Zərdabda bir həftədir məktəblərin suyu kəsilib

Zərdabda məktəblərə verilən içməli su bir həftədir ki, kəsilib. “Yeniavaz.com” saytı bolge.info-ya istinadən xəbər verir ki, şəhər 3 saylı məktəbin müəllimləri əlaqədar təşkilatlardan kömək istəyir. Müraciətdə bildirilir ki, məktəbə verilən içməli suyun kəsilməsi biabırçı vəziyyət yaradıb:

“Antisanitariya baş alıb gedir. Bir həftədir ki, 600 şagirdin istifadə etdiyi ayaqyoluna bir vedrə su tökülməyib. Əlavə sözə ehtiyac varmı? Təsəvvür edin ki, uşaqlar tənəffüs vaxtı həmin ayaqyoludan çıxdıqdan sonra birbaşa bufetə yeməyə gedirlər. Məsələ ilə bağlı heç bir qurumdan maraqlanan yoxdur. İnanın ki, uşaqların kinayəli suallarına cavab verməyə də söz tapmırıq. Maraqlıdır ki, tez-tez məktəbə gələn icra hakimiyyətinin işçiləri də daha görünmür ki, dərdimizi deyək”.

Məsələ ilə bağlı Zərdab Su-Kanal idarəsinin müdiri Samir Əliyev bildirib ki, təkcə 3 saylı məktəb deyil, şəhərin bütün məktəblərinin, o cümlədən Təhsil şöbəsinin suyu kəsilib:

“Problemin səbəbi məktəblərə smart-kart tipli su sayğaclarının quraşdırılmamasıdır. İki dəfə rəsmi şəkildə xəbərdarlıq etməyimizə baxmayaraq Ucar Regional Təhsil İdarəsi bir sayğacın quraşdırılması üçün lazım olan 247,23 manat pulu ödəmir. Pul hesaba keçən kimi sayğaclar quraşdırılacaq və suyun verilməsi bərpa olunacaq”.

Görünən odur ki, 2 qurum arasındakı problem həll olunana qədər bu biabırçı vəziyyət davam edəcək. Olan isə uşaqlara olur.

DİGƏR XƏBƏRLƏR

Top