatrdan uzaqlaşdıralandan sonra onunla Azərbaycan Mədəniyyət Fondunun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar"da görüşmək mənə nəsib oldu. Onda hiss etdim ki, Şuşanın ermənilər tərəfindən işğalı onun əfsunlu səsinə bir kədər qatıb. Onda başa düşdüm ki, əslən Şuşadan olan Məhluqə Sadıqovanın bir həsrəti var: Şuşa həsrəti... Elə bu həsrətlə də o, bu dünyadan köçdü.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top