"Rəqsanəni, Ədalət Şükürovu bəyənirəm" - Yazıçılarımızın musiqi zövqü

"Rəqsanəni, Ədalət Şükürovu bəyənirəm"- Yazıçıların musiqi zövqü

Musiqi insan zövqünü oxşayır, ruhunu dincəldir. Elə musiqilər vardır ki, dinlədikcə dinləmək istəyirsən. Azərbaycanın klassik musiqiləri, muğamları dünyada məşhurdur. Hətta Ermənilər zaman-zaman Azəbaycanın klassik musiqilərindən yararlanıblar. Bu dəfə yazıçıların musiqi zövqü ilə maraqlandıq - onlar hansı musiqiləri dinləyirlər?

İlqar Fəhmi (şair): "Mən etno musiqiləri sevirəm. İstər bizim muğam sənəti olsun, istərsə də digər şərq xalqlarının etno musiqiləri".

Şərif Ağayar (yazar): "Sevda Ələkbərovanı və Röyanı sevirəm, hərdən dinləyirəm. Daha sonra, Teymur Əmrahı, Xumar Qədimovanı, Samirəni, Eyyub Yaqubovu fərqli stillərinə görə bəyənirəm. Natəvan, İradə İbrahimova, Elnarə Xəlilova maraqlı ifaçılardır. Hətta, inanmaya bilərsiniz, Rəqsanəni, Ədalət Şükürovu da bəyənirəm. Nə oxudulqarını, nəyi oxuya biləcəklərini bilirlər. Muğam ifaçılarından Mirələm Mirələmov və Güllü Muradovanı xoşlayıram. Məncə, bizdə istedadlı ifaçılar çoxdur, amma intellekt səviyyələri çox aşağıdır. Kitabdan uzaqdırlar. Kəmsavad adam səsindən də bəlli olur. Ağızlarını açıb danışanda isə dəhşətə gəlirsən. Brilliant Dadaşova kimi master sənətçi danışanda əlin üzündə qalır. Dünyadan xəbərləri yoxdur. Ancaq, misal üçün, türklər belə deyil. Orxan Gəncəbay Azərbyacanın xalq yazıçılarının və şairlərinin çoxuna, musiqi bir yana, ədəbiyyatdan master klass keçə bilər".

Qulu Ağsəs (şair): "Mənim bəs qədər ifaçı dostlarım var. Onları dinləmək zövq verir. Adlarını çəkməyəcəm. Çünki onların adları musiqi tarixinə ya düşüb, ya da düşhadüşdədi. Ona görə bayağı mahnılara vaxtım olmur".

Günel Natiq (yazar): "Mənim o bayağı mahnılara allergiyam var. Qulağıma dəyən an özümü pis hiss edirəm. Mən yaxşı musiqidən enerji alıram. Gözəl musiqi mənə yaxşı əhval-ruhiyyə verir, həyatın mənfi tərəflərinə başqa gözlə baxmağa vadar edir. Ona görə də musiqiyə son dərəcə həssasam. Musiqi janrının mənim üçün əhəmiyyəti yoxdur, əgər keyfiyyətli musiqidirsə, istənilən janrı sevdirir. Rok, rep janrında dinlədiyim mahnılar da var. Uran adlı repçinin repləri çox təsirlidir. Təəssüf ki, yetərincə məşhurlaşa bilmədi. Əsasən estrada musiqilərini dinləyirəm. Akif İslamzadə, Flora Kərimova, Mübariz Tağıyevin ifalarını sevirəm. Eyyub Yaqubovun bəzi mahnılarını dinləyirəm. Sizə bir sirr açım, əslində bir-birlərini yamsılayan, səsi, musiqi qulağı olmayan, amma yenə “oxumağa” cəhdlər edən ifaçıları görməmək üçün yerli televiziyalara demək olar ki, baxmıram. Fransız müğənni Patrisiya Kaası xoşlayıram. Türkiyə sənətçilərindən Teoman maraqlıdır. Düzdür, vaxtilə Türkiyədə onu çox tənqid edirdilər, amma zaman keçdikcə qəbul etməli oldular. Çünki Teoman özünəməxsus sənətçidir, heç kimə bənzəmir, bütün ruhuyla, vücuduyla ifa etdiyi mahnıyla bütövləşir. Və əlbəttə ki, Sezen Aksunun mahnıları ruhumuzun vazkeçilməzliyidir... Sonra məsələn, "Avrovizion"da da qalib olan müğənninin, Krım tatarı Camalanın oxuduğu mahnı məni sarsıtdı. O Krım tatarlarının faciəsini anladırdı və nəqəratı ana dilində oxumaqla sanki soydaşlarına ağı deyir, ovudurdu... Belə mahnılar unudulmazdır..."

Rəbiqə Nazimqızı (şairə): "Xalq mahnılarını və estrada mahnılarını sevirəm. Bəzən yüngül rok da olur. Bizimkilərdən Emin Sabitoğlunun, Elza İbrahimovanın mahnılarını xoşlayıram, pley-listlərim çox qarışıqdır. Rübabə Muradovadan, Ahmet Kayadan tutmuş Nil Karaibrahimə qədər".

Zakir Məmməd: " Belə şeylər, hası janrda olmağından asılı olmayaraq, zövqlə və ovqatla bağlıdır. Məni daha çox kino musiqisi cəlb edir. Yerli və xarici filmlərə yazılmış musiqiyə bəzən planlı şəkildə qulaq asıram ki, özümü təzələyim. Təbiət filmlərinə yazılmış musiqini nə qədər dinləsəm, doymuram. Son vaxtlar qərb musiqisini dinləməyə üstünlük verirəm. Mütaliə etdiyim hər hansı bədii əsər məni necə dəyişirsə, mahnı da elə təsir edir. İfaçı faktoru da bu məsələdə, şübhəsiz, rol oynayır. Məsələn, sazda istənilən havanı Ədalət Nəsibovun ifasında dinləməyə üstünlük verirəm. Bayağılıqdan söz gedirsə, bu, çox geniş və ciddi müzakirə tələb edən sosial problemdir. Təəssüf ki, yeni nəslin formalaşmasında bayağı musiqinin təsiri də var. İnsanda musiqi zövqü planlı şəkildə tərbiyə olunmalıdır. Bunu etməkdə çox ləngiyirik. Ailədən, məktəbdən başlayan bu tərbiyə işi həyatın sonrakı pillələrində davam etməlidir. Ancaq bu sahədə hər hansı bir sistemli fəaliyyətin həyata keçirildiyini demək mümkün deyildir. Ona görə də televiziyada və digər təbliğat-təşviqat vasitələri ilə yayımlanan bayağı musiqi gənclərin intellektinə mənfi təsir göstərir. Bayağı, ara mahnısının auditoriyası kifayət qədər genişdir və vəziyyətin bu cür davam etməsi çox təhlükəlidir. Belə gənclik indi və gələcəkdə həm xaricdə, həm daxildə ölkəni, milləti təmsil edə bilməz".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top