"Əllərimin qabarını qadınların yanında gizlədirəm"

Arzu Rəhimova Mingəçevirdə yaşayır. Ailəsi ilə birlikdə 1992-ci ildə Laçından Mingəçevirə köçkün gəlib. Dediyinə görə, öz rayonlarında olarkən dərziliklə məşğul olub. Mingəçevirə gələndən sonra isə dərzilik edib ev dolandırmaq daha da çətinləşib: "Biz Mingəçevirə gələndə digər köçkün soydaşlarımız kimi vəziyyətimiz çox çətin idi. Hazırda indi işlədiyim sexin ustası Ərəstun Məmmədovun yanında divan, kreslo, mebel hazırlamağın incəliklərini öyrəndim. İndi artıq avtomobil çexolları hazırlayıram. Yəni gördüyüm işlər kişi işləridir. Mən bu işləri ehtiyac üzündən öyrəndim. Bir qadın kimi istərdim ki, dırnaqlarım rəngli, saçlarım qaydasında olsun. Amma nə yazıq ki, bu işlər hamısı məndən kənardır. Əllərimin qabarını bəzən qadınların yanında gizlədirəm. Bəzən də deyirlər ki, kişi kimi qadındır. Mən bu sözü qəbul etmirəm. Qadın qadındır, kişi də kişi. Allah ermənilərə lənət eləsin. Əgər elimizdən, obamızdan didərgin düşməsəydik, öz işimizlə məşğul olardıq".

"Çətinliyim divan, kreslo hazırlayanda olur. Nə qədər də olmasa ağır işlərdir, bunları qaldırıb, salmaq bir az çətinlik yaradır. Hazırda əlimdə maşın çexolu tikirəm. Bu işdə də heç bir çətinliyim yoxdur. Mingəçevirdə yeganə qadınam ki, bu sənətlə məşğulam. Hətta sorağım rayonlara kimi gedib çıxıb. Müştərilərimin çoxu Şəkidən, Göyçaydan, Mingəçevir kəndindəndir. Gecə-gündüz çalışıram".

"Bu işlərdən baş açıb gəncliyim hardan gəldi, hara getdi demirsiniz, bəs nə vaxt ailə həyatı quracaqsınız?" sualımıza həmsöhbətimizin cavabı belə oldu: "Düzdür, deyərdim ki, artıq vaxt keçib. Qardaşımın balalarına baxıram. Onları öz balam kimi sevirəm. Vallah, səhər bu sexə gəlirəm, bir də başımı qaldıranda görürəm ki,axşam düşüb. Mənim üçün zaman su kimi axıb getdi. Öz gəncliyimi ailəmin dolanışığına qurban verdim. Onu da deyim ki, insan var ki, kimliyindən asılı olmayaraq, son dərəcə dərin məhəbbətlə sevə bilmək arzusundadır, amma bacarmır. Artıq bu hislərin məndən uzaqlaşdığını bilirəm. Ona görə də bütün sevgimi işimə-gücümə sərf edirəm. Qardaşımın balalarını öz balalarım bilirəm".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top